Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb


Siyasət 09 İyn 2021 13:51:00 176 0

Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Kontr-admiral S.Bəkirov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını Pakistan Quru Qoşunları komandanına çatdırıb və ölkəmizin Pakistan ilə hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.