Sufi təriqətləri


Digərləri 05 İyn 2021 20:50:00 316 0

Sufi təriqətləri

Oxucu marağını nəzərə alaraq, İslam dünyasında keçmiş zamanlarda böyük nüfuz sahibi olmuş, bu gün də müəyyən ölkələrdə və dairələrdə öz nüfuzunu qoruyub-saxlayan məşhur sufi təriqətləri barədə silsilə şəklində qısa məlumatlar verməyi qərara aldıq.

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, əsas ayinlərini açıqlamaq, müasir dünyada bu və ya digər təriqətin yayılma arealını açıqlamaq məqsədi daşıyan bu yazılarda ən mühüm və yığcam məlumatlar təqdim ediləcək. Silsilə yazılarda müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük rol oyamış mövləviyyə, nəşqbəndiyyə, sührəverdiyyə, səfəviyyə, xəlvətiyyə, qadiriyyə, çiştiyyə, nemətullahiyyə, şaziliyyə, rifaiyyə, ticaniyyə, yəsəviyyə, sənusiyyə, hürufiyyə, kübrəviyyə kimi sufi təriqətləri barədə ilkin informasiyanı əldə edəcəksiniz. Silsiləni mövləviyyə təriqəti barədə məqalə ilə açırıq.

Mövləviyyə Son.az islam.az-a istinadən bildirir ki, məşhur sufi təriqətlərindən biridir. Banisi Mövlana (ağamız, rəhbərimiz) ləqəbli şair və sufi Cəlaləddin Rumidir (1207-1273). Mövlana əvvəllər kübrəviyyə təriqətinə mənsub idi, daha sonralar Şəms Təbrizi ilə tanışlığından ilhamlanaraq mövləviyyə məktəbinin əsaslarını işləyib-hazırladı.

Mövləviyyə təriqətində ilahi eşq ideyası əsas yerdə durur. Allaha yaxınlaşmağın yolu bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməkdədir. Buna nail olmaq üçün mövləvi dərvişləri sima adlı ayindən istifadə edirlər. Sima - ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlərin dəqiq trayektoriya üzrə fırlanaraq hərəkət etmələrinə deyilir. Bu hərəkət zamanı dərvişlər sanki kosmosun səsini eşitdiklərini təsəvvür edirlər ("sima" sözünün ərəb dilindən tərcüməsi "eşitmə" deməkdir).

Simadan əvvəl ayin rəhbərinin ifasında Həzrət Mühəmməd Peyğəmbəri (s) mədh edən şeir parçaları ifa edilir, neyin ifası dinlənilir, sonra enli ətəkli ağ paltar geyinmiş, çiyinlərinə qara örtük salmış, başlarına dəridən ağ uzun papaq qoymuş dərvişlər bir-bir yaxınlaşıb mürşidin əlini öpür, simaya başlayırlar. Hər bir dərviş o birinə toxunmadan, həm öz oxunun, həm də mürşidin ətrafında dövrə cızır. Bu zaman dərvişin sağ əli yuxarıya, sol əli isə aşağıya doğru tutulur. Bununla onlar sanki ilahi enerjini səmadan alıb yerə ötürmüş olurlar.

Fırlanmanı asanlaşdırmaq üçün dərviş başını çox zaman yana əyir.Getdikcə simanın ritmi tezləşir, dərvişlər çiyinlərindəki qara örtüyü yerə atır, Allahın hüzurunda ağ kəfənə bürünmüş kimi durduqlarını təsəvvür edərək rəqsi davam etdirirlər. Sima halında fasiləsiz olaraq fırlanan dərviş trans halına düşür, ətrafdakı hər şeyin bir-birinə qarışdığını, əriyərək yox olduğunu, yalnız özünün qaldığını hiss edir. Mövləvilikdən əvvəlki sufilərin təcrübəsində də simaya rast gəlinirdi; amma sima öz dəqiq, əsaslandırılmış, kompleks həllini məhz mövləviyyə təriqətində tapmışdır. Mövləviyyə təriqətinin daha bir ayini çillədən ibarətdir. Çillə - dərvişin hamıdan ayrılalaraq tənhalığa çəkilməsi və 1001 gün ibadətlə, Allah barədə təfəkkürlə məşğul olması mənasını verir. Çilləni uğurla bitirmiş dərvişlərə "dədə" adı verilir. Mövləvi təriqətinin şeyxlərini isə "çələbi" adlandırırlar. Təriqət başçılığı Mövlana nəslinin üzvləri arasında irsi qaydada ötürülür.

