Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış


Digərləri 05 İyn 2021 22:40:00 228 0

Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

Nəcəf, Kərbəla, Kazimeyn, Samirra kimi müqəddəs şəhərlər bütün dünyada olduğu kimi, Azərbaycanda da Əhli-beyt dostlarının sevdiyi və ziyarət üçün həsrətində olduğu məkanlar sayılmışdır. Əsrlər boyunca inanclı ata-babalarımız nəqliyyat, rabitə və təhlükəsizliklə bağlı çətinliklərə dözərək min-bir əziyyətlə ziyarətə getmişlər. Dünyasını dəyişmiş insanların cənazəsini müqəddəs torpaqlarda dəfn etmək halı geniş yayılmışdı. Hətta cənazələr bir neçə il "əmanət" saxlanılır, sonra imkan düşəndə Kərbəlaya və ya Nəcəfə aparılıb orada torpağa tapşırılırdı. Nəcəf azərbaycanlılar üçün həm də elm mərkəzi, müctəhidlərin şəhəri demək idi. Maraqlıdır ki, nə çar Rusiyasının, nə də sovet hakimiyyətinin İslama qarşı yönəlmiş siyasəti bu bağlılığı aradan qaldıra bilməmişdi. Azərbaycanla Nəcəf hovzəsi arasındakı əlaqələrin kuliminasiya nöqtəsi XIX əsrə təsadüf edir. Bu dövrdə Azərbaycanın demək olar ki, bütün bölgələrindən, bütün iri şəhərlərindən yüzlərlə tələbə Nəcəfə gedərək dini təhsil almışdır. Azərbaycanın Lənkəran, Naxçıvan, Bakı kimi bölgələrindən hətta elə bir kənd tapmaq çətindir ki, oradan Nəcəf təhsilli alim çıxmamış olsun. Nümunə kimi araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, XIX əsrin ikinci yarısı - XX əsr əsrin birinci yarısında təkcə Bakının Maştağa kəndindən 30 nəfərdən artıq şəxs Nəcəfi-əşrəfdə təhsil almışdır. Onların əksəriyyətinin təhsil müddəti 15-25 il arasında olmuşdur.

Tədqiqatçı alim Adil Movlayi "Qafqazda elm dünyasının ulduzları" adlı kitabda 100 nəfər Azərbaycan alimi haqqında məlumat verir. Onların böyük əksəriyyətini Nəcəf, Kərbəla, Samirra hovzəsinin məzunları təşkil edir. Müəllif özü də müqəddimədə kitabın məhdud əhatə dairəsinə malik olduğunu vurğulayır, yalnız fotoşəkli qalmış alimlərin həyatını işıqlandırdığını qeyd edir. Əslində İraqda təhsil almış alimlərin sayı bundan qat-qat çoxdur. "Qafqazda elm dünyasının ulduzları" kitabında Lənkəran, Bakı, Naxçıvan, Gəncə, Quba, Salyan, İrəvan, Şamaxı bölgələrinə mənsub alimlər haqqında informasiya verilir: Şeyx Əbasəlt Badkubeyi, Mirzə Əbutürab Axundzadə, Mir Əbdülvahhab Maştağayi, Şeyx Cavad Əlizadə, Molla Müseyid Gəncəvi, Şeyx Həsən Nardarani, Şeyx Məhəmməd və Şeyx Fərəculla Pişnamazzadə Gəncəvilər, Mir Əşrəf ağa Salyani, Mir Haşım Salyani, Şeyx Qüdrətullah Lənkərani, Şeyx Bəşir Ərkivani, Seyyid Məhəmməd Badkubeyi, Mir Məhəmmədtəqi Təbatəbai Şirvani, Şeyx Müctəba Hatəmi Lənkərani, Seyyid Mürtəza Naxçıvani, Mirzə Yusif İrəvani, 1932-ci ildə güllələnmiş bakılı şəhid alimlər Şeyx Əbdülqəni, Şeyx Hənifə və Seyyid Məhəmməd, repressiya qurbanları Şeyx Həsən, Şeyx Rəsul və Şeyx Əhməd Nardaranilər, Mir Ələkbər Maştağayi, Mir Bağır Ağazadə Salyani və b.

