Türklər və onların qələbə minarələri


Digərləri 05 İyn 2021 23:15:00 218 0

Türklər və onların qələbə minarələri

(ABŞ-dakı Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi və rəhbəri, şərqşünas alim Stiven Frederik Starrın "İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri" kitabından)

Mütəxəssislərə çoxdan məlumdur ki, silindrşəkilli uca qüllələr (minarələr) Orta Asiya və Əfqanıstanda meydana gəlmiş, oradan əvvəlcə Hindistana, daha sonralar Osmanlı imperiyasına və Səfəvilər dövlətinə keçmişdir. İslamın ilk əsrlərində müəzzin insanları ya qədim Ərəbistanda olduğu kimi evlərin damından, ya Roma və Bizans layihələri əsasında tikilmiş qüllələrdən (Dəməşqdəki Əməvi məscidi kimi), ya məscidlərin çöl divarına bitişik minarələrdən (yenə Əməvilərin və Şimali Afrika sakinlərinin tikdikləri şəkildə), ya da Abbasilərin paytaxtı Samirədəki kimi nadir rast gəlinən, qədim fars zikkuratlarından götürülmüş spiralvari tikililərin başından namaza səsləyirdi. Hələ Qaraxanilərin (840-1212) hakimiyyətə gəlməsindən əvvəl Orta Asiya sakinləri daha orijinal bir üsul seçərək, dairəvi qüllə şəklində müstəqil uca minarələr tikməyə başlamışdılar. Alimlər bölgədə 60-dan artıq bu cür tikili aşkar etmişlər. Bunların ən məşhuru - Buxaradakı məğrur və eyni zamanda məşum Qəlyan minarəsidir (1127-ci ildə ucaldılmışdır). Onu həm də "ölüm minarəsi" adlandırırlar; çünki yerli hakimlər ölümə məhkum olunmuş cinayətkarları onun başından yerə atmaqla edam edirdilər.

Etiraf etmək lazımdır ki, bu qəbildən olan ilk minarələr Qaraxanilərin zamanında meydana gəlmiş, daha sonrakı minarələrin tikintisi isə ya onların, ya da digər türk sülalələrinin hesabına gerçəkləşmişdir (Əfqanıstan və Hindistanda Qəznəvilər, Mərkəzi Asiyanın qərbində və İranda Səlcuqlar).

Həmin dövrdə qeyri-türk sülalələri tərəfindən tikilmiş azsaylı silindrik minarələrdən başlıcası müasir Əfqanıstan ərazisindəki Cam məntəqəsində ucaldılmış qəribə minarədir. Hündürlüyü 65 metrə çatan bu minarə 1886-cı ilə kimi tədqiqatçıların diqqətindən kənarda qalmışdı. Bu nəhəng minarəni fars əsilli yerli Gurilər türk mənşəli Qəznəvilərin ordusunu məğlub etdikdən sonra öz qələbələrinin şərəfinə ucaltmışdılar.

Son.az islam.az-a istinadən bildirir ki, qırğızıstanlı tədqiatçı Cüməmədəl İmanqulov bir müddət öncə yeni bir nəzəriyyə ilə çıxış etmişdir. Müasir texnologiyalardan istifadə etməklə o, XI-XII əsrlərdə Qaraxanilər dövlətinin ərazisində tikilmiş bir neçə əsas minarənin hündürlüyünü ölçmüşdür. Daha sonra o, minarələrin özülünün diametrini ölçmüş və bunların arasındakı tənasübün 1:2,666638-ə bərabər olduğunu tapmışdır. Bu tənasüb dəyişməz olaraq qalır, belə ki, o dövrdə Orta Asiyada tikilmiş bütün minarələrdə bu tənasüb qorunur. İmanqulov bu miqyası Uzgən və Balasaqundakı minarələrə də tətbiq etmişdir. Həmin minarələr əvvəllər indikindən uca olmuş, sonralar zaman keçdikcə yuxarı hissələri dağılmışdır. Bu miqyasın köməyi ilə alim həmin minarələrin də ilkin hündürlüyünü hesablamışdır.

Mümkündür ki, XI əsrdə memar və bənnalar bir yerdən başqa yerə hərəkət edərək, oxşar minarələr tikirdilər. Yüz ildən sonra avropalı daş ustaları da qotik kilsələri tikərkən eyni yolla gedirdilər. Lakin Orta Asiya iri şəhər mərkəzlərində bu cür nəhəng layihələri həyata keçirmək üçün Avropa ilə müqayisədə daha artıq qüc və ehtiyata sahib idi.

Bütün bunları oturaq əhali ilə Şərqdən bir-birinin ardınca gələn köçəri tayfaların mürəkkəb qarşılıqlı əlaqələri üzərində qurulmuş Orta Asiya reallıqları baxımından dəyərləndirmək lazımdır. Bir zamanlar bu münasibətlər hər iki tərəf üçün faydalı idi, çünki tərəflər bir-birindən iqtisadi mənfəət qazanırdı. Oturaq əhalinin yaşadığı şəhərin qapılarında hər dəfə növbəti köçəri ordu peyda olduqda, birlikdə yaşamanın yeni şərtləri ortaya qoyulurdu. Bölgəyə köçən türkdilli əhali sayca çox deyildi, idarəçilik bir neçə hakim arasında şərikli şəkildə bölünürdü, buna görə də Qaraxanilərin bölgəyə nəzarəti səthi xarakter daşıyırdı. Onlar tabe etdikləri torpaqlara "öz bayraqlarını sancmaq", yəni öz hakimiyyətlərini təsdiq etmək üçün xüsusi yollar axtarıb-tapmalı idilər.

