Artıq hər kəs bilir


Siyasət 24 İyn 2021 16:35:00 144 0

Artıq hər kəs bilir

"Biz müharibəni əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq" deyən Prezident İlham Əliyev hər bir hərbçinin fəaliyyətini yüksək dəyərləndirir, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, hərbi qulluqçulara diqqət və qayğı ölkə başçımızın siyasətinin əsas istiqamətlərindən birini təşkil edir".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, ərazi bütövlüyümüz təmin olunub, təhlükəsiz bir ölkədə yaşayırıq:

"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bir qrup hərbi qulluqçunu "Suqovuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Şuşanın, Qubadlının, Cəbrayılın, Xocavəndin, Zəngilanın, Füzulinin azad olunmasına görə" medalı ilə təltif etdi. Bu sərəncamların hər biri cəmiyyət tərəfindən də olduqca müsbət qarşılandı. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş mərd Azərbaycan oğullarının adlarının əbədiləşdirilməsi üçün hərbçilərə o rayonların adlarını daşıyan medallar verilir. Göstərdikləri igidliyə görə hərbçilərimiz Azərbaycanın ən ali hərbi ordeni hesab edilən "Vətən Müharibəsi Ordeni" ilə təltif olundular. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib və indi də bu iş davam etdirilməkdədir. Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Birinci Qarabağ müharibəsinin də təcrübəsi göstərir ki, bu məsələ dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Birinci Qarabağ müharibəsində əlini, qolunu itirmiş şəxslər üçün məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın özfəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.

Azərbaycan kimi mürəkkəb bir coğrafi şəraitdə yerləşən ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorumaq işini öz üzərinə götürən və vəzifələrinin öhdəsindən olduqca yüksək səviyyədə, şərəflə gələn Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər zaman Vətənin keşiyində möhkəm dayanır. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, o, ərazi bütövlüyü təmin olunmuş, təhlükəsiz bir ölkədə yaşayır". 

Təhməz Əsədov Son.az