Son.az islam.az-a istinadən bildirir ki, bunu qeyd etmək yerinə düşər ki, 1918-20-ci və 1944-52-ci illərdə Qafqazın şeyxülislamı vəsifəsini icra etmiş Zeynalabidin Əlizadə (Axund ağa), XX əsrin əvvəllərində bir neçə dini məzmunlu kitab (o cümlədən, "Zübdət əl-təvarix", "Müxtəsər tarixi-İslam", "Tarixi-ənbiyayi-üzam" və s.) yazmış Şeyx Həsən Mollazadə Gəncəvi, görkəmli şair Seyyid Əzim Şirvani və b. Nəcəfdə dini təhsil almışlar. 1904-cü ildə çap olunmuş Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin müəllifi Şeyxülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvinin də tərcümeyi-halında İraqda təhsil aldığı yazılır, amma hansı şəhərdə oxuduğu göstərilmir. Ehtimal edirik ki, o və mənbələrdə Bağdadda oxuduğu yazılan Bakı qazısı Mirməhəmmədkərim Mircəfərzadə (Azərbaycan dilində Quran təfsirinin müəllifi) Nəcəf şəhərində ilahiyyat təhsili almışlar.

Azərbaycanlı gənclər bir qayda olaraq, ibtidai təhsili yerli mollaxanada alır, daha sonra ya birbaşa Nəcəfə yollanır, ya da bundan əvvəl bir müddət İran Azərbaycanında hazırlıq dərsləri keçirdilər. Əsasən, Ərdəbil, Təbriz, Zəncan kimi şəhərlərdə, bəzən Tehranda təhsilin Nəcəfdən əvvəlki mərhələsi həyata keçirilirdi. Şəxsdən asılı olaraq, bir neçə aydan bir neçə ilə kimi davam edən hazırlıq mərhələsindən sonra tələbə Nəcəf hovzəsinə qədəm basırdı. Azərbaycandan Nəcəfə yollanaraq təhsil almış tələbələrin bir hissəsi İraqın müqəddəs şəhərlərində (Nəcəf, Kərbəla) qalaraq, müəllimlik edir, əksəriyyəti isə müəyyən müddət təhsil aldıqdan sonra vətənə qayıdırdı. Bir qayda olaraq, İraq hovzəsinin böyük mərceyi-təqlidləri tələbəni bəlli səviyyəyə kimi yetişdirdikdən sonra şəraitdən asılı olaraq, ona ya Nəcəfdə qalıb təhsilini davam etdirməyi və dərs deməyi, ya da öz ölkəsinə qayıtmağı məsləhət görürdülər. Xüsusilə, Azərbaycan kimi rus işğalı altında olan və dini mübəlliğlərə ehtiyac duyulan ölkələrin mənsublarına öz ölkələrinə qayıtmaq daha çox tövsiyə edilirdi. Buna görə də, XIX əsrin ortalarından XX əsrin ortalarına kimi Azərbaycanda xeyli sayda Nəcəf təhsilli azərbaycanlı alim olmuşdur.

(İkinci hissə) XIX əsrin sonları - XX əsrin ilk rübündə Azərbaycan müsəlmanları şəriət məsələlərində Nəcəf üləmasına təqlid edirdilər. Nəcəfdə təhsil alıb qayıtmış yerli ruhanilər xalqı həmin müstəhidlərin təqlidinə yönəltməkdə fəal yardım göstərirdilər. Onlar özləri bu böyük müctəhidlərdən təhsil almış, onların elmi səviyyəsinə yaxından bələd olmuşdular. Sovet hakimiyyəti məhdudiyyətlər tətbiq edənə kimi yerli ruhanilər Nəcəf üləması ilə mütəmadi olaraq əlaqə saxlayırdılar.

Azərbaycan müsəlmanlarının Nəcəf müctəhidlərinə təqlid etməsini kitabxana fondlarında mövcud olan o zamana aid mənbələr də təsdiq edir. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında Ayətullahül-üzma Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdinin "əl-Ürvət əl-vüsqa", Seyyid Əbülhəsən İsfahaninin "Vəsilət əl-nicat", Şeyx Zeynalabidin Mazandaraninin "Zəxirət əl-ibad", Mirzayi-Şirazinin sual-cavab şəklində fətva məcmuələrinin (o cümlədən, "Minhəc əl-nəcah" və "Sirac əl-ibad") və digər kitabların müxtəlif nüsxələri saxlanılır. Haşiyələrdəki qeydlərdən görünür ki, həmin kitablar Azərbaycan müsəlmanları tərəfindən mütaliə və tədqiq edilmişdir.

