10 manat ver SOYADINI dəyişdir “Ov”, “yev”ləri ləğv etmək üçün SƏNƏDLƏR


Digərləri 03 İyl 2021 09:42:00 160 0

10 manat ver SOYADINI dəyişdir  “Ov”, “yev”ləri ləğv etmək üçün SƏNƏDLƏR

Azərbaycanda hələ də "ov" və "yev" soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər. 

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür. Qeyd edək ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında "soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət" xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.   Ərizəyə qeyd olunan sənədlər əlavə olunur: 1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti; 2. istifadəçinin 3x4 ölçüdə elektron formatda fotoşəkli; 3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti. "Dövlət rüsumu haqqında" qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.