Ermənilərin gözü Türkiyədə


Siyasət 30 İyn 2021 13:45:00 141 0

Ermənilərin gözü Türkiyədə

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla Antalyada görüşəcək. Bu görüş həm Azərbaycan, həm də parlament seçkilərindən yeni çıxmış Ermənistan hərbi-siyasi rəhbərliyi üçün yeni geosiyasi reallıq çərçivəsində gələcək proseslərin axarını müəyyənləşdirmək baxımından mühüm hadisə ola bilər. Heç şübhəsiz ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda iki ölkənin XİN rəhbərlərinin də görüşündə danışıqların əsas prioritetləri kimi "Sputnik V" peyvəndinin birgə istehsalı və regional məsələlərini müzakirəsi ön planda olacaq.

Antalyadakı görüş zamanı ikitərəfli və müxtəlif mövzulara, beynəlxalq gündəmə baxılması planlaşdırılır. Çavuşoğlunun Lavrovla Cənubi Qafqazdakı vəziyyəti, Orta Şərq, Şimali Afrika və Əfqanıstandakı vəziyyəti, Ukrayna, Orta Asiya, Şərqi Aralıq dənizi və Qara dəniz bölgələrindəki vəziyyəti müzakirə edəcəyi heç kəsə sirr deyil.

Amma əsas müzakirə mövzularından birinin də məhz 44 günlük II Qarabağ savaşının regionda yaratdığı yeni reallıq, üçtərəfli bəyanatların icrası istiqamətində görülən işlər və Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya birgə monitorinq Mərkəzinin fəaliyyətini əhatə edəcəyi gözləniləndir. Bu konteksdə Antalya görüşü zamanı son zamanlar Qarabağ ətrafında cərəyan edən bir çox proseslərin dövlətlər səviyyəsində dəqiqləşdirilməsi, rus sülhməramlılarının nəzarəti altında Qarabağda yaşayan ermənilərə Rusiya vəsiqələrinin verilməsi məsələsinin gündəmə çevrilməsi, Azərbaycan-Ermənistan sərhəddinə Rusiya sərhədçilərinin yerləşdirilməsi barədə deyilənlərə, Zəngəzurda ikinci Rusiya hərbi bazasının yaradılması istəkləri (Azadlıq radiosu Moskvanın Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı danışıqlara başladıqlarını bildirmiş, bu məqsədlə Müdafiə Nazirliyinin, XİN-in, Ərazi idarəetmə və İnfrastruktur nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya Birləşmiş Qrupunun, həmçinin Kadastr komitəsinin yüksək vəzifəli nümayəndələrindən ibarət erməni nümayəndə heyətinin Rusiya paytaxtına yola düşdüyünü yazmışdı) və eyni şəkildə Şuşa Bəyannaməsinin dərhal ardınca "Türkiyə Azərbaycanda hərbi baza yaradır" söz-söhbətlərinə nöqtə qoymaq baxımından da hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. 

Xüsusilə NATO-nu Zirvə görüşündə ABŞ prezidenti Co Bayden ilə Rəcəb Tayyib Ərdoğan arasındakı xoş təssüratlarla bitən görüşdən narahat qalan Rusiya üçün bu görüş daha böyük əhəmiyyət daşıyır. Rusiya NATO üzvü olan və regionda əsas müttəfiqi Türkiyənin Amerika ilə yaxınlaşmasından heç şübhəsiz ki, narahatdır. Təbii ki, Zirvə görüşündən sonra Putin Ərdoğana telefonla zəng edərək Ankaranın qarşıdakı mərhələdə tutacağı mövqe barədə fikirlərini öyrənib. Lakin Lavrovun Türkiyə səfəri və birbaşa təmaslar rəsmi Moskvanın günlərdir daşıdığı narahatlığa su səpmək baxımından onlar üçün daha önəmlidir. Bu iddiaları artıracaq məsələ kimi Mövlud Çavuşoğlunun ABŞ-la son dialoqların nəticəsi olaraq etdiyi "ABŞ-ın yalnız Liviya və Suriya məsələlərində deyil, o cümlədən Aralıq dənizi və Qara dənizdən Qafqaza qədər bir çox sahədə bizimlə əməkdaşlıq etmək istədiyini görürük" açıqlaması çox güman ki, Rusiyanın Türkiyə ilə ortaq fəaliyyət göstərdikləri bir çox bölgələrdəki, qaynar nöqtələrdəki fəaliyyətlərinə çəki-düzəm vermək baxımından ciddi təsir yaradacaq, eyni zamanda Qarabağdakı proseslərə də.

44 günlük müharibədən sonra Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdiyini prezident və XİN rəhbəri səviyyəsində etiraf edən Rusiya Ankaranın Vaşinqtonla yaxınlaşmasını önləmək, Türkiyəni itirməmək üçün təkliflərinə yox deməyəcəyi gözlənilir. Şuşa Bəyannaməsinin tərkib hissəsi olaraq Türkiyənin Azərbaycanla əsas planlarının bir hissəsi şübhəsiz ki, Qarabağ və rus sülhməramlılarının nəzarəti altında yaşayan ermənilərin vətəndaşlığı və azərbaycanlıların öz dədə-baba torpaqları olan həmin ərazilərə köçürürlməsinin təmin edilməsi məsələsidir. Rusiya XİN rəhbərinin Antalya səfəri öncəsi - iyunun 28-də Moskvada BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşü, bu məsələnin həllinin vaxtının yetişdiyini göstərir. Lavrov bu görüş zamanı Qrandi ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq qaçqınların və məcburi köçkünlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsini geniş müzakirə ediblər. Belə nəticə çıxır ki, bugünkü görüş Türkiyə-Rusiya münasibətlərinin gələcəyini təyin etmək baxımından nə qədər əhəmiyyətlidirsə, Cənubi Qafqazın gələcəyi, təhlükəsizlik məsələləri baxımından da o qədər vacibdir. 

Təhməz Əsədov Son.az