MEDİAnın bu addımı yalnız təqdir olunmalıdır


Siyasət 01 İyl 2021 22:46:00 147 0

MEDİAnın bu addımı yalnız təqdir olunmalıdır

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn informasiya subyektləri arasında keçirilən müsabiqənin qaliblərinin müəyyən edilməsindən sonra ilk növbədə həmin veb-saytların, elektron informasiya resurslarının həm iqtisadi imkanları, həm də rəqabətə davamlılığı kifayət qədər artacaq. MEDİA-nın bu addımı yalnız təqdir olunmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri "SƏS" Media Qrupunun baş direktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, bu yenilik, yaxud təşəbbüs ilk addımdır və söz yox ki, qarşıdakı zamanlarda müsabiqənin daha da təkmilləşdirilməsi prosedurları həyata keçiriləcək: "Hesab edirəm ki, istənilən sahə üzrə atılan ilk addımlarda həm uğurlar, həm də müəyyən nöqsanlar olur və nöqsanlara görə yaranan narazılıqlar təkmilləşdirilmə yolu ilə aradan qaldırılır. Bu baxımdan, onu da qeyd etmək istərdim ki, MEDİA Agentliyinin reallaşdırdığı müsabiqələr gələcəkdə istər veb-saytlar arasında, istərsə də çap mediasında rəqabət meyllərini daha da artıracaq. İctimai rəydə, oxucuda daha çox rəğbət qazana bilən resurslar Agentlik tərəfindən müsabiqənin qalibləri elan ediləcək. Bu gün də məhz həmin prinsiplər əsas olaraq götürülüb. Xəbərin dolğunluğu, aktuallığı və operativliyi kimi meyarlar bu kimi seçimlərdə önəm daşımaqdadır. Ona görə də düşünürəm ki, həmkarımız olan hər hansı bir elektron media resursu qalib seçilmirsə, onlar bundan təəssüflənməsinlər. Əksinə, öz fəaliyyətləində nöqsanlarını axtarmalı, hansı boşluqlara yol verdiklərini araşdırmalı, növbəti müsabiqədə qalib olmaq üçün media məkanına öz yeniliklərini gətirməlidirlər".

Bəhruz Quliyev əlavə edib ki, bu gün müsabiqədə qalib gəlmiş hansısa informasiya agentliyi, o cümlədən çap mediası növbəti müsabiqəyə qədər tələb olunan nəticəni əldə edə bilməzsə növbəti müsabiqədən kənarda qala, yaxud bu gün müsabiqədən kənarda qalan informasiya resursu isə həmin müsabiqənin qalibi elan edilə bilər.

"Ona görə də düşünürəm ki, müsabiqədə qalib gələ bilməyən media qurumları bundan heç də üzülməsinlər, əksinə, rəqabətli fəaliyyət mühitində özlərini əsasən oxucuları qarşısına təsdiq etsinlər", - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu, eyni zamanda, mətbuatımızın inkişafı baxımından təqdirəlayiq addım olar. Və bu həm də qeyri-dəqiq, yoxlanılmamış informasiyaların mətbuat resurslarında dərc olunmasının aradan qaldırılmasına, "qara piar"-ların, xüsusilə də plagiat yazıların sıradan çıxmasına şərait yaradacaq: "Bilirsiniz, bütün bunlar bir-birinə bağlı olan məsələlərdir və nəticə etibarı ilə real jurnalistikanın inkişafına da öz təsirini göstərir. Məncə, müsabiqədə qalib olmayan həmkarlarımız üzülməməli və fəaliyyətlərini dolğunlaşdıraraq gələcək müsabiqələrdə qalib olmaları üçün maksimum səy göstərib uğurlu fəaliyyətlərini ortaya qoymalıdırlar. Bu baxımdan, bütün media həmkarlarımıza uğurlar arzu edirəm".

"MEDİA-nın həyata keçirdiyi yeni layihəsinə isə uğurlar arzulayıram. Atılan hər ilk addım, verilən hər ilk qərar uğurlu gələcəyə doğru istiqamət götürür və daha geniş standartlara əsaslanaraq təkmilləşir. Əlbəttə, biz də bütün bunları nəzərə alaraq müasir media sahəsinə daha yeni nəfəs vermək üçün fəaliyyətimizi artıracağıq", deyə, SƏS Media Qrupun baş direktoru qeyd edib.