Nə oldu, Köçəryan?


Siyasət 21 İyn 2021 12:26:00 165 0

Nə oldu, Köçəryan?

Dünən Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qalib gəldi.

Tam qələbə olmasa da, əminliklə, qətiyyətlə əldə edilmiş qələbə oldu.

Nikol Paşinyanın qələbəsinin əsas səbəblərindən biri onun əsas rəqibi, "Ermənistan" blokunun lideri, sabiq prezident Robert Köçəryanın antireytinqidir.

Hakimiyyəti illərində korrupsiya və rüşvətxorluğu az qala kulta çevirən R.Köçəryanın topladığı səsləri başqa nə iləsə izah etmək çətindir.

Köçəryanın "Ermənistan" blokuna verilmiş 20 faiz səslərin mənbəyi ölkədə baş verənlərin yeganə səbəbkarının Nikol Paşinyan olduğunu düşünənlərdir.

Paradoksal olsa da, Robert Köçəryan və Ermənistanın əvvəlki hakimiyyət mənsubları Paşinyanın "Vətəndaş Müqaviləsi" blokunun seçkilərdə qələbəsi üçün faktiki olaraq, hər şeyi etdilər. Paşinyanın topladığı 54 faizlik səslər əslində ermənilərin 2018-ci ildə qurtulduqları adamların hakimiyyətə gəldikdən sonra mümkün revanş istəklərini gerçəkləşdirməyə çalışmaları qarşısında qorxuları, təlaş və xoflarıdır.

Seçkilər ərəfəsində "Robert Köçəryana tam və total dəstək"lə bağlı saxta sosioloji sorğu nəticələrini hazırlayan, İrəvanın mərkəzindəki mitinqə adamları pul və şirnikləndirici vədlər hesabına toplayan adamlar məhz səsvermənin alternativ variantlarını nəzərdən keçirən erməniləri qorxutdular.

Robert Köçəryanın hakimiyyətə qayıdışının real təhlükə kəsb etməyə başladığını anlayan ermənilər bu ssenarinin qarşısını ala biləcək yeganə qüvvəyə - Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi"nə səs verdilər.

Lakin nə Nikol Paşinyan, nə də Robert Köçəryan aldıqları səslərin sayına aldanmamalıdır. Həmin rəqəmlər onlara verilən dəstək yox, rəqibin qələbəsinə imkan verməmək üçün atılmış addımdır.

Qarabağ problematikasında parazitlik edən, Qarabağ münaqişəsi məsələsindən sui-istifadə edən qüvvələrin tam 28 il Ermənistanı qarət edərək dövlətçiliyi özləri ilə əvəzlədiklərini görən, yaşayan ermənilər bezdiklərini, yeni savaş istəmədiklərini, normal yaşayış arzusunda olduqlarını göstərdilər.

Bundan sonrakı, növbəti parlament seçkilərində çox yəqin ki, Ermənistanın postsovet dönəmindəki rəhbərləri iştirak etməyəcəklər.

Ermənistan adi, sivil yaşamı arzulayır.

Ermənilərin seçimlərinin nəticələri gözlənilməz deyil.

Paşinyanın qalib gələcəyi şübhə doğurmurdu, çünki ötən ilin noyabrın 10-da İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasını təsdiqləyən bəyanatı imzalayandan sonra çox ekspertlərin dediklərinin tam tərsinə olaraq, İrəvan küçələrindəki etiraz aksiyasına cəmi 10 min nəfər çıxmışdı.

Nikol Paşinyan Ermənistanın paytaxtının və iri şəhərlərinin yox, əyalətlərinin adamı idi. Əyalətlərdəki ermənilər İrəvandakı çirkin siyasi oyunlardan, bir dəstə adamın ifrat varlandığı, yüz minlərlə erməninin isə ölkədən didərgin düşərək bir tikə çörək dalınca ən müxtəlif ölkələrə səpələnməsindən usanıblar.

Robert Köçəryanın seçkiqabağı kampaniyasını maliyyələşdirən və idarə edən erməni diaspor rəhbərlərinin yaşadıqları elə həmin Rusiyadakı ermənilərin total əksəriyyəti adi insanlardır. İnşaaatda çalışan, taksi sürən, bazarlarda alver edən fərdlər.

Birinci Qarabağ Savaşının sonuclarına görə, ən çox maddi "uğur" əldə edən məhz Robert Köçəryanla Serj Sarqsyan oldu. Onlar Azərbaycan ərazilərinin 20 faizi ilə bahəm, bütün Ermənistanı işğal etmişdilər.

Birinci Qarabağ Savaşı həm də erməni diasporuna mənfəət gətirdi.

Axı Robert Köçəryanla Serj Sarqsyanın övladları savaşda həlak olmadılar, amma "qarabağlı ermənilərə yardım" adı altında erməni diasporunun topladığı yüz milyonlarla dollar bu iki cinayətkarın bank hesablarına axdı.

Ermənistan vətəndaşları, adi ermənilər də Köçəryanla Sarqsyanın və bu yaramazların yaxın ətrafının, "Qarabağ klanı"nın ölkəni necə bir səfil, acınacaqlı vəziyyətə saldıqlarını görərək Nikol Paşinyanın küçə yürüşlərini dəstəkləmişdilər.

Dünən keçirilən növbədənkənar parlament seçkilərində də ermənilər Nikol Paşinyanın siyasətini, kursunu və mövqeyini dəstəklədilər.

Ermənilər həddən ziyadə gec olsa da, sonucda anladılar ki, Robert Köçəryanın aqressiv ritorikası, Serj Sarqsyanın sarsaq açıqlamaları və "yeni savaş" vədləri Ermənistan dövlətçiliyini ümumiyyətlə, məhv edə bilər.

Dünənki səsvermənin əsas nəticələrindən biri budur ki, ermənilərin çoxu Robert Köçəryanın əleyhinə səs vermədilər.

Xeyr, onlar Köçəryansız gələcəyə, Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasətə səs verdilər.

O siyasətin konturları isə bəsitdir: Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli, inkişafa başlamalı, normal yaşamı seçməli və ən nəhayət, Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır.

Köçəryanın məğlubiyyəti, Paşinyanın qələbəsi sadə gerçəyi təsdiqlədi - Qarabağ Azərbaycandır, Azərbaycan isə Cənubi Qafqazda hegemon dövlətdir.

Elçin Alıoğlu Son.az