Nəcəf təhsilli Azərbaycan alimləri müstəqil əsərlər qələmə almaqla yanaşı, öz ustadlarının kitablarına haşiyə və şərhlər də yazırdılar. Biblioqrafik mənbələrdə bu haşiyə və şərhlərin bir qismi haqqında məlumat verilir. Azərbaycan müsəlmanları ən azı son 150 il ərzində dini və ictimai-siyasi məsələlərdə Nəcəf üləmasının fətvaları ilə hesablaşmış, mübahisəli məsələlərdə onların rəyini əsas tutmuşlar. Həssas məsələlərdə Nəcəf alimləri vəziyyətə müdaxilə edərək öz mövqelərini bildirir, bununla da mübahisələrə son qoyulurdu. Nəcəf alimlərinin rəyi o qədər mühüm və nüfuzlu idi ki, hətta bundan sui-istifadə cəhdləri də edilirdi.

Uzun müddət Nəcəf şəhərində böyük müctəhidlərdən dərs almış maştağalı axund Mirzə Əbdülkərim (bir çox dini kitabların müəllifi Əhmədağa Əhmədovun atası) Bakıya qayıtdıqdan sonra "aşura günü baş yarmaq, zəncir vurub qan çıxarmaq kimi əməllərin şəriət qanunlarına zidd olduğunu görüb ruhanilərə deyirdi ki, siz günah işləri xəlqə ibadət kimi təqdim edirsiniz". Camaatın axunda qarşı müxalifəti elə güclü olur ki, hətta bir nəfər o zamanın məşhur müctəhidi Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdinin (Sahibi-Ürvə) adından saxta məktub yazıb, bu kimi əməllərin əslində savab olduğunu orada qeyd edir. Seyyid Yəzdi Mirzə Əbdülkərimə Nəcəfdə dərs demişdi və onlar məktub vasitəsilə ünsiyyət saxlayırdılar. Axund Mirzə Əbdülkərim ona təqdim edilən məktubu Nəcəfə göndərib müəllimindən xahiş edir ki, məsələyə aydınlıq gətirsin. Seyyid Mühəmməd Kazim Yəzdi bu saxta məktubu görüb qəzəblənir və məktubun kənarında yazır: "Nə bu mənim xəttimdir, nə bu möhür mənim möhürümdür. Allah lənət eləsin bu naməni yazıb düzəldənlərə" (Hacı Kamal Novruz. Əhmədağa Əhmədov, səh. 21, Bakı, 2009).

Sovet hakimiyyəti illərində "Molla Nəsrəddin" jurnalının səhifələrində dinə qarşı məsxərə ilə dolu məqalələr çap edildiyi üçün Nəcəf üləması bu problemə də biganə qalmamışdır. Azərbaycandan onlara məktub göndərilərək, "Molla Nəsrəddin" jurnalında dini hökmlərin təhrif edilməsi, ruhanilərin təhqir olunması, insanların məsciddən uzaqlaşdırılması, ibadət etmək əvəzinə qəzet oxumağa təşviq edilməsi, qadınların hicabsızlığa çağırılması, talaq kimi hökmlərin məsxərəyə tutulması barədə məlumat vermişlər. Belə bir vəziyyətdə hansı mövqedə durmaq lazım olduğu müctəhidlərdən soruşulmuşdu. Axund Xorasani, Ayətullah Əbülqasim Ordubadi, Seyyid Əbülhəsən Həsəni (Seyyid Əbülhəsən İsfahani olduğunu zənn edirik) və Abdullah Mazandarani kimi məşhur müctəhidlər "Molla Nəsrəddin" jurnalının əleyhinə fətva vermişdilər. Hər alimin fətvası möhürlə təsdiq edilmişdi.

Azərbaycan ruhanilərinin Nəcəf üləması ilə əlaqələri sovet hakimiyyətinin atezim siyasətinin tüğyan etdiyi 20-ci illərdə də davam etmişdir. "Molla Nəsrəddin" jurnalının 1925-26-cı il tarixli saylarında maştağalı Şeyx Hüseyn, bakılı Şeyx Qəni ağa, salyanlı Mir Əşrəf ağanın və başqa alimlərin Nəcəf, Kərbəla şəhərləri ilə rabitəsi tənqid edilir. Hətta jurnalın 1926-cı il mart tarixli 12-ci sayında Şeyx Qəninin ramazan ayı ilə bağlı Nəcəf alimlərinin rəyini öyrənmək cəhdi karikatura vasitəsi ilə məsxərəyə qoyulub. Karikaturada radio aparatı vasitəsi ilə rabitə qurmağa çalışan alim təsvir edilib və bu sözlər yazılıb: "Qubalılar məscidində Şeyx Qəni təzə tikdirdiyi radio ilə ramazan ayında kəmyek olub-olmadığını xəbər alır".