Mövləviyyə təriqəti əsasən, Türkiyə ərazisində daha geniş yayılmış, bununla belə, Suriya, Misir, Krım və Balkan ölkələrində kifayət qədər intişar tapmışdı. Hətta Osmanlı sultanı III Səlimin (1789-1807) təriqət üzvü olduğunu yazırlar. Mövləviyyə təriqətinin təkyələri həmişə başqa təriqət ocaqlarına nisbətən daha geniş olmuşdur. Bu da sima rəqsləri üçün onlara iri sahəli binaların lazım olduğu ilə izah edilir. Mövləviyyə təriqətinin mərkəzi Türkiyənin Konya şəhərindəki Mövlana dərgahıdır (Mövlana Cəlaləddin Ruminin məzarı üzərində tikilmiş iri kompleksdir). Təriqət üzvləri tərəfindən ən çox oxunan kitabların başında Mövlananın "Məsnəviye-mənəvi" əsəri gəlir.

1925-ci ildə Türkiyə Cümhuriyyəti ərazisində bütün sufi təkyələrinin fəaliyyəti qadağan edildikdən və Konyadakı Mövlana dərgahı muzeyə çevrildikdən sonra təriqətin inkişafı xeyli zəiflədi. Hal-hazırda Mövlana dərgahında xaricdən gələn turistlər üçün tamaşa şəklində sima rəqsi ifa edilir. Mövləviyyə təriqətinin qeyri-müsəlman ölkələrində də çoxlu ardıcılı vardır. Avropa ölkələrində mövləviyyə təriqətinin əsaslarını təlim və təbliğ edən, sima rəqsini öyrədən ayrı-ayrı dərnəklər mövcuddur.

Mövləviyyə ən az parçalanmaya məruz qalmış təriqətdir. Hal-hazırda təriqət daxilində iki qol mövcuddur. Mövlananın oğlu Vələdin və Şəms Təbrizinin adları ilə adlandırılan bu qolların arasındakı fərq cüzi dərəcədədir.

(İkinci hissə)

Nemətullahiyyə Məşhur sufi təriqətlərindən biri. Banisi Şah Nemətullah Vəlidir (1330-1431). Nemətullahiyyə təriqəti əvvəlcə şəriətdə sünnilik qoluna əsaslanmış, sonra zaman keçdikcə təriqət şiəliyə meyllənmişdir. (Bəzi müəlliflər Şah Nemətullah Vəlinin şafii, bəziləri isə şiə məzhəbində olduğunu yazmışlar). İlk dövrlərdə nemətullahi müridləri mənsub olduqları təriqəti nişan verən xüsusi geyim geyinmirdilər. Lakin sonralar keçədən paltar geyinir, başlarına 5 və ya 12 zolaqlı hündür papaq qoyurdular. Nemətullahiyyə təriqətinə görə tərki-dünyalıq gündəlik həyat sahəsində deyil, dərvişin qəlbində olmalıdır. Bu təriqətdə camaata möhtac olmaq, ianə hesabına yaşamaq məzəmmət olunur. Nemətullahiyyə təriqətinin zikr məclislərində sima rəqsi və musiqi ifa olunmurdu. Nemətullahilərə görə, həqiqətə çatmağın yolları bunlardır: zikr, fikr (təfəkkür), mühasibə (öz vicdanı qarşısında hesabat vermək), müraqibə (həmişə Allahın nəzarəti altında olduğunu hiss etmək) və vird.

