Azərbaycanlı deputat məşhur moldovalı biznesmenin qızını Bakıda öz evində gizlədir VİDEO


Digərləri 07 İyn 2021 17:18:00 128 0

Azərbaycanlı deputat məşhur moldovalı biznesmenin qızını Bakıda öz evində gizlədir VİDEO

Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almaree Wael Sulaiman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla  evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almaree Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...

 "Millət vəkili azyaşlı övladımı evində gizlədir, onunla görüşməyimə imkan vermir"

Son.az xəbər verir ki, iş adamı virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramin Həsənovun öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almaree Wael Sulaiman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramin Həsənov olduğunu deyib.

Britaniya əsilli moldovalı biznesmen 7 yaşlı qızı Malika ilə

Almaree Wael Sulaimanın dediklərindən belə məlum olub ki, idman zalında resepşın işləyən Hasan (Lungu) Nicolai Ecaterina ilə 2012-ci ildə Moldovada tanış olub,  iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib.

Əcnəbi biznesmen deyir: "Ecaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm.  Ecaterina qızım Malikanı  mənə göstərmirdi. Malika mənim yeganə övladımdır,  ondan başqa övladım yoxdur. Ayrılsaq da, Ecaterinanın bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm ".

Moldavanlı qadınla azərbaycanlı deputatın eşq macarası

İş adamı deyir ki, Eceterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramin Həsənovla tanış olub. Bu barədə onun özü Almaree Wael Sulaimaniyə bildirib: "Ecaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Ecaterina hazırda interpolda axtarışdadır".

Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarılmasını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almaree Malika atası Almaree Wael Sulaimanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.

Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət verilib

Almaree Wael Sulaimanın hüquqlarını müdafiə edən vəkil Ənvər Əmirəliyev virtualaz.org-a bildirib ki, Moldova məhkəməsinin çıxardığı qətnamə tanınma üçün Azərbaycana yönəlib.

"Qanunvericiliyə uyğun olaraq xarici məhkəmə qətnaməsinin tanınmasını Ali Məhkəmə həyata keçirdiyi üçün iş Ali Məhkəməyə göndərildi. İş Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatında idi. Ali Məhkəmədə qətnaməni tanımadılar. Əsas olaraq göstərdilər ki, Ecaterinanın Azərbaycanda oturumu ləğv edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu verdik. Məlum oldu ki, məhkəmədən sonra  Ecaterinanın müvəqqəti oturumu bərpa olunub, hansısa mənzildə qeydiyyatdadır. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik",-vəkil bildirib.