(Üçüncü hissə) Azərbaycanlı alimlər və Nəcəfdəki İmam Əli (ə) hərəmi XIX-XX əsrlərdə bir neçə azərbaycanlı alim Nəcəfdəki İmam Əli (ə) hərəmində qılınan camaat namazlarına imamlıq etmək şərəfini qazanmışdı. Belə ki, Şeyx İbrahim Badkubeyi, Mühəmməd Əli Naxçıvani, Əbülqasim Ordubadi və b. hərəmdə imam-camaatlıq etmişlər.

İmam Əlinin (ə) mübarək hərəminin hücrələrində dəfn edilmiş şəxslərin arasında ən azı 13 nəfər həmyerlimizin olması dəqiq məlumdur:

1. Şeyx Mühəmməd Əli Naxçıvani (1852-1916) - İmran məscidinə bitişik hücrələrin birində. 2. Ayətullah Mühəmməd Hüseyn Naxçıvani İsfahani Ğərəvi Kompani (1878-1942) - qızıl eyvanın altında, şimal minarəsinin yanındakı kiçik hücrədə, Əllamə Hillinin məzarının yanında.

3. Seyyid Mustafa Musəvi Naxçıvani (vəf. 1919) - Həzrət Əlinin (ə) məzarının arxasında, "Alimlər eyvanı"nın yaxınlığında.

4. Şeyx Əbülqasim Ordubadi (1857-1915) - 22 saylı hücrədə.

5. Şeyx Mühəmməd Əli Ordubadi (1895-1960) - 23 saylı hücrədə (böyük qapıdan (Bab əl-kəbir) sol tərəfdə).

6. Şeyx İbrahim Lənkərani (vəf. 1896) - qiblə tərəfdəki hücrələrdən birində.

7. Ayətullah Əbdülğəffar Lənkərani (vəf. 1956) - onun məzarının yanında.

8. Seyyid Rza Musəvi Lənkərani (1834-1904) - hərəmin həyətində Tusi qapısı istiqamətindəki 50 saylı hücrədə.

9. Şeyx Mühəmməd Cavad İrəvani (1870-1962) - hərəmin şimal-qərb küncündəki 53/1 saylı hücrədə.

10. Mirzə Əli İrəvani (1884-1935) - 23 saylı hücrədə.

11. Şeyx Sadiq İrəvani (vəf. 1978) - hərəmin həyətində, Fazil Şərabiyaninin məqbərəsinin qarşısında.

12. Seyyid Mir Badkubeyi (vəf. 1940) - hərəmin əsas qapısından (Bab əl-kəbir) sol tərəfdən birinci hücrədə (Axund Xorasani, Mirzə Həbibullah Rəşti, Seyyid Əbülhəsən İsfahani və onların oğulları da eyni hücrədə uyuyurlar).

13. Ayətullah Mühəmməd İbrahim Salyani (vəf. 1924) - hərəmin həyətində, şimal tərəfdəki hücrələrdən birində. Nəcəfdəki Azərbaycan mədrəsələri