Nemətullahiyyə təriqətinin rəmzi kəşkül və təsbehlə birləşmiş iki çarpaz təbərzindən (baltadan) ibarətdir. Kəşkül məşhur sufi atributlarından biridir. Adətən, sərt qabıqlı meyvələrin (məsələn, hindqozu) qabığından yumurtavari formada hazırlanmış içiboş qabdan ibarət olurdu. Keçmişdə sufi təriqətlərinin dərvişləri özləri ilə mütləq kəşkül gəzdirərdilər. Kəşkül bəzən taxtadan, bəzən isə dəmirdən hazırlanırdı. Kəşkül dərviş üçün hər şey demək idi; onun içində yemək yeyir, su içirdi, camaatdan aldığı ianələri də kəşkülün içində gəzdirirdi. Sufi ədəbiyyatında kəşkül kasıblığın və qənaətin rəmzi sayılırdı; çünki sufinin kəşküldən savayı heç bir əmlakı yox idi. Təbərzinlərin yuxarısındakı sahədə "hu" kəlməsi yerləşdirilib. Təbərzinlər nəfsin öldürülməsini, kəşkül - fəqr halını, təsbeh - zikrə və duaya bağlılığı, "hu" kəlməsi isə Allahı ifadə edir.

Nemətullahiyyə təriqətində mürşid müridlərin həm dini, həm də dünyəvi rəhbəri sayılır. Ona görə də bu təriqətin şeyxlərinin adına "şah" kəlməsini qoşurdular. Bir qayda olaraq, nemətullahiyyə şexlərinin adı "Əli Şah" kəlməsi ilə bitirdi (məsələn: Məstəli Şah, Məczubəli Şah, Məsuməli Şah, Nurəli Şah və b.). Şah Nemətullah Vəlidən sonra təriqətə onun oğlu, daha sonra isə nəvəsi başçılıq etmişdir.

Nemətullahiyyə uzun müddət əsasən İran ərazisində yayılmışdı. Səfəvilər zamanında siyasi səbəblər üzündən hökumət tərəfindən təqib olunduğu üçün təriqətin mərkəzi bir müddət Hindistana köçdü. XVIII əsrin sonlarında Məsuməli Şah Dəkkani İrana qayıdaraq, nemətullahiyyə təriqətinə yeni həyat bəxş etdi.

Nemətullahiyyə təriqətinə 1953-2008-ci illər arasında doktor Cavad Nurbəxş (II Nurəli Şah) başçılıq etmişdir. Onun zamanında təriqətin Amerika, Avropa, Afrika və Avstraliyada xanəgahları açıldı. İran xaricində ilk nemətullahi xanəgahı San-Fransiskoda fəaliyyətə başladı (1975). Cavad Nurbəxşin vəfatından (2008) sonra təriqətə onun oğlu Əlirza Nurbəxş (Rzaəli Şah) rəhbərlik edir.

Nemətullahiyyə təriqəti başqa dinlərin və təriqətlərin ardıcıllarına tolerant münasibəti ilə seçilir. Təriqət sufilik mövzusunda beynəlxalq konfranslar keçirir, kitablar buraxır, ingilis, rus, fars və ispan dillərində "Sufi" adlı jurnal nəşr etdirir.

Nemətullahiyyə təriqətinin məşhur üzvləri sırasında görkəmli Azərbaycan səyyahı, "Bustanüs-səyahə" və "Riyazüs-səyahə" kitablarının müəllifi Hacı Zeynal-abidin Şirvani (Məstəli Şah), biblioqraf alim Rzaqulu xan Hidayət (Hidayətəli Şah), rus şərqşünası akademik Y.E.Bertelsin oğlu A.Y.Bertels və başqalarının adlarını çəkmək olar.

