Ekoloji terror erməni vandalizminin və barbarlığının tərkib hissəsidir


Siyasət 07 İyl 2021 10:08:00 128 0

Ekoloji terror erməni vandalizminin və barbarlığının tərkib hissəsidir

"Ermənistan uzun illər ərzində həyata keçirdiyi ekoloji terrorla Azərbaycana böyük ziyan vurub".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Almaniyanın "Cronimet Holding" şirkəti Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsində bilavasitə iştirakçı kimi çıxış edir:

"Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirildiyi, ekoloji terrora məruz qaldığı videokadrlardan da görünür. Çay höfzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans doğurub və ictimai narahatlıq yaradıb. Azərbaycanda həm beyin mərkəzinin rəhbərləri bu mövzuda fikir bildiriblər, eyni zamanda dövlət rəsmilərinin açıqlamaları olub və Azərbaycan bu məsələni aktuallaşdırmaqla dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkməkdə maraqlıdır.

Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətin miqyasını genişləndirib. Təəssüflə qeyd edirəm ki, Almaniyanın "Cronimet Holding" şirkəti burada yaxından iştirak edir və bu şitkətin Ermənistanın eks-prezidenti Serj Sarkisyanla əlaqələrinin olduğu ilə bağlı da faktlar var. "Cronimet Holding" şirkəti nəinki qanunsuz olaraq fəaliyyət göstərir, həm də Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsində bilavasitə iştirakçı kimi çıxış edir. Ona görə də beynəlxalq instansiyalara bu müraciətlərin ünvanlanması və ekoloji terrorun fəsadlarının insan səhhətinə vurduğu ziyan müqabilində ölçülməsi geniş miqyas almalıdır və bu hadisənin aktuallaşdırılması gələcəkdə Ermənistanın vura biləcəyi digər fəsadların da qarşısını ala bilər. Ümumilikdə həm Azərbaycan təbiətinə, flora və faunasına, geomüxtəlifliyinə vurulan ziyan Ermənistan tərəfindən həyata keçirilən terror siyasətinin nəticəsidir. Bu, özünü müxtəlif mənalarda və formalarda təzahür edib. Eyni zamanda ekoloji terror da erməni vandalizminin və barbarlığının tərkib hissəsidir.

Almaniyanın da "Cronimet Holding" şirkətinə qarşı fəaliyyət həyata keçirilməlidir və bütün qanunsuz əməllərdə iştirakı olan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda Almaniyanın Azərbaycandakı səfirliyinin də bu məsələ ilə bağlı mövqeyi tam aydın olmalıdır və bu şirkətin Almaniya ilə bağları araşdırılmalıdır. Şirkət əgər qəsdən, bilərəkdən bu cür fəaliyyətlə məşğul olubsa, o zaman Almaniya tərəfi şirkətin fəaliyyətinə xitam verməlidir və onları şəxsən məsuliyyətə cəlb etməlidir. Çünki dağ-mədən sənayesinin tullantılarının Zəngilan rayonu ərazisindən keçən Oxçuçaya axıdılması yüzlərlə, minlərlə insanın həlak olmasına gətirib çıxara bilər. Çünki bu su həm içməli su kimi istifadə oluna bilər, həm də texniki suvarma kimi istifadə edilə bilər. Bu da gələcəkdə kənd təsərrüfatına və əkinə yararlı torpaqlarda yetişdirilən meyvə və tərəvəzlərə də təsir edə bilər. Bunun fəsadlarını biz uzun müddət çəkməli olacağıq. Ona görə də çox sərt şəkildə bu məsələyə müdaxilə olunmalıdır, bu ekoloji terror beynəlxalq miqyasda ictimailəşdirilməlidir. Azərbaycan da bu istiqamətdə əməli-praktiki fəaliyyətlə məşğuldur və düşünürəm ki, rəsmi Bakının diplomatik siyasi müstəvidə bu məsələni aktuallaşdırması tez bir zamanda problemin çözülməsinə gətirib çıxaracaqdır".

Təhməz Əsədov Son.az