“11 film istehsal olunacaq, "Fulya" onlardan yalnız biridir” Rejissor


Digərləri 21 İyn 2021 18:54:00 161 0

“11 film istehsal olunacaq, "Fulya" onlardan yalnız biridir”  Rejissor

Son.az musavat-a istinadən işıq üzü görmədən polemika yaradan filmin müəllifi T.Tahiroviçlə müsahibəni təqdim edir.   - Tahir bəy, filmlə bağlı media cameyəsində ciddi müzakirə getdi. Xüsusən də adı ilə bağlı. Filmin müəllifi sizsiz. Niyə "Fulya"? Çoxları adla bağlı irad səsləndirir....   - Bu, artıq ssenaristin, yazıçının öz işidir ki, kitabına, ekran işinə hansı adı versin. Mənə elə gəlir ki, bunu müzakirə obyektinə çevirmək bir az gülüncdür. Mən Fulya Öztürk haqqında film çəkirəmsə, adını başqa nə qoya bilərəm ki? Konkret olaraq, bu ad mənim, kreativ rejissorun ideyasıdır. Amma bu, şərti addır. Layihənin adı Fulyadır. Film istehsal olunub bitəndən sonra onun adı nə olacaqsa, bu, indiki zamanın söhbəti deyil.   - Müzakirələrdə daha çox azərbaycanlı jurnalistlərin də müharibə zamanı ciddi fədakarlıq göstərməsi və əslində filmdə onların da roluna qiymət verilməli olduğu qeyd edilir. Siz necə düşünürsüz? Müharibədə fəal olmuş yerli jurnalistlərə də filmdə yer ayrıla bilərdimi?   - Fulya Öztürk haqda film ikinci Qarabağ savaşında fəaliyyət göstərən xarici jurnalistlərə ithaf olunacaq. Sadəcə, simvol olaraq, Fulya Öztürk nəzərdə tutulub. Nəyə görə Fulya? Çünki onun xanım olması, yerli əhalinin ona münasibəti... Mən özüm şahid olmuşam. Şahid olmuşam ki, insanlar onu necə sevirlər. Təbii ki, onun çılğın olması, hiperaktivliyi, çox mehribancasına insanlara ünsiyyəti də çox önəmli faktor idi. Burda söhbət təkcə "bomba düşdü, Fulya ordadır", "raket düşdü, Fulya ordadır" məsələsi deyil. Bu, müzakirə məsələsi olaraq ortalığa qoyulmamlıdır. İnsanlarla münasibət. ünsiyyət məsələsi də var. Hərbi jurnalist təkcə "göydən bomba gəldi, raket gəldi, mən də onu çəkib verdim" anlamına gəlməməlidir. İnsanlarla ünsiyyət daha vacibdir orda. Mən Tərtərdə, Bərdədə, Gəncədə olanda insanların onu necə sevdiyini gördüm. Bu sevgini insanların əlindən necə ala bilərik ki? Onlara necə deyə bilərik ki, Fulyanı sevmə, başqa bir jurnalisti sev? Bu, absurd məsələdir. Təbii ki, filmdə Çingiz Mustafayev, Salatın Əsgərova da yad olunacaq. Boşboğazların oturub status yazması o mənada adama təsir edir. Bir oturub filmin bitməsini gözləyin, izləyin, sonra danışın. Yəni, jurnalistlər əmin olsunlar ki, nəinki ikinci Qarabağ savaşında, birinci Qarabağ savaşında da fədakarlıq edən jurnalistlərin adları bu filmdə qeyd olunacaq.   - Film tamamən Fulyanın personası üzərində qurulub, ya sadəcə bir element kimi ondan bəhs edilir?   - Fulyanın şəxsi həyatını çəkmirik. Harda anadan olub, necə uşaqlıq keçirib, kimi sevib... bunlar deyil bizim mövzumuz. Biz Fulyanın 44 günlük savaşda fəaliyyəti və onun ətrafında olan xarici jurnalistləri də yaddan çıxarmır və onların hamısına bu filmi ithaf edirik. Bilirsiz bu, nəyə oxşayır? 2009-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyinin 90 illiyinə ithaf edilən bir film çəkmişdik. Xarici İşlər Nazirliyindən yox, Ramiz Abutalıbovdan çəkmişdim. Azərbaycanın bir nömrəli diplomatlarından biridir və filmin əvvəlində də yazmışdım ki, bu film Azərbaycan Xarici İşlər Nazirliyinin yaranmasının 90 illiyinə həsr olunur. Yəni, biz XİN-in 90 illiyindən film çəkiriksə, bu, o demək deyil ki, film tamamən nazirliyə həsr olunacaq. Bizim gözəl diplomatlarımız, səfirlərimiz, konsullarımız var. Filmi 44 günlük savaşda fədakarlıq edən jurnalistlərə ithaf edirik. Amma personaj olaraq Fulyanı seçmişik.   - Statusunuzda filmlə bağlı detalları qeyd etmisiz. Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə qalib olduğunu yazmısız. Digər detallar barədə də məlumat verə bilərsizmi?   - Mədəniyyət Nazirliyinin 44 günlük Vətən savaşına həsr olunmuş bədii qısametrajlı bədii və animasiya filmlərinin müsabiqəsini keçirdi. Münsiflər vardı.   - Biz də müsabiqədə iştirak etdik. Qalib gəldik, Mədəniyyət Nazirliyi filmin maliyyəsini üzərinə götürdü. İctimai səviyyədə məsələ həll olundu. Türkiyəli dostlarımızı da layihəmizə dəvət etdik və çox gözəl bir işə başladıq. Bizim nə günahımız var ki? Məgər Azərbaycanda ildə cəmi bir sənədli film çəkilir və biz də onu Fulyaya həsr etmişik? Bu qınaqlar absurddur, yanaşma da absurddur. Qeyd edim ki, eyni müsabiqədə Çingiz Mustafayev və Gəncə bomardimaninda xəsarət almış uşaqlar barədə də sənədli filmlər qalib gəlib və digər tərəfindən çəkiləcək. Ümumən 11 film istehsal olunacaq. "Fulya" onlardan yalnız biridir.   - Film hansı dillərdə səsləndiriləcək? Ya da subtitr hansı dildə olacaq?   - Filmin Azərbaycan və Anadolu türkcəsində olması labüddür. Çünki qəhrəmanımız Türkiyə türküdür. Amma filmin rus və ingilis dili versiyasını da nəzərdə tutmuşuq.

Son.az