“Yay məktəbi”nə qeydiyyat başladı


Digərləri 08 İyn 2021 15:48:00 202 0

“Yay məktəbi”nə qeydiyyat başladı

8 iyun tarixindən ümumi təhsil müəssisələrində "Yay məktəbi"nə qeydiyyat prosesinə start verilib.

Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəblərində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) qeyd edilən tarixdən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər.

"Yay məktəbi"ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər.

I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.