19 yaşlı azərbaycanlının faciəsi: Vesti24


Siyasət 06 İyn 2021 20:37:00 257 0

19 yaşlı azərbaycanlının faciəsi: Vesti24

Rusiyanın "Vesti 24" federal telekanalı arzu etdiklərini gerçəklik kimi qələmə verməyə çalışaraq Gürcüstan vətəndaşı, 19 yaşlı Vəkil Abdullayevi güllələyərək qətlə yetirmiş polis leytenantı Aleksandr Qusevi az qala "zəmanə qəhrəmanı", istintaq özbaşınalığından zərər çəkmiş insan kimi qələmə verməyə çalışır.

Jurnalist etikasının bütün prinsiplərini ayaqlar altına atan "Vesti 24" qərəzli proqramı efirə verərək tamaşaçılarında belə rəy formalaşdırmağa can atır: "Qusev günahsızdır, qətlə yetirilmiş Abdullayev suçlu idi, güllələnmiş azərbaycanlının maşında olan dostları isə əsl qanun pozucuları və cinayətkarlardır".

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişi ilə Novosibirsk Yol Polisinin (QİBDD) baş müfəttişi, leytenant Aleksandr Qusev azadlığa buraxılıb. O, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev güllələyərək qətlə yetirib.

İnsident mayın 28-də Novosibirsk şəhəri yaxınlığındakı Moşkovo qəsəbəsində baş verib. Rəsmi versiyaya görə, sürət həddini keçən avtomobili təqib edən yol polisləri maşını saxlayıblar. Maşında V.Abdullayev və dostları vardı.

Polis gəncləri saxlayanda V.Abdullayev dostunun niyə saxlandığını soruşub. Dostunun döyülməsinə dözməyən V.Abdullayevin bu hərəkətini görən A.Qusev əvvəlcə onu yumruqla vurub, sonra tapançasından atəş açıb.

Başından güllə yarası alan V.Abdullayev ertəsi gün xəstəxanada keçinib.

Avtomobildə olan İlkin İsmayılov və Ruslan Qurbanov "polis əməkdaşlarına hücum etmək"də suçlanaraq 2 aü müddətinə həbs olunublar.

"Vesti 24" isə A.Qusevi qanadsız mələk, Abdullayevi isə az qala terrorçu kimi qələmə verərkən unudur ki:

1. Leytenant A.Qusev vəzifə səlahiyyətlərini aşıb

2. A.Qusev xidməti silahdan istifadə qaydalarını pozub

3. A.Qusev vətəndaşı güllələyib

4. A.Qusev ümumiyyətlə, silaha əl atmamalıydı, çünki buna zərurət yox idi.

Vəzifə səlahiyyətlərini maksimal dərəcədə aşaraq insanı qətlə yetirmiş polisin azad edilməsini qətlə az qala haqq qazandırmaqla yanaşı, Rusiyada ksenofobiya, irqçilik, milli və dini zəmində dözülməzlik xəstəliklərinə mübtəla olanların daha da ruhlanmasına yönəlmiş addım kimi dəyərləndirmək olar.

Rusiya İctimai Palatasının üzvü, iqtidardakı "Vahid Rusiya" Partiyasından deputatlığa namizəd, sabiq casus Mariya Butinanı da məhz belə ifrat ksenofob saymaq olar. O, A.Qusevin hərəkətlərinə haqq qazandırmaqla yanaşı, onu "nümunəvi və ləyaqətli fəaliyyətə görə" mükafatlandırmağı da təklif edib.

Butinanın bəyanatı kimi, "Vesti 24"dəki proqram da Azərbaycanın özünə dost və tərəfdaş saydığı ölkədə irqçilik, milli zəminlə dözülməzlik və ksenofobiya kimi təhlükəli mərəzlərin təbliğatı hesab edirik.

Vəkil Abdullayevin faciəsində milli qarşıdurma zəmini yoxdur. A.Qusev rusu da gülləyə bilərdi. Məsələ qanunsuzluq, cinayətdir.

"Vesti 24"dəki proqram isə aşkar qeyri-peşəkarlıq, iftira və absurd iddialar toplusu, süjetin bəlirlənmiş ssenari üzrə hazırlanaraq tamaşaçıda rəyin formalaşmasına kobud müdaxilədir.

Təbii, polislərin xidməti silahdan istifadəsi ilə bağlı mübahisələr çoxdan, müxtəlif ölkələrdə gedir və səngimir. Bir tərəfdən, polislərə azacıq təhlükə və ya aqressiv müqavimət zamanı atəş açmağa qanun icazə verir. Digər tərəfdən, hər belə halı müstəntiqlər diqqətlə və ciddi şəkildə araşdırmalıdırlar.

Müstəntiqlər - qərəzli və bisavad jurnalistlər yox.

Məsələn, "Vesti 24" bəyan edir ki, qətlə yetirilmiş V.Abdullayevin dostu İlkin İsmayılov "polislərin işinə hər cür müqavimət göstərib və onları təhqir edib".