(İkinci hissə) "Öz bayrağını sancmağın" üsullarından biri də şəhərdə yaraşıqlı türbələr ucaltmaq idi. Şəhərin və ətraf kəndlərin üzərində ucalan, Qaraxanilərin gücünü hamıya nümayiş etdirən minarələr tikmək daha gözəgəlimli və səmərəli üsul sayılırdı. Ehtimal etmək olar ki, Qaraxani hakimlərinin bu qədər həvəslə minarələr tikdirməsinin səbəbi də elə bu olmuşdur. Tədqiqatçı-alimlər Riçard Ettinhauzen və Oleq Qrabar bu minarələri "qələbə qüllələri" adlandırmaqda haqlıdırlar. Quruluşlarındakı tənasübün eyniliyi də bu tikililərin ortaq mənşəli olduğunu göstərir. Zaman keçdikcə qələbə qüllələri vətəndaş funksiyası qazanmağa başladı. Alman tarixçisi Ernst Dits qeyd edir ki, bunlar səyyahlar üçün yolgöstərici sütun, eləcə də, rəsmi fərmanların elan edildiyi minbər rolunu oynayırdı. Buxara və sair şəhərlərdə isə bu qüllələrdən edam hökmləri oxunurdu. Lakin bütün bunlar minarələrin dini vəzifəsini ləğv etmirdi. Unutmayaq ki, nə Balasaqunda, nə Uzgendə, nə də başqa bir şəhərdə Qaraxanilər iri məscid tikdirməmişlər. Balasaqunda minarə ilə yanaşı duran tikililər dini təyinatlı bina deyil, türbələrdir. Qırğızıstan Respublikası Mili Elmlər Akademiyasının əməkdaşı Valentina Qoryaçova belə bir fərziyyə irəli sürmüşdür ki, məscidlər qədim Ərəbistanda olduğu kimi taxtadan tikilə bilərdi; buna görə də onlardan heç biri günümüzə kimi qorunmamışdır. Lakin bu fərziyyənin həqiqət ehtimalı azdır. Niyə əvvəlcə nəhəng qüllə ucaldıb, sonra onu çox yaşamayan məscidlə bağlasınlar ki?

Bu halda silindrik formalı Qaraxani qüllələrinin mənşəyini yalnız ehtimal etmək mümkündür. Bu barədə bir neçə maraqlı fərziyyə irəli sürülmüşdür. Ehtimal edilirdi ki, bunlar qədim türklərin öz tayfa başçılarının qəbri üzərində tikdikləri "balbal" adlı daş xatirə sütunlarıdır. Başqa bir fərziyyəyə görə, bu tikililərin mənşəyi zərdüştilərin öz ölülərini yerləşdirdikləri sütunlara gedib-çıxır. Digər alimlər isə bunların mənşəyini təsvir və mətnlərlə örtülmüş nəhəng hind sütunları (stambxa) ilə əlaqələndirirlər. Mahmud Qəznəvi qülləsinin ulduzvarı formasını nəzərə alan alimlər isə onların kökünün İslamdan əvvələ gedib-çıxdığını söyləyirlər.

Burada daha bir ehtimal irəli sürmək olar. Çöl köçəriləri üfüqi aləmdə yaşadıqları üçün onlara həmişə yüksəklik maraqlı gəlirdi. Onlar ölülərin məzarı üzərində mümkün qədər hündür binalar tikirdilər. (Hətta tikilən ilkin binalar günümüzə kimi qorunmuş tikililərdən daha hündür idi). Belə bir xalqın səmalara ucalan kərpic qüllələr tikmək ideyasından ilham alması heç də qəribə deyil.

Qələbə qüllələrinin mənşəyi hər nə olursa-olsun, çöl tərəfdən onları ornament şəklində kərpic düzümü bəzəyirdi. Orta əsrlərdə yaşamış italyan səyyahı Buxaradakı Qəlyan minarəsinin naxışlarına o qədər valeh olmuşdu ki, həmin naxışı Venesiyanın Dojlar sarayının çöl divarındakı kərpic düzümündə təkrar etmişdi. Bu naxışların bir qismi köçərilərə məxsus olan parçalardan köçürülmüş, bir qismi isə bundan bir əsr əvvəlki Samanilər dövrünə aid iri binaların üzərində olan bəzək və ornamentlərdən götürülmüşdü. Bu ornamentlər Qaraxanilərin köçəri həyatdan imtina etmələri və dörd əsas paytaxt şəhərində məskunlaşmaları ilə başlamış şəhər həyatına uyğunlaşma prosesindən xəbər verirdi...