Nəcəfdəki bir neçə mədrəsə məhz Azərbaycandan gələn tələbələrin təhsil ocağı kimi tanınırdı. Bunlardan biri Badkubeyi mədrəsəsidir. Hacı Əli Nəqi Badkubeyi adlı imkanlı bir həmvətənimiz hicri 1325-ci (miladi 1907-ci) ildə Nəcəfi-əşrəfi ziyarət edib burada bir il qalır. Bu müddət ərzində o, Nəcəfin Mişraq məhəlləsində, Həzrət Əlinin (ə) müqəddəs hərəminin yaxınlığında, İmam Zeynül-abidin (ə) küçəsində öz vəsaiti hesabına bir mədrəsə və onun qərb tərəfində bir məscid tikdirir. Birmərtəbəli mədrəsənin 28 hücrəsi vardı. Onun şərqində, təqribən 100 kv.m.-lik həyətdə ikimərtəbəli daha bir tikili inşa edilmişdi ki, bu binada da 8 hücrə vardı. İki binanı enli küçə birləşdirirdi. Cəfər əl-Xəlili "Mövsuət əl-ətəbat əl-müqəddəsə" kitabında (VII cild, II hissə, səh. 150) yazır ki, bu mədrəsədə əsas etibarilə Buxaradan və Bakıdan gəlmiş 20 nəfərdən artıq tələbə qalırdı. Təəssüf ki, hicri 1383-cü ildə (miladi 1963/64-cü illər) yolun genişləndirilməsi bəhanəsi ilə mədrəsənin bir hissəsi uçuruldu. Cəmi 16 hücrəsi salamat qalmış mədrəsədə son onilliklərə kimi tələbələr məskunlaşmışdı. Daha sonralar mədrəsə baxımsız hala düşüb. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda Badkubeyi mədrəsəsində əsaslı təmir və bərpa işləri gedir, təhsil ocağı öz əvvəlki vəziyyətinə qaytarılır.

Kərbəla şəhərində, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) mübarək məqbərələri arasındakı ərazidə də Badkubeyi mədrəsəsi mövcud olmuşdur. Mədrəsə hicri 1270-ci (miladi 1854-cü) ildə tikilmiş və uzun müddət fəaliyyət göstərmişdir. Lakin ərazidə genişləndirmə və abadlıq işləri aparılarkən, mədrəsə layihəyə mane olduğu üçün sökülmüşdür.

(Dördüncü hissə) Nəcəfi-əşrəfdə Azərbaycanla bağlı ikinci mədrəsə isə İrəvani mədrəsəsidir. Mədrəsə hicri 1305-ci ildə (miladi 1887/88-ci illərdə) əslən irəvanlı olan Hacı Mehdi İrəvani adlı imkanlı bir şəxsin maddi yardımı ilə tikilməyə başlamışdı. Deyirlər ki, Hacı Mehdi Nəcəfdə öz həmyerlisi Fazil İrəvaninin görüşündə olarkən, azərbaycanlı bir tələbə Fazil İrəvaninin yanına gəlir və öz şikayətini böyük alimə çatdırır. Sən demə, Nəcəf mədrəsələrindən birində məskunlaşmış bu azərbaycanlı tələbəni sair tələbələr incidir və mədrəsədən uzaqlaşdırmaq istəyirlər. Məlum olur ki, Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi də bu problemlə üz-üzə qalıb. Hacı Mehdi İrəvani elə oradaca yeni bir mədrəsə tikdirmək niyyətini elan edir, mədrəsəyə rəhbərlik ixtiyarını da Fazil İrəvaniyə həvalə edir. Yalnız bunu şərt qoyur ki, özü vəfat etdikdən sonra həmin mədrəsədə dəfn edilməsinə icazə verilsin. Fazil İrəvani bu mədrəsəni azərbaycanlı, məxsusən, irəvanlı tələbələrə vəqf etmişdi. Lakin alimin özünə mədrəsə tikintisinin tamamlanmasını görmək qismət olmur. Fazil İrəvani hicri 1306-cı (miladi 1888-ci) ildə dünyasını dəyişir və həmin mədrəsədə torpağa tapşırılır. Mədrəsəni inşa etdirən Hacı Mehdi İrəvani də, öz vəsiyyətinə və şərtinə əsasən, mədrəsənin şimal qapısının yaxınlığında dəfn edilib.

İrəvani mədrəsəsi təqribən iki ilə tikilir. Hicri 1307-ci ildə (1889/90-cu illər) mədrəsənin ikinci mərtəbəsinin tikintisi başa çatır. İkimərtəbəli mədrəsə 300 kv.m. sahəyə və 19 hücrəyə malik idi. Bina mərhum mərceyi-təqlid Ayətullah əl-üzma Seyyid Əbülhəsən İsfahaninin evinin yaxınlığında yerləşir. Cəfər əl-Xəlili "Mövsuət əl-ətəbat əl-müqəddəsə" kitabında (VII cild, II hissə, səh. 141) yazır ki, bu mədrəsədə 24 nəfər tələbə məskunlaşmışdı ki, onların da əksəriyyətini türklər (yəni azərbaycanlılar) təşkil edirdi. Sonralar mədrəsə İraq rejimi tərəfindən dağıdılmışdır.

