Bəzi Rusiya mətbu orqanlarında erməni cəhaləti tüğyan edir


Siyasət 19 İyn 2021 12:58:00 163 0

Bəzi Rusiya mətbu orqanlarında erməni cəhaləti tüğyan edir

Azərbaycan-Türkiyə münasibətləri hər zaman bölgənin rifahına və inkişafına yönəlib. Bu iki dövlət arasında elə bir iqtisadi-siyasi razılaşma yoxdur ki, regionun tərəqqisinə öz töhfəsini verməsin.

Digər millətlərə, xüsusilə də türklərə nifrət bəsləyən Ermənistan isə hər zaman layihələrdən uzaqda qalıb.

Ümumiyyətlə ermənilərin toplum olaraq bir çox sahələrdə o cümlədən iqtisadi inkişaf cəhətdən keçən əsrin sonlarında qalmasının başlıca səbəbi ölkə rəhbərliyi və əsasən Ermənistan hüdüdlarından kənarda yaşayan ermənilərdir.

Bölgədə baş verən dəyişikliklə barışa bilməyən Ermənistan rəhbərliyi və erməni lobbisi bu gün Azərbaycan əleyhinə hər cür qara propaqanda aparmağa davam edir. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi sözün əsl mənasında dünyaya səs saldı. Bəyannamə imzalandıqdan sonra Ermənistanın, Rusiyanın və Qərbin bəzi media qurumlarında Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı ilə bağlı müzakirələr başlandı.

Bəyannamə mətni ilə tanış olmadan, hətta sənədin mətni yayımlanmadan öncə "Türkiyə yaxın zamanlarda Azərbaycanda hərbi baza yaradacaq və artıq bu istiqamətdə ciddi işlər aparılır" kimi məlumatlar tirajlandı.

Əslində isə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsində Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı heç bir bənd yoxdur.

Nəzərə alsaq ki, Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarından birində də iddialara münasibət bildirərək, məsələnin indi gündəlikdə olmadığını deyib.

Rusiya XİN rəhbəri Sergey Lavrov da açıqlamasında KİV-lərdə tüğyan edən erməni cəhalətinə cavab olaraq xəbərləri şayiə adlandırıb və açıq şəkildə göstərib ki, bu məsələ müzakirə olunmur.

Digər tərəfdən isə qeyd etmək lazımdır ki, əli erməni lobbisinin cibindən çıxan KİV-lərin Azərbaycanın Qoşulmama Hərəkatının üzvü, sədri olduğunu və bununla bağlı üzərinə öhədlik aldığını və bu öhdəliklərə sadiq olduğunu bilmirlər.

Tam əminliklə söyləmək olar ki, heç bir əsası olmayan mövzunun Rusiya mediasında ciddi şəkildə gündəmə gətirilməsinin arxasında erməni lobbisi və bu lobbinin pulu ilə bəslənən qüvvələr durur.

Erməni lobbisi tərəfindən ortaya atılan, əslində isə əsası olmayan bir mövzunun KİV-lərdə bu qədər qabardılmasını isə cəhalət adlandırmaq olar.

Bu cəhalət isə Rusiyanın bəzi KİV-lərində tüğyan edir.

Trend-in Siyasət şöbəsi