"Vətən müharibəsində qələbənin arxasında uzun illərin gərgin əməyi dayanırdı"


Siyasət 30 İyn 2021 12:56:00 143 0

"Vətən müharibəsində qələbənin arxasında uzun illərin gərgin əməyi dayanırdı"

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, müharibədə qələbənin əldə olunmasında həm siyasi, həm də iqtisadi müstəqillik ən önəmli faktorlardandır:

"Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəqilliyini tam təmin etməyi bacardı. Azərbaycanın iqtisadi müstəqilliyi və inkişafı ordu quruculuğu sahəsində genişmiqyaslı işlər həyata keçirməyə və qüdrətli ordu qurmağa imkan verdi, ordumuz müsair silahlarla təmin edildi, şəxsi heyətin peşəkarlığı yüksək səviyyəyə qaldırıldı və ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.

Bununla yanaşı ölkəmizdə müdafiə sənayesinin yaradılması və yüksək keyfiyyətli hərbi məhsulların istehsal edilməsi ordumuzun zəruri silah-sursatla fasiləsiz təmin edilməsinə imkan verdi. Həmçinin ölkəmizdə düzgün təbliğatın aparılması, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi qələbəmizdə mühüm rol oynadı".

A.Həsənova əlavə edib ki, Azərbaycan uzun illər ərzində beynəlxalq müstəvidə də düzgün siyasət apardı:

"Azərbaycan həm ayrı-ayrı ölkərlə iki tərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyəli əməkdaşlıq qurdu, ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə düzgün təbliğ etdi. Uzun illər ərzində görülən bütün bu işlər Vətən müharibəsində öz müsbət nəticəsini verdi.

Güclü ordu, güclü iqtisadiyyat, döyüşə getmək üçün növbəyə düzülən vətənpərvər gənclər, öz Prezidenti ətrafında sıx birləşmiş xalq, beynəlxalq dəstək Vətən müharibəsində qələbəmizi təmin etdi, 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi".