Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt köçürüləcək?


Digərləri 30 İyn 2021 12:44:00 127 0

Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt köçürüləcək?

Suraxanı rayonu Zığ qəsəbəsində 60-a yaxın ailənin evi aktiv sürüşmə zonasında yerləşdiyinə görə qəzalı vəziyyətə düşüb. Fərdi evlərdə yaşamaq demək olar ki, mümkünsüz hala gəlib. Sakinlər həmin ərazidən qısa zamanda köçürülmələrini istəyirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zığ qəsəbəsi, xanlar küçəsində sakinlər qorxu içində yaşayırlar.Onların evləri aktiv sürüşmə zonasında yerləşdiyinə görə təhlükə ilə üz-üzə qalıblar.

Sakinlər deyir ki, köçürülmə ilə bağlı müvafiq qurum tərəfindən akt  tərtib olunsa da, yekun qərarın verilməsi gecikir.

Ərazidəki vəziyyətlə tanış olduqdan sonra sakinlərlə birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinə yollandıq. İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin baş məsləhətçisi Ramin Salmanlı Xəzər Xəbərə bildirdi ki, qəzalı evlərdə yaşayan 115 ailə artıq həmin ərazidən köçürülüb. Onun sözlərinə görə digər evlərlə bağlı araşdırmalar davam etdirilir. Yeni siyahı bu həftə ərzində Nazirlər Kabinetinə göndəriləcək.

İcra Hakimiyyətindən "XəzərXəbər"ə bildirildi ki, köçürülmə ilə bağlı aktı olmayan digər sakinlər bu sənədi müvafiq qurumdan aldıqdan sonra onların da adları siyahıya əlavə olunacaq.