Bunlardan əlavə, Nəcəfi-əşrəfdəki Türklər məscidi də azərbaycanlı tələbələrin mühərrəm ayında əsas əzadarlıq məkanlarından sayılırdı. Məscidin tikintisi "xatəm əl-füqəha və-l-müctəhidin" (fəqihlərin və müctəhidlərin möhrü) ləqəbi ilə tanınan mərhum Şeyx Mürtəza Ənsarinin (1799-1864) adı ilə bağlıdır. Yüksək elmi mövqeyinə baxmayaraq, Şeyx Ənsari son dərəcə sadə və zahidanə həyat sürərdi. Hətta daimi evi belə, yox idi və kirayə etdiyi evdə yaşayırdı.

Şeyx Ənsariyə təqlid edən şəxslərdən biri həcc ziyarətinə gedərkən yolüstü Nəcəfdən keçir. Həmin adam Şeyx Ənsari ilə görüşüb ona bir miqdar pul verir və deyir: "Bu pulu halal zəhmətimlə qazanmışam, xümsünü və zəkatını da vermişəm. Sizin evsiz olduğunuzu eşitdim. Bu pulu sizə verirəm ki, özünüzə ev alıb rahat yaşayasınız. Bu qədər tələbəniz və qonağınız olduğu üçün, şəxsi evə ehtiyacınız var".

Şeyx Ənsari təşəkkür edib pulu alır, həmin adam yoluna davam edib həccə gedir. Alim isə həmin pulla Nəcəfin məhəllərindən birində məscid tikdirir. Həmin məhəllənin sakinləri yaxınlıqda məscid olmadığı üçün camaat namazı qılmağa çətinlik çəkirdilər.

Pulu verən adam Məkkədən qayıdanda yenə yolunu Nəcəfdən salır, Şeyxin yanına gəlir. Söhbət əsnasında maraqlanıb Şeyx Ənsaridən soruşur ki, özünüzə ev aldınızmı? Şeyx cavab verir: "Almadım, tikdirdim. İstəyirsənsə, gedək, evimi sənə göstərim". Şeyx Ənsari həmin adamı özü ilə götürüb məscidə gəlir. Məscidin qapısından girəndə deyir: "Bax, tikdirdiyim ev budur". Şeyxin müsahibi heyrətlə deyir: "Mən bu pulu sizə məscid tikmək üçün yox, özünüzdən ötrü ev tədarük etmək üçün vermişdim". Şeyx Mürtəza Ənsari isə ona belə cavab verir: "Mən özümdən ötrü yox, Allahdan ötrü ev tikdirdim. Öz evim ancaq mənim ixtiyarımda olacaqdı, məndən sonra varislərim ya orada yaşayacaq, ya da onu satacaqdılar. Amma bu məscid əsrlər keçdikcə müsəlmanlara xidmət edəcək. Heç kimin onu satmağa, bağışlamağa, sökməyə haqqı yoxdur. Burada qılınacaq namazların savabından sənə də pay düşəcək".

Buranı "Şeyx Ənsarinin məscidi" də adlandırırlar, lakin məşhur adı "Türklər məscidi"dir. Bu adın verilməsinin səbəbi haqqında deyirlər ki, həmin məscidə Azərbaycan türkləri (həm şimallı, həm də cənublu) daha çox gəlirdilər. Xüsusilə, mühərrəmlik mövsümündə Nəcəfin azərbaycanlı tələbələri bu məsciddə təziyə saxlayırdılar. Şeyx Ənsari özü də həmin məsciddə camaat namazı qıldırır, dərs təşkil edirdi. Ondan sonra ən ünlü mərceyi-təqlidlərdən sayılan Ayətullah əl-üzma Seyyid Mühəmməd Kazim Yəzdi (məşhur "Ürvət əl-vüsqa" kitabının müəllifi) Türklər məscidində camaat namazlarına imamlıq edir dərs deyirdi. Daha sonralar Ayətullah əl-üzma Seyyid Əbdülhadi Şirazi, Ayətullah Seyyid Həsən Xərsan da bu məsciddə fəaliyyət göstərmişlər. Ayətullah əl-üzma Xomeyni də İraqda sürgündə olduğu illərdə Türklər məscidində imamlıq etmişdi.

Məscid 1941-ci ildə təmir edilmiş, 1999-cu ildə isə sahəsi genişləndirilmiş, ətrafında dəstəmazxana və köməkçi binalar tikilmişdir.