Azərbaycan Ordusunun tarixində İLK


Digərləri 26 İyn 2021 09:28:00 172 0

Azərbaycan Ordusunun tarixində İLK

"Azərbaycanın torpaqları işğal olunmuşdu və gec-tez o torpaqlar işğalçılardan azad edilməli idi".

Bunu Son.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan Ordusu tam şəkildə müasirləşib və ən müasir silahlarla silahlanmaqda da davam edəcək:

"Vətən müharibəsindəki qələbəmizin əsas amillərindən biri Azərbaycan xalqının iradəsi, birliyi oldu. Xalq bir yumruq kimi birləşməyi bacardı. Nəticədə o yumruq Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Dəmir yumruq oldu. Qələbəmizi şərtləndirən digər əsas amil isə Azərbaycan Silahlıq Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev amili oldu. Ona görə ki, o, Prezidentlik dövründə Heydər Əliyevdən təhvil aldığı sükanı uğurla idarə edərək, onun Ordu quruculuğunda qoyduğu prinsipləri inkişaf etdirməklə məhz Ordunu müasir ordular sırasında yer almasına nail oldu. Yəni, Azərbaycan Ordusu ən müasir silah, sursat və hərbi avadanlıqla təmin olundu. Təbii ki, Prezidentin bu səyi nəticəsində Azərbaycan Ordusu tam şəkildə müasirləşdi. Və biz nəyinki silah-sursatla, müasir silahları idarə edən intellektual bacarığı yüksək olan kadr potensialına da sahib olduq. Ordumuz Ali Baş Komandanın işi nəticəsində proffesional ordu olmaq istiqamətində inkişaf etməyə başladı. Yəni, müharibəyə qədər 70%-dən yuxarı döyüş qabiliyyətini müəyyənləşdirən bütün ixtisaslar müqavilə əsasında müddətdən artıq xidmət edən peşəkar heyyətlə təmin olundu və onlar artı 1 il, ilyarım xidmət edən hərbi qulluqçular deyildilər. Onların bəziləri 5, 10, hətta 15 il bu sahədə peşəkarlığını daim təkmilləşdirən peşəkar heyyət idi. 

Prezident tərəfindən Azərbaycan Ordusuna yaranmış imkan, - yəni, Azərbaycan Ordusu bu qələbəni yaxınlaşdırmaq üçün daim çöl poliqonlarda öz döyüş təcrübəsini, bacarığını, qüdrətini, hazırlığını daim yüksəltmək imkanı qazandı. Bizim Ordu hər il 10, 15, 20 hətta 25 min şəxsi heyyətin iştirakı ilə irimiqyaslı təlimlər keçirir. İrimiqyaslı təlimlər digər məsələlərlə bərabər Azərbaycanda sərkərdə heyyətinin formalaşmasında çox vacib yer tutdu. Çünki o boyda heyyəti idarə etmək, Ordunun bütün növlərinin birgə rabitəli fəaliyyəti üçün sərkərdə qabiliyyətinə malik olan komandir heyyəti olmalı idi. Azərbaycan ordusunu təkcə döyüş hazırlığı və silah-sursatla yox, hərbi hissələr, ən müasir tipli hərbi şəhərciklərlə təmin etməyə başladılar. Onunla paralel olaraq Azərbaycan Ordusunda xidmət edən heyyətin sosial məsələləri də diqqət mərkəzində idi. Elə ötən gün işğaldan azad olunmuş ərazilərdə xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarını artırılması dövlət başçısının hərbiçilərə verdiyi dəyərin növbəti təzahürüdür. Daim Preizdentin qayğısı altında olaraq biz hər il demək olar ki, 1500 və ondan artıq mənzillərin məhz hərbiçilərə verilməsinin şahidi oluruq. 

Biz indiyə kimi hər il bu tarixdə Silahlı Qüvvələr Gününü (26 iyun) qeyd edirdik, amma biz hər zaman daxildə bir gərginlik keçirirdik ki, Azərbaycanın işğal edilən ərazilərini azad etmək məhz bizim işimiz idi. Və biz həmişə əmr gözləyirdik. Çünki əmin idik ki, biz o əmrin öhdəsindən gələcəyik. Prezident İlham Əliyevin də bu əminliyi məhz Aprel hadisələrindən sonra dediyi "Əgər Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir" ifadəsindən aydın hiss edilirdi. Bununla da məsələnin həlli istiqamətində Prezident artıq diplomatik müstəvidə savaşa başladı. Onun əsas hədəfi də Azərbaycanla Ermənistanı savaş meydanında təkbətək qlamalarına şərait yaradılması və xaricdən üçüncü, dördüncü qüvvələrin təsiri riskini minimuma endirməsi idi. Ali Baş Komandan müdrik siyasəti ilə bu hədəfə də nail oldu. Və doğrudan da 44 günlük müharibədə biz başqa qüvvələr tərəfindən bizə birbaşa təzyiqi, təsiri görmədik. 

II Qarabağ müharibəsi zamanı bütün bunlarla yanaşı biz Azərbaycan Ordusunun qəhrəmanlığına, peşəkarlığına, silahlarının gücünə şahidlik etdik. Azərbaycan Ordusu XXI əsrin ən müasir tələblərə cavab verən müharibəsini apardı və bu gün həmin o müharibənin təhlili iri dövlətlərin hərbi akademiyalarında təhlil edilir, təcrübə kimi öyrənilir. 

Müharibə vaxtı Ali Baş Komandanın sərkərdə qabiliyyətini də gördük. Biz onu hər tərəfdən tanıyırdıq, ancaq müharibədə idarəçiliyi öz əlinə alaraq sərkərdə kimi döyüşləri məhz birbaşa öz qərarı ilə istiqamətləndirərək düşməni qısa bir zamanda nəyinki darmadağın etməyə nail oldu, hətta Ağdam, Kəlbəcər, Laçın kimi relyefi çox çətin olan əraziləri heç bir atəşsiz və itkisiz azad etməyi bacardı. Ali Baş Komandanın həm sərkərdə məharəti ilə, həm də müdrik siyasətçi kimi düşməni məcbur etdi kapitulyasiya aktına qol çəksin. Bununla da minlərlə, bəlkə də on minlərlə gəncimizin həyatını xilas etdi. 

Bu qələbədə hər bir azərbaycanlı əlindən gələn nə lazım idisə etdi. Hamımız bir amala xidmət etdik - Qələbə amalına. Bu gün Azərbaycan ordusu yaranmasının 103-cü ildönümünü tam başqa abu-hava ilə keçirir. Artıq Qalib Ordu kimi bu tarixi qeyd edəcəyik. Bu müharibədən sonra biz artıq qarşıda qoyulan tarixi tapşırığı yerinə yetirən bir Ordu kimi 103-cü ildönümünü qarşılayırıq. Bundan sonra Azərbaycan ordusunu daha da böyük inkişaf gözləyir. Azərbaycan bundan sonra da ən müasir silahlarla silahlanmaqda davam edəcək".   

Təhməz Əsədov Son.az