Ermənistan və Almaniya şirkəti Oxçuçayı təhlükəli həddə çirkləndirir Nazirlik beynəlxalq təşkilatlara müraciət etdi VİDEO FOTO


Digərləri 29 İyn 2021 17:59:00 193 0

Ermənistan və Almaniya şirkəti Oxçuçayı təhlükəli həddə çirkləndirir  Nazirlik beynəlxalq təşkilatlara müraciət etdi  VİDEO  FOTO

Ermənistan və Almaniyanın "Kronimet Holding" şirkətinin əsas səhmdarı olduğu Qacaran mədənini işlədən "Zəngəzur Mis Molibden Zavodu" ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradaraq Oxçuçayı təhlükəli həddə çirkləndirir.

Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür.

Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40% -i yaz dövründə, 43% -i yayda, 10% -i payızda, 7% -i qış mövsümündə formalaşır.

Oxçuçayın transsərhəd çirklənməsi

Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır.

Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ - mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

Heç kəsə sirr deyil ki, çay suyunun ağır metal və duzlarla çirklənməyə məruz qalması, mədən və emal müəssisələrinin fəaliyyəti nəticəsində formalaşan və birbaşa çay hövzəsinə axıdılan tullantı suları hesabına baş verir. Ermənistanın ən böyük mədən müəssisələrindən birinin Sünik vilayətində, Oxçuçay çayının mənbəyində (Ermənistanda Voqji çayı adlanır) yerləşməsi onun bu mənbələr hesabına çirklənmə faktını təsdiq etməyə əsas verir. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı zavodu tərəfindən normadan dəfələrlə artıq ağır metalların çaya atılması yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə - mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol aça bilir.

Oxçuçayda 2020-2021-ci illərdə aparılan monitorinqlərin nəticələri (su nümunələrinin laborator analizi və vizual müşahidələr):

İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindən axan yerli çaylarda ekoloqlar tərəfindən monitorinqlər aparılıb. Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.

Aparılan monitorinqlər nəticəsində çay suyunda müxtəlif vaxtlarda - bolsulu və az sulu dövrlərdə ümumilikdə ağır metallar ilin bütün fəsillərində normadan dəfələrlə artıq olub:

- 09.01.2021 tarixində: nikel normaldan 7,1 dəfə çox olub.

- 28.01.2021 tarixində: manqan 3,6 dəfə, dəmir 4,6 dəfə, nikel 5,7 dəfə, kadmiyum 3,5 dəfə, ammonium 1,6 dəfə, qurğuşun 1,3 dəfə, sink 1,2 dəfə, molibden normadan 2,5 dəfə çox olub.

- 05.02.2021 tarixində: manqan 2 dəfə, dəmir 3,5 dəfə, nikel 3,6 dəfə, molibden normadan 1,7 dəfə çox olub.

- 09.02.2021 tarixində: dəmir normadan 1,8 dəfə, molibden 1,4 dəfə, manqan 1,9 dəfə çox olub.

- 26.02.2021 tarixində: manqan 3.2 dəfə, dəmir 5.2 dəfə, nikel 1.4 dəfə, molibden normadan 1.3 dəfə çox olub.

- 04.03.2021 tarixində: dəmir 2,8 dəfə, manqan normadan 3,6 dəfə çox olub.

- 10.05.2021 tarixində: dəmir 1,8 dəfə, kadmiyum normadan 1,4 dəfə çox olub.

- 21.05.2021 tarixində: dəmir normadan 2 dəfə çox olub.