Hüquqi şəxsin vergi öhdəliyi nədən ibarətdir?


Digərləri 06 İyn 2021 20:24:00 199 0

Hüquqi şəxsin vergi öhdəliyi nədən ibarətdir?

MMC yaratmaq istəyən hüquqi şəxsin vergi öhdəliyi nədən ibarətdir və hansı hesabatlar verilməlidir?

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Son.az-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxs öz seçiminə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada mənfəət və ya sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, bu fəaliyyət üzrə əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənilir.

Mənfəət vergisi metodu tətbiq edildiyi halda isə, əldə olunan gəlirdən fəaliyyətə uyğun olaraq müvafiq qaydada bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, cəmiyyət mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) əldə etdiyi gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti tətbiq ediləcək.

Həmçinin cəmiyyətin fəaliyyəti üzrə əldə etdiyi gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olduğu halda ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verilməli və göstərdiyi xidmətlərin dəyərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməlidir.

Hüquqi şəxslər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını hər ay üzrə növbəti ayın 15-dən gec olmayaraq ödəməli və uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.