Ermənistanın minalarla bağlı etirafı müharibə cinayətlərini sübut edir Ombudsman


Digərləri 07 İyn 2021 22:40:00 141 0

Ermənistanın minalarla bağlı etirafı müharibə cinayətlərini sübut edir  Ombudsman

Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib. Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.

Son.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında yer alıb.

"Sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.

Azərbaycan Ombudsmanı olaraq bu məsələni dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, onları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritələrinin əldə edilməsində köməklik göstərməyə və bununla da günahsız insanların həyatını xilas etməyə çağırmışam.

Təəssüf ki, bu günə qədər qeyd olunan məsələ ilə bağlı hər hansı bir beynəlxalq təşkilatdan müvafiq dəstək almamışıq. Bu təşkilatların susması beynəlxalq hüququn effektivliyini şübhə altına alır və insan hüquqlarının davamlı olaraq pozulmasına şərait yaradır".