Ermənistan ən qısa zamanda sülh sazişini imzalayacaq


Siyasət 18 İyn 2021 00:05:00 125 0

Ermənistan ən qısa zamanda sülh sazişini imzalayacaq

"Türkiyə və Azərbaycan Prezidentlərinin imzaladıqları 11 səhifəlik tarixi "Şuşa Bəyannaməsi" müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi Qarabağ - Hadrut, Şuşa xülyası ilə yaşayan qüvvələrə verilən ən təsirli mesajdır:

"Bəyannamədə Qarabağın gələcəyi, Zəngəzur dəhlizi, Türkiyə ordu modeli, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi kimi sahələri əhatə edəcək birgə əməkdaşlıq fəaliyyətləri öz əksini tapır. Bu Bəyannamədə əks olunan qərarlardan irəli gələn vəzifələrin yerinə yerinə yetirilməsi, Azərbaycan və Türkiyənin Qafqazla bərabər bütün regionda, o cümlədən Orta Asiyada nüfuz dairəsinin genişlənməsinə və möhkəmlənməsinə imkan verəcək. Region ölkələrinin təhlükəsizliyə olan böyük ehtiyacını nəzərə alsaq, iki qardaş ölkənin birləşməsi, yeni güc mərkəzinin yaranması ilə nəticələnə bilər.

44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra yalnız hüzn günlərini və yas mərasimlərini keçirən Ermənistanın 15 iyunda keçirməyə çalışdığı Bayraq günündə Şuşa Bəyannaməsinin imzalanması bayramlarını növbəti dəfə zəhər-zəqqutuna döndərdi. Ermənistan hərbi-siyası dairələrində isə ciddi ruh düşkünlüyü müşahidə olunur. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan verdiyi son açıqlamada "Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitib" açıqlaması ilə erməni cəmiyyətindəki əhval ruhiyyəni əks etdirə bildi.   Düşmənlərimiz, bizi gözü götürməyənlər bir daha başa düşməlidirlər ki, Azərbaycanın imkanları Türkiyənin, Türkiyənin imkanları isə Azərbaycanın imkanlarıdır. Bəyannamə Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Baş verən bu hadisələr, imzalanan sənədlər və səslənən bəyanatlar, Ermənistan tərəfinin ən qısa müddətdə və əlavə şərt irəli sürmədən sülh sazişinin imzalanmasına dair danışıqlara başlamasını şərtləndirir.

Şuşada Türkiyə və Azərbaycan arasında imzalanan bu möhtəşəm sənədlər Vətən müharibəsindən sonra "Qarabağ - Hadrut, Şuşa" xülyası ilə yaşayan qüvvələrə, o cümlədən bu tip bəyanatlarla Ermənistanda hakimiyyətə cəhd edənlərə və onlara havadarlıq edən, qızışdıran qüvvələrə verilən ən əhəmiyyətli və təsirli mesajdır".

Təhməz Əsədov Son.az