Jurnalistikadan reket kimi istifadə edənlər cəmiyyətin problemidir Media ekspertlərindən AÇIQLAMA


Digərləri 09 İyl 2021 18:02:00 136 0

Jurnalistikadan reket kimi istifadə edənlər cəmiyyətin problemidir  Media ekspertlərindən AÇIQLAMA

Reket və jurnalistika anlayışları əslində bir-birinə ziddir. Sadəcə olaraq jurnalistikadan reket kimi istifadə edən jurnalistlər var və bunlar da jurnalistikanın deyil, cəmiyyətin problemidir

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır:

"İstənilən qanun pozuntusu, o cümlədən də medianın, redaksiyanın adından sui-istifadə edib pul qopartmaq, kimisə şantaj etmək cinayət əməlidir. Ona görə də bununla xüsusi orqanlar məşğul olmalı və effektiv nəticə əldə edilməlidir. Mətbuat Şurasında da reket jurnalistika ilə mübarizə komissiyası yaradılmışdı. Hesab edirəm ki, bu, effektsiz bir şeydir. Mübarizə ona görə effekt vermir ki, üsullar yanlışdır. Elə nümunələr və metodlar tətbiq olunmalıdır ki, reketlər bu hərəkətlərindən çəkinsinlər. Daha çox məmurlar, vəzifə sahibləri şantaja məruz qalırlar. Onlar da çox vaxt sərt tədbirlər tətbiq olunmasından çəkindikləri üçün adlarının hallanmasını istəmirlər. Hesab edirəm ki, heç nədən qorxmadan, çəkinmədən həmin adamları ifşa etmək lazımdır ki, təkcə jurnalistikanın deyil, hüquq-mühafizə orqanlarının da adına xələl gətirməsinlər".

Ekspert sosial şəbəkələrdə əsassız ittihamlar səsləndirənlər barədə də fikir bildirib. Qeyd edib ki, kimlərisə təhqir etmək mənəviyyat məsələsidir və bununla bağlı da müvafiq tədbirlər görülməlidir: "KİV haqqında qanuna edilən dəyişikliyə əsasən hüquq-mühafizə orqanlarının bu məsələ ilə məşğul olması da müəyyənləşib. Mənə elə gəlir ki, bizim Daxili İşlər Nazirliyi, prokurorluq orqanları, Dövlət Təhlükəsizlik Xidməti kimi qurumlar bu məsələlərlə məşğul olmalıdırlar. Demirəm ki, tənqidi fikir səsləndirənlərin hamısına qarşı total hücum başlasın. Bu, söz azadlığına basqı şəklində ola bilməz. Kimsə tutarlı tənqid edirsə, bu, çox normaldır və bunu qəbul edib, nəticə çıxarmaq lazımdır".

Qulu Məhərrəmli son günlərdə şəhid ailələrindən pul alan bəzi "jurnalistlər"in olması haqda da danışıb. Bildirib ki, bunu etmək mənəviyyatsızlıqdır:

"Şəhid məsələsi bizim cəmiyyətin ən ağrılı yeridir. Mənəviyyatsızlıq o həddə çatmalıdır ki, övladlarının həyatını işıqlandırmaq üçün gedib şəhid ailəsindən pul alasan. Hesab edirəm ki, bu, əvvəlki iki cinayətdən daha böyük cinayətdir. Bu cür adamlar dərhal aşkar olunmalıdır. Onlar bu cəmiyyətin qara yaralarıdır və həmin şəxslərdən təcrid olunmaq çox önəmlidir. Şəhid ailələri də bu məsələdə ayıq olmalıdırlar. Bilməlidirlər ki, heç bir dürüst insan onlardan bu məqsədlər üçün pul istəyə bilməz. Bizim işimiz ona yönəlib ki, şəhid ailələrinə kömək edək. Xəbər saytları, televiziyaların şəhid ailələri ilə bağlı materiallar verdiklərini görürəm. Bu, bir tərəfdən onların borcu, digər tərəfdən vətənə, dövlətə xidmət işidir. Ona görə, həmin ailələri məlumatlandırmaq lazımdır ki, belə məsələlərdə həddən artıq ayıq olsunlar. Heç cür halda bu tip davaranışlara yol vermək olmaz. Çünki o cür addımların atılması hər iki tərəfdən şəhidlərin adının üstünə kölgə salmaqdır. Onlar bizim üçün müqəddəsdirlər. Ona görə onların adı ilə hər hansı qanuna zidd hərəkət pislənməlidir".