Xatırladaq ki, V.Abdullayevin gülləndiyi anların əks olunduğu anların olduğu videonu məhz İ.Abdullayev çəkib və o, dostuna atəş açıldığı görəndə demişdi: "Sən ona atəş açdı! Onu öldürdün!"

Heç bir zorakılıq, təhqir, söyüş yox. Faciənin adi, trivial konstatasiyası.

Amma yox, A.Bastrıkinin göstərişindən sonra novosibirskli müstəntiqlər "qəflətən" hesab etdilər ki, İ.İsmayılov mane olub, polisləri təhqir edib və onun yeri müttəhimlər kürsüsündədir.

İ.İsmayılovun çəkdiyi kadrları göstərən, qan içində olan Vəkil Abdullayevin qollarını buraraq saxlayan A.Qusevi iri planda göstərən "Vesti 24" həyasızlıqla deyir: "Polis zabiti yaralı gənci səliqə ilə tuutur ki, asfalta yıxılmasın".

Necə bir "humanizm və insansevərlik", deyilmi?! Kadrlara baxırıq, amma görürük ki, V.Abdullayevin qollarını burmuş A.Qusev ölümcül yaraladığı gənci buraxmaq istəmir.

Həyaıt vücudundan damla-damla asfalta düşən Vəkil Abdullayevi.

Qusevin "səliqə"si Abdullayevi xilas etmədi.

Daha sonra proqramda "ekspert"lər, "fəxri vəkil"lər, "Moskva Milis İdarəsinin veteranları" peyda olurlar və onlar bir ağızdan buyururlar ki, bəli, 19 yaşlı Vəkil Abdullayev güllələnib, qətlə yetirilib, amma Aleksandr Qusev suçlu deyil, təsadüfən alınıb, ümumiyyətlə, baş müfəttiş yaxşı adamdır və s.

Yəni 19 yaşlı gənci güllələmiş 38 yaşlı polisi müdafiə edirlər.

Rusiyanın "Polis haqqında" federal qanununa baxırıq. Orada polisin xidməti silah tətbiq etməsinə icazə verən maddələri oxuyuruq və görürük ki, A.Qusev yanlış hərəkət edib.

Leytenant Qusevə kimsə hücum etməyib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla qarşılaşmayıb. Vəkil Abdullayev nə onun xidmətini silahını əlindən almağa çalışıb, nə də yol polislərinin avtomobilinə yiyələnməyə cəhd göstərməyib.

Bəs onda 19 yaşlı Gürcüstan vətəndaşı Vəkil Abdullayev niyə güllələnib?

"Vesti 24" bu asan, çox asan suala cavab tapmaq istəmir. Tam əksinə, qatilə haqq qazandırır: "Hər şey təsadüfən olub".

Rəsmi versiyada o da vurğulanır ki, sən demə, V.Abdullayevin olduğu maşının şüşələrində plyonka olduğu üçün polislər şübhələniblər. Tamam, plyonka ilə bağlı qanunun tələblərinin pozulduğu halda Rusiya Federasiyasının qanunvericiliyi cəmi 500 (!) rubl məbləğində cərimə nəzərdə tutur.

"Vesti 24" isə bəyan edir ki, polislərin şübhəsinə plyonka səbəb olubmuş. Proqram müəlliflərinin məntiqindən belə çıxır ki, Rusiyada plyonkalı şüşəli maşın sürənlərin hamısı ya potensial qanun pozucuları, ya da polislən hansısa bəd əməlini gizlətməyə çalışanlardır.

Total marazm və idiotizmdir bu.

Belə çıxır ki, Birləşmiş Ərəb Əmirliklərindən tutmuş, ABŞ-a qədər plyonkalı şüşəli maşın sürülən ölkələrdə belə davranan sürücülərin hamısı potensial cinayətkarlardır. Yerli polislər də bu adamları görən kimi təqibə başlamalı, onları haqlayanda isə ən yaxşı halda axtarış və baxış keçirməli, ən pis halda həmin adamları güllələyərək qətlə yetirməlidirlər.

Qanun-qayda üçün, sən demə.

19 yaşlı Vəkil Abdullayevin güllənərək qətlə yetirilməsi məşum cinayətdir. Məhkəmə bu olayın qiymətini verməlidir. Baş müfəttiş, leytenant Aleksandr Qusev qanun qarşısında məsuliyyətdən yayına bilməz, yayınmamalıdır da.

"Vesti 24", gəlin obyektiv olaq. Situasiyanın bütün iştirakçılarının əməllərini dəyərləndirək. Habelə, o əməllərin ki, polis əməkdaşları gənc azərbaycanlıları təqib edib, onlarla residivistlər və ya silahlı cinayətkarlar kimi davranıb.

Ədalətli olun, "Vesti 24" - ksenofobiyanı, qanunsuzluğu, milli dözülməzliyi, cinayəti dəstəkləməyin.

Cəhd göstərin, cənablar.

Ağır olsa da.

Elçin Alıoğlu Son.az