Həkimdiyetoloq: Sağlam qidalanma rasionuna hər bir ərzaq növü düzgün şəkildə daxil edilməlidir


Digərləri 06 İyn 2021 19:59:00 141 0

Həkimdiyetoloq: Sağlam qidalanma rasionuna hər bir ərzaq növü düzgün şəkildə daxil edilməlidir

Sağlam qidalanma orqanizmə qəbul edilən karbohidrat, zülal, yağ, vitamin və mineralların vəhdət halında olmasını nəzərdə tutur. Əslində qəbul edilən qidada karbohidratlar 55-60, zülal 13-16, yağ isə 25-30 faiz təşkil etməlidir. Gündəlik su miqdarı isə bədən çəkisinə görə müəyyən edilir. Bədən çəkisinə uyğun olaraq hər kiloqrama 0,033 litr su içilməsi məsləhət görülür, Məsələn, çəkisi 75 kiloqram olan şəxs gün ərzində 75×0,033=2,5 litr su içməlidir. Lakin fiziki iş və idmanla məşğul olanlar daha çox su qəbul edə bilərlər. Düzgün qidalanma zamanı qidalanma rejimi, zövqə uyğun çeşidli qida rasionu ilə yanaşı, həm də normal yuxu çox vacibdir.

Son.az bildirir ki, həkim-diyetoloq Məlahət Kərimova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Karbohidrat qrupu əsasən bədən üçün enerji mənbəyidir və enerji əldə olunması üçün onlar orqanizmdə qlükozaya çevrilirlər. Karbohidratlar iki hissəyə bölünür: sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratlar orqanizmdə tez mənimsənilir. Bunlara meyvə və meyvə şirələri, süd və süd məhsulları, xəmir yeməkləri, şokolad, mürəbbələr, rafinə edilmiş şəkərlər, bal və bəhməz aiddir. Mürəkkəb karbohidratlar isə daha gec və yavaş mənimsənilir. Ona çörək, dənli bitkilər, düyü, makaronlar, paxlalılar və kartof aiddir".

Həkim-diyetoloq qeyd edib ki, bitki lifləri sağlam və düzgün qidalanmada əsas rol oynayır: "Digər karbohidratlardan fərqli olaraq, liflərin orqanizmdə qan şəkərinə heç bir təsiri yoxdur. Zülallar daha çox yumurta, kəsmik, qırmızı ət, balıq, noxud, mərcimək, lobya, qoz, fındıq və badamda yüksək miqdarda olur. Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün həm bitki mənşəli, həm də heyvan mənşəli yağlar qəbul olunmalıdır. Çoxlu miqdarda istər karbohidrat, zülal, istərsə də yağların qəbul edilməsi piylənməyə səbəb olur. Buna görə də sağlam qidalanma rasionunda hər bir ərzaq növünü düzgün şəkildə menyuya daxil etmək lazımdır. Tərəvəz və meyvələr həzm prosesində, yağların parçalanmasında, orqanizmin tələbatının tam ödənilməsində mühüm rol oynayır. Meyvə və tərəvəzlər orqanizmə vitamin və duzlarla bərabər, həm də oksigen, su və günəş enerjisi də daşıyır. Bunu digər qidalardan almaq mümkün deyil, çünki onlar orqanizmə yalnız zülal, yağ və şəkər daşıyır, halbuki meyvə-tərəvəzlərin tərkibində nişasta, şəkər kifayət qədərdir. Yağlı şirniyyatlar və xəmir yeməklərinin çox qəbul edilməsi tez xəstələnməyə səbəb olur. Meyvə-tərəvəzə üstünlük verənlər isə uzun ömür sürürlər".