Yasamalda təhlükəli binalar


Digərləri 29 İyn 2021 18:42:00 153 0

Yasamalda təhlükəli binalar

Əlaqədar qurumlar məsələyə münasibət bildirdi

Son.az Real TV-ə istinadən bildirir ki, Yasamal rayonu Zivər bəy Əhmədbəyov 12 və Əli bəy Hüseynzadə 64 ünvanında yerləşən binalar bu ərazidən keçən hər kəs üçün real təhlükə hesab oluna bilər. Belə ki, binaların fasadı üzlənmiş aqlay daşlar zaman-zaman qoparaq yerə düşür. O yerə ki oradan gündə yüzlərlə, minlərlə insan keçir. Doğrudur, hələ faciə yaşanmayıb. Bəli, hələ. Çünki bu səbəbdən faciənin olmayacağına bu gün heç kim zəmanət verə bilməz.

Yağışlı və küləkli günlərdə bina sakinlərinin qorxusu birə min artır. Belə ki bu günlərdə daşların qopma ehtimalı yüksəlir. Sakinlər qopmaq üzrə olan daşlar gördükdə tez əlaqədar qurumlara məlumat verir, bina nəzarətçisi şəxsən alpinistlər qrupunu dəvət edir. Onlar təbiətdən öncə daşları təhlükəsiz formada binadan qoparırlar.

Bina nəzarətçisi Ələddin Əliyev deyir ki, binaların üzləşməsi 2008-ci ildə baş tutub. Hətta bizə həmin inşaat işi ilə bərabər müqavilənin nüsxəsini də təqdim etdi. Müqavilə ilə tanış olarkən diqqətimizi çəkən bir məqam oldu. Üzlük daşlar vuran şirkət gördüyü işə 50 il müddətinə zəmanət verir, bu müddət ərzində baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyəti üzərinə götürür. Baxmayaraq ki, indi müqavilədə adı olan o şirkəti tapmaq müşkül məsələyə çevrilib.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə bildirdilər ki, Xüsusi Riskli Xilasetmə Xİdmətinin əməkdaşları tez-tez əraziyə cəlb olunur və ehtiyac olduğu halda qopmaq üzrə olan daşları zərərsizləşdirirlər. Nazirlik bundan başqa heç nəyə məsul deyil. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən də təxminən oxşar cavab aldıq.   Belə başa düşdük ki, bu məsələdə rəsmi qurumların işi sadəcə qopmaq üzrə olan daşları vaxtında aşkarlamaqdan ibarətdir. Biz də öz növbəmizdə yolu həmin ərazidən keçənlərdən daha diqqətli olmağı xahiş edirik.