Almaniyanın "Cronimet" şirkətindən Oxçuçaydakı ekoloji cinayəti dayandırmağı tələb edilib FOTO


Digərləri 05 İyl 2021 17:50:00 116 0

Almaniyanın "Cronimet" şirkətindən Oxçuçaydakı ekoloji cinayəti dayandırmağı tələb edilib  FOTO

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın "Cronimet" şirkətinə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası, "Bizim səs" Azərbaycan-Norveç təşkilatı, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"-u, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası, Neapol-Bakı Assosiasiyası, Azərbaycan-İtaliya Birliyi, İspaniya Azərbaycanlıları Birliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Niderland Krallığında fəaliyyət göstərən Avropa Azərbaycanlıları Media Qrupu, Avropa Azərbaycanlıları Konqresi və "Beynəlxalq Azərbaycan Xanımları Klubu" bəyanatlarında səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının ilkin təmizləmə işləri aparılmadan istehsalat tullantılarını birbaşa çaya buraxdığına və ekoloji standartlara riayət etmədiyinə diqqət cəlb edilib. Monitorinqlər zamanı Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən Oxçuçayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox yüksək olduğu aşkar edilib. Bu çayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb.

Azərbaycan diaspor təşkilatları "Cronimet" şirkətini ekoloji cinayətə göz yümmamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması və ətraf mühitin qorunması üçün tədbirlər görməyə çağırıblar.