(Üçüncü hissə)

Sührəvərdiyyə Məşhur sufi təriqətlərindən olan sührəvərdiyyənin banisi Cənubi Azərbaycan mənşəli sufi Ziyaüddin Əbun-nəcib Əbdülqahir Sührəvərdidir (1097-1168). Onun qardaşı oğlu Şihabəddin Əbu Həfs Ömər ibn Mühəmməd Sührəvərdi (1145-1234) təriqətin formalaşmasında mühüm rol oynamışdır. Əbun-nəcib Sührəvərdinin "Adabül-müridin", Şihabəddin Sührəvərdinin "Əvarifül-məarif" kitabları təsəvvüf aləmində ən məşhur əsərlərdən sayılır. Şihabəddin Sührəvərdi öz zamanında böyük nüfuza sahib idi, "şeyxüş-şüyux" (şeyxlərin şeyxi) ləqəbi ilə çağırılırdı. Bağdad şəhərindəki bütün sufi təkyələrinin idarəçiliyi ona həvalə edilmişdi.

Sührəvərdiyyə təriqəti əvvəlcə İraq, Suriya və İran ərazisində, daha sonralar isə Orta Asiya, Hindistan və Anadoluda yayıldı. Məşhur müsəlman ədibləri Sədi Şirazi, Fəxrəddin İraqi və Əbdürrəzzaq Kaşani sührəvərdiyyə təriqətinə mənsub idilər.

Hal-hazırda sührəvərdiyyə təriqəti Hindistan və Pakistan ərazilərində daha çox intişar tapmışdır. Təriqət barədə əsas ədəbiyyat da urdu və pəncab dillərindədir. Sührəvərdiyyə təriqətində açıq (cəli) və gizli (xəfi) zikrlərə xüsusi önəm verilir. Zikrlərin əvvəlincisi "La ilahə illəllah", ikincisi "Muhəmmədun rəsulüllah" cümləsidir. Zikrlərin sultanı "hu" kəlməsi sayılır. Hər zikrin öz deyilmə vaxtı və şəraiti var. Hətta hər zikrin müəyyən bir bədən üzvündən süzüldüyünə inanırlar.

Sührəvərdiyyə təriqətində yuxunun da özünəməxsus yeri var. Yuxuda insana bəzi irfani mətləblərin (mükaşifə) verildiyini iddia edirlər. Təriqətə daxil olmaq istəyən şəxs yatmazdan əvvəl dəstəmaz alır, Həzrət Muhəmməd Peyğəmbərə (s) və nəslinə min dəfə salavat söyləyir, 22 dəfə "ya Vədud" (əsmaül-hüsnadandır) zikrini deyib yatır. Yuxuda nə gördüsə, səhər onu şeyxə danışır və bundan sonra şeyxin icazəsi ilə təriqətin üzvü sayılır. Sührəvərdiyyə təriqətində mistik inanclar böyük yerə malikdir. Məsələn, təriqət şeyxlərinin öldükdən sonra həmin bədənlə başqa bir ölkədə yenidən yaşaya bildiyinə inanırlar. Xəfi (gizli) zikri söyləyərkən bədəndəki 10 dəliyi psixoloji təmrin vasitəsilə bağlamağa çalışırlar ki, həmin dəliklərdən nəfəs kənara çıxmasın və zikr pozulmasın.

Yəsəviyyə Bu təriqətin əsası Şeyx Əhməd Yəsəvi (vəf. 1166-cı il) tərəfindən qoyulmuşdur. Əsasən, Orta Asiyanın türkdilli xalqları arasında daha geniş yayılmışdı. Orta əsrlərdə Anadolu, Balkan yarımadası və Qafqaz bölgələrində mühüm təsir gücünə malik təriqətlərdən biri idi. Yəsəviyyə təriqəti türkdilli xalqların şüurunda İslam təfəkkürünün möhkəmlənməsinə böyük yardım göstərmişdir.

Bu təriqətdə cəhri zikr, yəni uca səslə zikr söyləmək ayini əsas yer tuturdu. Yəsəvilərin zikri adətən "Həyyü hu" sözlərindən ibarət olurdu. Yəsəviyyə təriqətinin müridləri nəfsin istəklərinə qalib gəlmək üçün riyazət (fiziki məhrumiyyətlərə dözmək) üsullarından istifadə edirdilər. Camaatdan uzaqlaşıb xəlvətə çəkilmək, susmaq bu təriqətin ardıcıllarının xarakterik xüsusiyyətlərindən sayılırdı.

