Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu


Digərləri 23 İyn 2021 16:58:00 184 0

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

Universitetin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova Son.az-a açıqlamasında bildirib ki, Təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb. Nazirin əmriilə, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir. Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. Həmçinin AzTU-nun uzun illər Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən İsa Xəlilova uğurlu fəaliyyəti üçün təşəkkürlərini bildirib.

AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.