Eynşteynin casus məşuqəsi Dahi fizik ABŞın nüvə sirlərini sevgisinə qurban verib FOTO


Digərləri 07 İyn 2021 23:34:00 159 0

Eynşteynin casus məşuqəsi  Dahi fizik ABŞın nüvə sirlərini sevgisinə qurban verib  FOTO

İki nəhəng şəxsiyyət arasında heç bir qadın bu cür oyun oynaya bilməzdi. Dahi fizik Albert Eynşteynin məşuqəsinə çevrilmək, dünya şöhrətli heykəltəraş Sergey Konenkovun həyat yoldaşı olmaq, bu statuslarda münasibətləri tənzimləmək və Moskvanın məxfi tapşırıqlarını yerinə yetirmək ona heç də asan başa gəlməyib. Bütün bu çətinliklərə baxmayaraq, Marqarita Konenkova üzərinə düşən missiyanı yerinə yetirməyi bacarıb.

Son.az bildirir ki, 1895-ci ildə Udmurtiyanın Sarapul şəhərində anadan olan Marqarita Konenkova (qız soyadı Vorontsova) gimnaziyanı bitirdikdən sonra təhsilini Moskvada Ali Qadın Hüquq Məktəbində davam etdirib. O, gənc yaşlarından ölkənin yaradıcı insanları arasında özünə yer tapıb, tanınmış yazıçılar, bəstəkarlar, rəssamlarla yaxın dostluq münasibətləri yaradıb, onların bütün tədbirlərində Marqarita Konenkova ən sevimli qonaq qismində iştirak edib. Cazibədarlığı, xoş münasibəti, intellekti ilə fərqlənən gənc xanıma bir çox tanınmışlar evlilik təklifi edib. Marqarita Konenkova isə bu təkliflərin içərisindən dünya şöhrətli heykəltəraş Sergey Konenkovu seçib.

Valideynləri bu seçimlə razılaşmayıblar, heykəltəraşın Marqaritadan 22 yaş böyük olmasına görə onlar bu evliliyə razılıq verməyiblər. Buna baxmayaraq, Marqarita öz seçimindən dönməyib və onlar 1922-ci ildə ailə həyatı qurublar.

1923-cü ildə Konenkovlar ailəsi Nyu-Yorkda təşkil olunan sovet incəsənət sərgisində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıblar. Əslində səfərin rəsmi adı sərgi olub, qeyri-rəsmi isə Marqarita Konenkovanın ABŞ-da agent kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Beləliklə, 3 aylıq ABŞ-a səfər edən cütlük yalnız 22 ildən sonra SSRİ-yə qayıdıb.

Marqarita Konenkovanın Amerikadakı fəaliyyəti ilə bağlı sənədlərin yarıdan çoxu bu günə kimi də "məxfi" qrif altında saxlanılır. Bu illər ərzində o, böyük peşəkarlıqla SSRİ-nin xüsusi xidmət orqanlarına xidmət edib.

Onun qarşısına qoyulan ən çətin və mürəkkəb tapşırıq ABŞ-ın atom layihəsi ilə bağlı məlumatları toplamaq olub. Bu məqsədlə Marqarita Konenkovaya Albert Eynşteynlə münasibət yaratmaq tapşırığı verilib. Bu missiyanın yerinə yetirilməsində ona həyat yoldaşı yardımçı olub. Belə ki, 1935-ci ildə Eynşteynin işlədiyi Prinston Universiteti Sergey Konenkova dahi fizikin büstünü hazırlamaq sifarişini verib. Eynşteyn saatlarla heykəltəraşın qarşısında oturmaq məcburiyyətində qalıb. Artıq iki gündən sonra Eynşteyn bu üzücü "prosedur"dan bezdiyini bildirib. Üçüncü gün isə hər şey dəyişib. Həyat yoldaşının emalatxanasına gələn Marqarita Konenkova Eynşteynin ağlını başından alıb və elə həmin gündən sonra da dahi fizik emalatxanaya planlaşdırılmış vaxtdan bir neçə saat əvvəl gəlib. Münasibətlər günü-gündən daha da yaxınlaşıb. Eynşteyn ağlına da gətirməyib ki, Marqarita Konenkovanın bu münasibətlərdə tamam başqa bir məqsədi var. Amma məqsəd öz yerində, Marqarita Konenkova da Eynşteynə ürəkdən bağlanıb, onu sevib.

Eynşteyn Marqarita Konenkovanı bütün tədbirlərinə dəvət edib, onu öz həmkarları ilə, atom layihəsində iştirak edən alimlərlə də tanış edib. Bununla da cazibədar qadın agent zaman-zaman ABŞ-ın atom layihəsi haqqında SSRİ üçün lazım olan informasiyaları əldə edə bilib.