“TRT Deutsch” Ermənistanın ərazilərimizi çirkləndirməsinə dair məqalə dərc edib


Dünya 04 İyl 2021 10:44:00 109 0

“TRT Deutsch” Ermənistanın ərazilərimizi çirkləndirməsinə dair məqalə dərc edib

Almaniyanın "TRT Deutsch" xəbər portalında "Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Ermənistan şirkətlərinin sənaye tullantılarının Oxçuçaya axıdılması nəticəsində ətraf mühitə dəyən ziyan və erməni şirkətlərinin ekoloji faciəyə görə məsuliyyət daşıdığı qeyd olunub. Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu mövzuda fikirlərinə geniş yer verilib və bildirilib ki, kənd təsərrüfatı sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyan Araz çayının bir qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi fəlakət həddinə çatıb. Nazir qeyd edib ki, hazırda həmin ərazidəki vəziyyəti ekoloji fəlakət kimi dəyərləndirmək lazımdır və Oxçuçayın Araz çayına tökülməsini nəzərə alaraq, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün böyük problemə çevrilib: "Ermənistan hökuməti anlamalıdır ki, o, yaxasını məsuliyyətdən kənara çəkə bilməz".

Məqalədə bildirilir ki, regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən "Cronimet" şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra "Chaarat Kapan CJSC" adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.

Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.

Daha sonra qeyd edilir ki, Oxçuçayın çirkləndirilməsi ötən illərdə Ermənistanda da əks-səda doğurub, lakin bununla bağlı xüsusi tədbir görülməyib.

Məqalənin sonunda Ermənistanla Almaniyanın "Cronimet" şirkətlər qrupu arasında sıx əlaqələrə də toxunulur. Qeyd edilir ki, şirkətin təsisçi və icraçı direktoru Qünter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır.

Eyni zamanda, qeyd edilir ki, 2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.