Yəsəviyyə təriqətinə görə şəriət, təriqət, həqiqət və mərifət adlı dörd mərhələnin hər biri 10 məqama bölünürdü. Əsl sufi bu məqamların hamısından keçməli idi. Müridliyə qəbul olmaq istəyənləri ciddi-cəhdlə seçirdilər; müridin zəkalı, doğrucul, azdanışan və öz şeyxinə itaətkar olması əsas şərt sayılırdı.

Yəsəviyyə təriqəti nəqşbəndiyyə və bəktaşiyyə kimi böyük sufi təriqətlərinin yaranması üçün zəmin rolunu oynamışdır. Bu gün də Orta Asiyanın türkdilli xalqlarının dini həyatında və məişətində onun təsiri duyulmaqdadır. Yəsəviyyə tarixdə ilk türk sufi təriqəti sayılır.

(Dördüncü hissə)

Qadiriyyə Məşhur sufi təriqətlərindən biridir. Banisi Əbdülqadir Gilanidir (1077-1166). Qadiriyyə ən qədim sufi təriqətlərindən sayılır. Bağdadda yaranmış, bundan sonra müridlər vasitəsilə İndoneziyadan Avropaya, Sibirdən Mərkəzi Afrikaya kimi dünyanın müxtəlif ölkələrində yayılmışdır.

Qadiriyyə təriqətinin əsasında dinin göstərişlərinə ciddi riayət etmək tələbi durur. Qadirilər Allahın halal-haramına riayət etmək istiqamətində tam ciddilik nümayiş etdirir, dünya ləzzətlərindən uzaq qaçır, bununla belə, bəzi dərvişlərdən fərqli olaraq, miskin və möhtac halda yaşamağı bəyənmirdilər. Qadiriyyə təriqəti ucadan zikr söyləyən (cəhri) təriqətlərdəndir.

Onların zikr məclisləri 3 növ olur: dairəvi şəkildə oturmaqla yerinə yetirilən qüudi zikr, ayaq üstə durmaqla yerinə yetirilən qiyami zikr, qrup halında ahəstə dairəvi hərəkət etməklə icra olunan dəvərani zikr. Zikr məclislərində bir qayda olaraq, "Allah", "hu", "həyy", "ya Lətif" kəlmələri, "la ilahə illəllah", "bismillah" cümlələri, Fatihə, İxlas və Nəsr surələri təkrar edilir, Peyğəmbərin (s) ruhuna salam və salavat deyilir. Qadiriyyə təriqətində 40 günlük oruc tətbiq edilir.

Təriqətdə şeyx kultu çox güclüdür. Əbdülqadir Gilani "ğavsül-əzəm" (böyük yardım) adlandırılır. Təriqətin əsas iqamətgahı Əbdülqadir Gilaninin Bağdaddakı məzarı üzərində tikilmiş təkyədir. Qadiriyyə təriqəti artıq XV əsrdən müxtəlif qollara bölünməyə başladı. Hal-hazırda bu təriqətin qalibiyyə, ərusiyyə, budşişiyyə, əşrəfiyyə, rumiyyə, əsədiyyə, mühəmmədiyyə kimi qolları mövcuddur. Bu qolların bir çoxu qadiriyyə ilə başqa təriqətlərin sintezindən yaranmışdır. Qadiriyyə və rifaiyyə təriqətlərinin birləşməsindən yaranmış qalibiyyə təriqəti Türkiyədə böyük nüfuza malikdir. Qalibiyyənin banisi Şeyx Qalib Həsən Quşçuoğludur.

