Adınıza daşınmaz əmlakın olubolmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz


Digərləri 28 İyn 2021 20:20:00 126 0

Adınıza daşınmaz əmlakın olubolmaması barədə arayışı heç yerə getmədən ala bilərsiniz

Sənədi yeni xidmət vasitəsilə 1-3 iş günü ərzində elektron formada almaq mümkündür

Vətəndaşlar sosial yardımların əldə olunması ilə bağlı müraciət etdikdə, mənzil növbəsinə götürüldükdə, xarici səfərlər zamanı viza aldıqda və sair hallarda müvafiq qurumlar onların adına daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayışın təqdim edilməsini istəyir. Artıq müvafiq məsələlərlə bağlı qurumlara müraciət edən şəxs həmin arayışı elektron qaydada əldə edə bilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov Son.az-a deyib.

"Əvvəllər həmin arayışın alınması üçün müraciət edən şəxs ərazi idarələrinə getməli olurdu. İndi bu arayışı xidmətin ərazi idarələrinə getmədən, elektron qaydada əldə etmək mümkündür. Statistikaya görə, bu ilin yanvar-may ayları ərzində 70 min 441 bu cür arayış əldə olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 min çoxdur. Bu xidmətin elektronlaşması həmin arayışın alınması üçün müraciət edənlərin sayının artmasından, o cümlədən innovativ üsullardan istifadə etməklə xidmətlərin göstərilməsi tələbindən irəli gəlir", - deyə o bildirib.

E.Məmmədov qeyd edib ki, ümumilikdə, daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi Dövlət Xidmətinin prioritetlərindəndir və yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, prosedurun sadələşdirilməsinə, vaxt itkisinin aradan qaldırılmasına yönəlib: "Hazırda əsas hədəf daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin maksimum sadələşdirilməsi, xidmətlərə olan əlçatanlığın daha da artırılmasıdır".

Müqayisə üçün bildirək ki, əvvəllər bu arayış 10-20 iş günü ərzində verilirdisə, hazırda yeni xidmət vasitəsilə 1-3 iş günü ərzində elektron kabinetdə yerləşdirilir.