Deyirlər ki, Quranın bəzi ayələrini oxumaq günahdır. Bu hansı ayələrdir?


Digərləri 05 İyn 2021 19:10:00 209 0

Deyirlər ki, Quranın bəzi ayələrini oxumaq günahdır. Bu hansı ayələrdir?

Bu, Qurani-Kərim barədə məlumatın azlığından və ya qeyri-düzgün izahdan qaynaqlanan bir fikirdir.

Əslində, Quranda oxunması günah olan heç bir ayə yoxdur. Quran bütünlükdə Allahın kəlamıdır, müqəddəsdir, onun hər ayəsini və kəlməsini oxumaq, mənası barədə düşünmək və hökmünə əməl etmək insana sonsuz savab gətirir. Qurani-Kərimdə bəzi ayələr var ki, onları oxumaq insandan müəyyən şərtlər tələb edir.

Məsələn, "səcdə" ayələri deyilən dörd ayəni oxuyan və dinləyən insan mütləq dərhal şükür səcdəsi etməlidir. Həmin ayələr bunlardır: Səcdə, 15; Füssilət, 37; Nəcm, 62 və Ələq, 19. Quranın vacib səcdəsini yerinə yetirmək üçün dəstəmaz almaq, üzü qibləyə durmaq, geyim və paklıq şərtlərinə riayət etmək şərt deyil, alnı səcdə niyyəti ilə yerə qoymaq, istənilən zikri söyləmək (məsələn, "əlhəmdu lillah" və ya "subhanallah") kifayətdir.

Həmçinin, boynunda cənabət qüslü olan şəxsin və ya heyz qüslü olan qadının bu dörd ayəni oxuması günahdır (qalan bütün ayələri - bədənini Quran yazısına toxundurmamaq şərti ilə - oxuması günah sayılmır). Bəzən insanlar bu hökmləri bilmədiklərindən elə düşünürlər ki, həmin ayələri oxumaq hamıya qadağandır. Bəzən isə din xadimləri insanların həmişə paklığa riayət etməsinə əmin olmadıqları üçün onlara söyləyirlər ki, Quranın həmin ayələrini ümumiyyətlə oxumasınlar.