XV əsrdə qadiriyyə təriqətini Anadolu torpaqlarına gətirmiş Əşrəfoğlu Rumi (məşhur sufi Hacı Bayram vəlinin kürəkəni) təriqətin ikinci şeyxi (piri-sani) adlandırılır. XVII əsrin əvvəllərində İsmail Rumi (bəzən piri-sani ləqəbini ona aid edirlər) İstanbulun Topxana məhəlləsində qadiriyyə təkyəsi açmaqla, Türkiyənin dini-ictimai həyatında bu təriqətin rolunu gücləndirdi. Osmanlı sultanı II Əbdülhəmidin də qadiriyyə təriqətinə üzv olduğunu yazırlar. Qadiriyyə müridləri təriqətə daxil olduqdan bir il sonra başlarına 18 zolaqlı yaşıl papaq qoymaq hüququ qazanırlar. Təriqətin simvolu yaşıl rəngli qızılgüldür. Qızılgülün yarpaqları 5, 6 və 7 olmaqla üç cərgədə düzülüb. 5 rəqəmi İslamın əsaslarının, 6 rəqəmi imanın şərtlərinin, 7 rəqəmi isə qadiriyyə zikrlərinin sayına işarədir.

Rifaiyyə Banisi İmam Hüseynin (ə) nəslindən olduğu iddia edilən şafii məzhəbli Seyid Əhməd Rifaidir (1118-1182).

Rifaiyyə təriqətinin əsasında nəfslə mübarizə ideyası durur. Bunun üçün 40 günlük çillə, müxtəlif riyazət üsulları, musiqi alətlərinin çalğısı ilə müşayiət olunan zikr məclisləri nəzərdə tutulur. Rifai müridlərinin simvolu qara rəng idi, onlar başlarına qara çalma bağlayırdılar. Mühərrəm ayında 7 gün camaatdan ayrılıb xəlvətə çəkilir, oruc tutur, səhur və iftar yeməklərini mürşidin tapşırığına uyğun olaraq seçirdilər (bu xəlvət növünə "mühərrəmiyyə" deyilirdi).

Rifailər zikr vasitəsilə elə bir vəcd (ekstaz) halına çatırdılar ki, yanan tonqalın içində gəzir və bu zaman qətiyyən ağrı hiss etmirdilər. Rifai dərvişləri xalq içində gəzib möcüzəyə bənzər müxtəlif qeyri-adi işlər görürmüşlər (məsələn, alovu udur, şüşə parçalarını yeyir, zəhərli ilanları oynadırmışlar). Bütün bu ənənələr Seyid Əhməd Rifainin vəfatından sonra meydana gəlmişdir.

Orta əsrlərdə Misir, Anadolu və Balkan ölkələrində rifaiyyə təriqəti geniş yayılmışdı. Hal-hazırda Türkiyə ərazisində bu təriqətin qalibi qolu (banisi Şeyx Qalib Həsən Quşçuoğludur) fəaiyyət göstərir.

(Beşinci hissə)

Kübrəviyyə Kübrəviyyə məşhur sufi təriqətlərindən biridir. Banisi Nəcməddin Kübra adı ilə tanınan Əbu Cənab Əhməd ibn Ömərdir (1146-1220). Nəcməddin Kübra Orta Asiya, İran, Ərəbistan, Misir ölkələrini qarış-qarış gəzmiş, axırda vətəni Xarəzmə qayıtmış və monqolların hücumu zamanı şəhəri müdafiə edənlərə qoşularaq şəhid olmuşdur. Nəcməddin Kübranın keçdiyi təsəvvüf yolu Azərbaycanla bağlıdır. Belə ki, o, Cənubi Azərbaycan əsilli, sührəverdiyyə təriqətinin banisi Şeyx Əbu Nəcib Sührəverdinin şagirdindən, eləcə də, Təbrizdə Baba Fərəc Təbrizi adlı mürşiddən dərs almışdır.

Nəcməddin Kübranın sistemləşdirdiyi kübrəviyyə təriqətinə IX əsrdə yaşamış məşhur sufi Cüneyd Bağdadinin fikirləri mühüm təsir göstərmişdir. Nəcməddin öz şagirdlərini Cüneyd kimi yaşamağa, yəni daim dəstəmaz, oruc, sükut halında olmağa, dünya qayğılarından uzaqlaşmağa və şeyxin rəhbərliyi altından kənara çıxmamağa çağırırdı. Kübrəviyyə təriqətində əsmaül-hüsnaya (Allahın gözəl adlarına) xüsusi diqqət yetirilir.

