Bərzəx aləmi nədir, haradadır?


Digərləri 05 İyn 2021 22:50:00 209 0

Bərzəx aləmi nədir, haradadır?

Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, insan dünyadan sonra və Qiyamətdən əvvəl bərzəx aləmində olacaqdır. "Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır". ("Muminun" 100).

Bu ayə bərzəx aləminin haqq olmasını bir daha sübut edir. Bu, tək ayədir ki, bərzəx sözü orada açıq şəkildə işlədilmişdir.

Bərzəx aləmi deyildikdə, qəbir aləmi nəzərdə tutulur. İnsanlar bərzəx aləmində Qiyamətə qədər yaşayarlar. Quran ayələri buyurur ki, bərzəx aləmində həyat vardır və insanlar orada Qiyamətə qədər yaşayırlar. "Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud "misal" qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz". ("Bəqərə" 154).

Bu ayə bərzəx aləminə işarə edir və buyurur ki, dünya həyatından sonra bərzəx aləmi mövcuddur və orada həyat vardır. Allah yolunda şəhid olanlar orada yaşayarlar və onlar ölü deyildirlər. Ancaq həyat keyfiyyətləri dünyadan fərqlənir.

Başqa ayədə oxuyuruq: "Onlar deyərlər: "Ey Rəbbimiz! (Dünya həyatından və tövhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb, Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb, Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?"". ("Ğafir" 11).

Təfsirçilərin nəzərinə görə, iki dəfə öldürmək dedikdə, ömrün sonundakı ölüm və bərzəxin axırındakı ölüm nəzərdə tutulur. İki dəfə diriltmək dedikdə isə, bərzəx aləmində dirilmək və Qiyamətdə dirilmək nəzərdə tutulur.

Beləliklə deyə bilərik ki, bərzəx aləmi mövcuddur. Quran da bu həqiqəti təsdiq edir və öz ayələrində bunu bəyan edir. Bərzəx aləmi - qəbir aləmidir və bu aləmdə həyat vardır. Ancaq bu həyat dünya həyatından fərqlidir. Bu həyatın necə bir həyat olması bizim üçün məchuldur. Ancaq onu bilirik ki, insan öləndən sonra bərzəx aləmində həyatına davam edəcəkdir. Ölmək - yox olmaq demək deyildir. Əslində bir aləmdən başqa aləmə köçməkdir.