Ermənistanı yeni təxribatlara hazırlayırlar


Siyasət 08 İyn 2021 15:36:00 143 0

Ermənistanı yeni təxribatlara hazırlayırlar

"İki Azərbaycan jurnalistinin ermənilərin basdırdığı minaya düşərək həlak olmasına beynəlxalq təşkilatların əlaqədar və samballı böyük dünya dövlətlərinin bugünə qədər reaksiyasız qalması və yaxud da yetərli reaksiya göstərməmələri eynən Azərbaycana qarşı 30 il davam etmiş açıq erməni təcavüzünə laqeyd və saymaz yanaşmanın məntiqi davamıdır. Çünkü əslində atrəşkəs müqaviləsi imzalansa da hələlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi bir fakt kimi ortadadır". 

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, azərbaycanlı jurnalistlərin 4 gün əvvəl Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmasına dünya təşkilatlarından və dövlətlərindən qətiyyətli reaksiya görmədik:

"Belə şəraitdə vaxı ilə erməni işğalçılarının ölkəmizdə basdırdıqları minaların təmizlənməsi üçün gərəkli addımları atmaması, Azərbaycanın haqlı tələblərinə baxmayaraq  bu xəritələri təqdim etməməsi əslində erməni təcavüzünün başqa bir formada davam etməsindən başqa bir şey deyil. Belə şəraitdə Azərbaycan jurnalistlərinin minadan həlak olması əslində erməni təcavüzündən Azərbaycanın dinc sakinlərinin və öz peşə borcunu yerinə yetirən insanların qətlə yetirilməsi anlamına gəlməyə əsas verir. Buna görə də dünya dövlətlərinin və bəzi beynəlxalq təşkilatların indiki şəratdə vəziyyətə qəti şəkildə uyğun hesab oluna bilməz. Bu, Ermənistanı yeni təcavüzkar addımlara ilhamlandırmaq və sövq etməkdən başqa bir şey deyil. 

Xüsusi ilə fakt olaraq qeyd edim ki, ATƏT-in media azadlığı üzrə komissarının yanaşması daha absurd və anormal görsənir. Çünkü ortada fakt olsa da və Azərbaycan jurnalistlərinin ermənilərin basdırdığı minalardan həlak olması çox aydın olsa da ATƏT rəsmiləri hələ bu iş üçün məsuliyyətli olan şəxslərin istintaq nəticəsində aydınlaşdırılacağına ümidvar olduqlarını bildirirlər. Halbu ki, burada qeyri-müəyyən bir şey yoxdur. Azərbaycan öz ərazilərinə mina basdırmır və bizim ərazilərimizdə mina partlayışından həlak olan jurnalistlərin açıq-aşkar erməni təcavüzünün qurbanı olduqlarına heçkim şübhə etmir. Bu şəraitdə ATƏT-in məsələni qəlizləşdirməsi, bunun hansısa istintaq prosesinin nəticəsində aydınlaşdırılacağı barədə fikir bildirməsi əslində, məsələni uzatmaqdan başqa bir şey deyil. Halbu ki, real vəziyyət ATƏT-dən də, digər beynəlxalq təşkilatlardan da Ermənistanın bu məsələdə birbaşa məsuliyyət daşıdığı barədə aydın mövqe göstərməsindən ibarət olmalı idi. Çox təəssüf ki, dünya təşkilatlarından və dövlətlərindən biz buna qətiyyətli reaksiyanı görmədik. Amma Azərbaycan erməni təcavüzünün davam etdiyi indiki şəraitdə bu təcavüzə qarşı lazımı iradəni ortaya qoymaq gücündədir. Və beynəlxalq təşkilatların nə qədər laqeyd yanaşmasına baxmayaraq, Azərbaycana qarşı davam edən bu təcavüz faktları özünün lazımı hüquqi-siyasi qiymətini mütləq alacaq".

Təhməz Əsədov Son.az