Kübrəvilərə görə insan kamilləşdikcə, onda Allahın bütün sifətləri təcəlla edir (yalnız "Rəhman" və "Rəhim" sifətlərindən başqa). Kamil insan kainatın kiçik modelidir. O, maneəsiz olaraq, fəzanın ənginliklərində seyr edə bilər. Kübrəviyyə təliminə görə Allahın bütün sifətləri səmanın müəyyən bir qatında məkan tutmuşdur. Sufi həmin məkanları seyr etdikdə oradakı ilahi sifətləri də dərk edir və mənimsəyir. Əlbəttə, bu dərketmə və mənimsəmə fiziki hissiyyat üzvləri ilə deyil, qəlb vasitəsilə mümkün olur.

Kübrəviyyə təriqətində rənglərin də xüsusi mənası vardır. Sufi ilahi sifətlərin təcəllasına nail olduqca, hər mərhələdə bir rəngi duyur və özünü həmin rəngə boyanmış hiss edir. Rənglərin hər birinin öz izahı var: ağ rəng İslamın, sarı imanın, tünd göy ehsanın, mavi yəqinin, qırmızı irfanın, qara rəng isə Allahın cəlalının rəmzidir. Qara rəngi "görən" şəxs fəna halına çatmışdır. Rənglərin sonuncusu yaşıldır. Yaşıl rəngi "görən" sufi seyrü-süluk yolunun sonuna yaxınlaşdığını bilir.

Bütün sufi təriqətlərində olduğu kimi kübrəviyyədə də mürşid kultu güclüdür. Seyrü-süluk yolunda sufinin düzgün istiqamətdə irəliləməsi və ilahi təcəllanı şeytani vəsvəsələrdən ayıra bilməsi üçün həmişə kamil bir mürşidin nəzarəti və rəhbərliyi altında olması vacibdir.

Kübrəviyyə təriqətinin silsiləsi Kümeyl ibn Əsəd və Həsən Bəsri vasitəsilə İmam Əli ibn Əbutalibə (ə) və Həzrət Mühəmməd Peyğəmbərə (s) bağlanır.

Seyrü-süluk yolunda irəliləyən sufinin qəlbində aşağıdakı 10 hal yaranır: tövbə, zöhd, təvəkkül, qənaət, üzlət (tənhalıq), zikr, təvəccüh (dünyaya aid olan hər şeydən uzaqlaşıb, qəlb gözünü Allaha yönəltmək), səbir, müraqəbə (hər an Allahın nəzarəti altında olduğunu duymaq) və riza. Göründüyü kimi seyrü-süluk yolunda arifin keçdiyi halların burada verilmiş təsnifatı klassik təsəvvüf mənbələrindən sayılan Əbu Nəsr Sirac Tusinin "əl-Lümə" əsərində verilmiş məqam və hal sistemindən fərqlənir və onların sintezini xatırladır.

Kübrəviyyə təriqəti Nəcməddin Kübranın müridləri vasitəsilə Türkiyə və Hindistan ərazisində də yayılmışdır. Bu təriqətin məşhur nümayəndələri və Nəcməddin Kübranın şagirdləri sırasında Mövlana Cəlaləddin Ruminin atası Bəhaüddin Vələd, məşhur şairlər Fəridəddin Əttar, Əlaüd-dövlə Simnani, məşhur arif Əzizəddin Nəsəfi kimi məşhur şəxsiyyətlərin adlarına rast gəlirik. Xüsusilə, Əlaüd-dövlə Simnani kübrəviyyə təriqətinin inkişafında mühüm rol oynamış, bu təriqətin ideya əsaslarında bəzi islahatlar aparmış, onu vəhdəti-vücud təlimindən ayırmışdır.