"Ayə, harya gedirsən?"dən Zəngəzur rokuna:


Digərləri 11 İyn 2021 11:22:00 183 0

"Ayə, harya gedirsən?"dən Zəngəzur rokuna:

Vüsal Rzasoy "Ayə, harya gedirsən?" mahnısı ilə bir günün ərzində Azərbaycanda məşhurlaşdı. Sosial şəbəkələrdə iki sualdan ibarət bu mahnının görüntüləri xeyli paylaşıldı. Musiqi fəaliyyətinə 2003-də başlayan Vüsal Anvil "Chorus", "Parazit", "Tengri" kimi qruplarla çıxış edib. Sonra isə Azərbaycanı tərk edərək bir müddət Litvada yaşayıb və "Corus", "White Horn" kimi qruplarda çalışıb.

Onu doğulduğu ölkəyə qayıtmağa isə saz musiqisinə olan məhəbbəti vadar edib.

Vüsal məşhur mahnısının yaranmasını aşıq musiqisi və Hermann Hesse-nin "Siddhartha" romanı ilə əlaqələndirir.

O mahnıda səslənən ləhcəni səmimiyyət olaraq gördüyünü deyir.

Bu gün o, mahiyyətcə böyük bir layihəni az vəsaitlə həyata keçirmək istəyir. Bu da Azərbaycan xalqının əsrlərlə yaşadığı ağrı-acını, tarixiin qanlı səhifələrini rok musiqisi ilə dünyaya çatdırmaq. Amma ona yardım edən yoxdur. Niyə? Niyəsini özü deyib.

Son.az edalet.az-a istinadən V.Rzasoyla müsaşibəni təqdim edir.

- Neft Akademiyasının məzunu olmusunuz. Bu gün hamı neftdə pul var deyə orda təhsil almaq istəyir. Gül kimi peşəni heyif eləyib, başlamısız oxumağa... Litvada "X Faktor" musiqi yarışmasının final mərhələsinə qədər gedib çıxmısız. Bir neçə il Pantomima Teatrında çalışmısız. Ordan da çıxmısız, indi də vokal təhsili alırsız. Şeir yazırsız... Bu özünü tapmaq üçün bir axtarışdırmı və  hələ də də davam edirmi?

- Mən düşünürəm ki, insan həmişə ürəyinin diqtəsilə hərəkət etməlidir. Bir peşəyə həvəs göstərəndə insan əvvəlcə bunu nə üçün etmək istədiyini özünə sual verməlidir. Çoxu deyir ki, peşə ilə ya pul qazanmaq üçün məşğul olursan, ya da bunu sənin daxili aləmin, düşüncən ehtiyac duyur. Mən isə ideya axtarıram. Yəni uğrunda yaşamaq üçün ideya axtarıram. Bu həyata istəsək də, istəməsək də cəmi bir dəfə gəlirik. Ona görə də, həyatda ən yüksək ideyanı tapmaq lazımdır. Onda insan özünü də tapır. Yəni bu həyatda mənim missiyam nədir? Etdiyim bu iş, həyatım üçün nə qədər dəyərlidir, vacibdir? Vacibdirsə kimin üçün vacibdir? Məsələn, mənim peşəm xalqa nə verə bilər? Bundan əvvəl insan nə üçün yaranıb, onun missiyası nədir sualına cavab tapmaq üçün çox yola baş vurmuşam. Dünyanı gəzmişəm, buddistlərlə söhbət eləmişəm, sufizmlə maraqlanmışam.

 - Mən deyərdim, sizdə şamanizmə maraq var...

- Bəli var. Şamanizmə maraq mənim musiqilərimdə də əksini tapıb.

- Çoxları, "Ayə, harya gedirsən?" mahnısına lağ-lağı elədi. Amma mən onda bir şaman duasını hiss elədim. "Müharibə tanrısı" mahnınız da buddist ayinidir sanki...

- Bəli, mənin həyatda axtarışlarım çox olub. Mən şəruruliyam, neft sahəsində çox irəliyə gedə bilərdim, tam səmimi deyirəm... Amma istəmədim. Mənim atam sazda gözəl ifa edir. Çoxu dedi ki, "Ayə, harya gedirsən?" Qazax, Tovuz bölgəsinin ləhcəsini lağa qoymuşam. Əksinə, mən uşaqlıqdan o bölgənin aşıqlarının ifalarına çox qulaq asmışam. Dediyim kimi, atam ədəbiyyat müəllimi olduğu üçün gözümü açandan evimizdə sağ havalarını eşitmişəm. Mən də o bölgənin ləhcəsinə sevgi böyükdür. Ümumiyyətlə, o mahnının maraqlı tarixçəsi var.. Mən Avropada 3 il yaşayandan sonra, çox darıxdım, Bakıya qayıtdım. Mən həyatın dəyərini, mahiyyətini axtarırdım,  dünyanı gəzəndən sonra onun Azərbaycanda olduğunu dərk elədim.  Bir dəfə Qubaya getmişdim. Gözəl təbiət, mənzərələr, meşələr. Bir sözlə, ən gözəl halı ilə kənd həyatı. Biz də bir neçə nəfər orada oturub əylənərkən bir-iki dostumuz gitarada ingilis dilində mahnı ifa etdi. Düzü, mən həmin vaxt bundan çox narahat oldum, çünki həmin məkanın ruhu o mahnılar deyildi, ancaq mən də qaydanı pozmadım, ingilis dilində bir mahnı ifa etdim. Birdən bizimlə gələn sürücü dedi ki, elə mahnı oxuyun biz də başa düşək. O zaman o sürücü mənim gözümə milli kimliyimi qoruyan bir əsgər kimi göründü. Biz bəzən özümüzü avropalı kimi göstərməyə çalışırıq ki, mən də sizin kimiyəm, sizin mədəniyyəti rahat qəbul edə bilirəm...

- Azərbaycanda mədəniyyət olanda avropalılar barbar idilər...

- Bəli, milli kimlikdən utanmaq lazım deyil. Sürücünün o sözü məni sanki ayıltdı. İdeya artıq o sözdən sonra yaranmışdı. Məndə o zaman başa düşdüm ki, rok musiqisi ilə mən düşüncələrimi daha rahat çatdıra bilərəm. Çünki rokun dinləyicisi çoxdur. "Ayə, harye gedirsən?"in yaranması isə tamam başqa hadisənin nəticəsidir. Deməli, mən Qazaxa getmişdim. Orada bu sözü tez-tez eşidirdim və mənə çox xoş gəlirdi. Təsadüfdən yolda özümlə oxumağa Herman Hessenin "Siddhartha" kitabını götürmüşdüm. Əsərdə bir yer var, oğul yenə tərki-dünya olub səfərə çıxacağını deyəndə, atası oğluna deyir ki, mən yenə dözə bilərəm birtəhər, ancaq anan dözə bilməyəcək. Anana demisənmi, anan bilirmi ki, hara gedirsən? Bu əhvalatı oxuyandan sonra bu mahnını yazmağa qərar verdim. Və mənim bu mahnı ilə demək istədiyim kiminsə ləhcəsinə lağ etmək yox, o ləhcədəki şirinliyi, səmimiliyi göstərməkdir. Mənə elə gəlir ki, istədiyimi də bacardım...

 - Yeni layihə barədə düşünürsünüz. Bizə layihəniz haqda qısa məlumat verərdiniz.