İnşaat bazarında bahalıq


Digərləri 18 İyn 2021 14:18:00 167 0

İnşaat bazarında bahalıq

Tikinti materiallarının qiyməti may ayında da qalxıb

Son.az Real TV-ə istinadən bildirir ki, Azərbaycanda tikinti materiallarının bahalaşması may ayında da davam edib.

Bütünlüklə, ümumi tikinti bazarında may ayında təxminən 7 faizə qədər bahalaşma olub. Ötən ilin may ayı il müqayisədə isə bahalaşma 17 faizə yaxın olub.

Bu rəqəmləri təqdim edən "MBA" konsaltinq şirkətinin araşdırmasına görə, may ayında ən çox bahalaşan tikinti materiallları taxta məmulatlar olub və taxtanın qiyməti orta hesabla 15 faiz qalxıb. Bahalaşma üzrə ikinci yerdə dam örtükləri gəlir və bu məhsulların qiyməti may ayında 13,52 faiz qalxıb. Bütünlükdə, dəmir məmulatları isə may ayında 8,33 faiz bahalaşıb. May ayında ölkə daxilində istehsal edilən tikinti materiallarının da qiyməti qalxıb. Məsələn, daş məmulatlar 9,09 faiz, sement isə 7,52 faiz bahalaşıb.Bu bahalaşma hər şeydən öncə bazar iştirakçılarını narahat edir. Bakının Dərnəgül səmtində yerləşən tikinti materialları bazarında ən çox narahat olanlar isə ölçü ilə armatur və hazır döşəmə taxtası satanlardır. Armaturun hər metrəsində 30 qəpiyə qədər bahalaşma var. Əgər diametri 18 millimetr olan artmatur bahalaşmadan öncə 1 manat 60 qəpiyə satılırdısa, hazırda qiymət 1 manat 90 qəpiyə qədər qalxıb. 14 millimetrlik armaturun qiyməti 1 manat 30 qəpikdən 1 manat 60 qəpiyə, 16 millimetrlik artmaturun qiyməti isə 1 manat 60 qəpikdən 1 manat 80 qəpiyə qədər qalxıb. Ticarətçilər bunu armaturun bir tonunun qiymətinin may ayında 650 manatdan 850 manata qədər qalxması ilə izah edirlər. Hazır döşəmə taxtasının bir kubunun qiymətinin 410 manatdan 450 manata qalxması da bazarda satışları çətinləşdirib. Ticarətçilər bunun satışlara təsir göstərdiyini və iki aydır ki, bazarda müştəri qıtlığı yaşandığını bildirirlər. İllik ölçüdə isə bahalaşma yetərincə gözəçarpan olub. "MBA" konsaltinq şirkətinin araşdırmasına görə, ötən ilin may ayına baxanda taxta məmulatlar 53,33 faiz, dam örtükləri isə 43,75 faiz bahalaşıb.

Təbii ki, bu, aztəminatlı ailələrin mənzil sahibi olmaqla bağlı istəklərinin gerçəkləşdirilməsini çətinləşdirəcək. Ekspert hesablamalarına görə, Azərbaycanda təxminən 600 min ailənin, yəni ölkənin ailə təsərrüfatlarının 30 faizinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı var. Nüsrət İbrahimovun fikrincə, bu ailələrin mənzil sahibi olması üçün dövlət xüsusi tədbirlər görə bilər ki, son nəticədə bu, tikinti materialları bazarında sabitliyə səbəb ola bilər.

Təbii ki, bu addımın məntiqi aydındır - MİDA-nın evləri kiçikmetrajlı olduğuna və dövlətə məxsus ərazilərdə inşa edildiyinə görə bazarda tələbi müəyyən qədər sala bilər. Bu isə mənzil qiymətlərini, son nəticədə isə tikinti materiallarının qiymətini sabitləşdirə bilər. Lakin araşdırmalar göstərir ki, bu da yetərli deyil. Çünki tikinti materialları içərisində aparıcı olan metal və taxta məmulatlar əsasən ölkəyə xaricdən gətirilir. Əslində, bu materialların ölkə daxilində istehsalını təşkil etmək olar. Məsələn, Türkiyədə yerli fanera və DSP istehsalı üçün kəndlilərin öz sahələrində - yol kənarlarında, tarla kənarlarında yetişdirdiyi söyüd və küknar ağaclarından geniş istifadə olunur. Bu məqsədlə əsasən ağacların budaqları və qismən də oduncaqları istifadə olunur. Azərbaycan da idxalı müəyyən qədər bu üsulla əvəzləyə bilər. Həmçinin Daşkəsən mədənlərinin işə salınması ilə yerli metal istehsalı da təşkil edilə bilər.