Ermənistan razılığa gəlib


Siyasət 01 İyn 2021 14:25:00 176 0

Ermənistan razılığa gəlib

II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəni nəinki tək Azərbaycan üçün, bütünlükdə region dövlətləri üçün olduqca əhəmiyyətli və vacib hesab etmək olar. Rəsmi Bakı 10 noyabr üçtərəfli bəyanatından sonra ipə-sapa yatmayan Ermənistanın nazını çəkmək fikrində deyil. Belə ki, rəsmi Bakı bunu məlum bəyanatın son 6 ay ərzində ən çox müzakirə predmetinə çevrilən bəndi - Zəngəzur dəhlizi ilə bağlı məsələni bir an belə olsun gündəliyindən kənar qoymamaqla rəsmi İrəvanı çox gözləmək fikrində olmadığı mesajını verir.

Yeni dəhlizlərin regionda yükdaşımaların çevikliyini və rentabelliyi təmin edəcəyini yaxşı anlayan bəzi dövlətlər Azərbaycanın bu istəyinə birbaşa və dolayısı ilə dəstəyini də nümayiş etdirirlər. Lakin Ermənistandakı revanşist qüvvələr və bəzi hərbi, siyasi dairələr bu prosesin manipulyasiyası ilə məşğuldurlar. Nikol Paşinyan və onun rəqibləri ən azı Ermənistanda keçiriləcək 20 iyun parlament seçkilərinə qədər Zəngəzur dəhlizi ilə bağlı məsələni bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkləri istisna edilmir.

Faktiki olaraq Ermənistanda seçki kampaniyasının tərkib hissəsinə çevrilən Zəngəzur dəhlizi ilə bağlı məsələnin isə 10 noyabr bəyanatında nəzərdə tutulan həlli üsuluna sayılı günlər qaldığını deyə bilərik. Bu məsələyə son zamanlar hər çıxışında xüsusi yer ayıran Prezident İlham Əliyev bu dəfə mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən son vəziyyəti açıqlayıb. "İkinci Qarabağ savaşından sonra biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur koridoru kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək", - deyən dövlət başçısı bu açıqlaması ilə postkonflikt dövründə rəsmi Bakının diplomatik hücumları sayəsində 44 günlük müharibə ilə əldə edilən Zəfərin davamının gəldiyinə işarə edib. Müharibə başa çatdıqdan sonra ilk vaxtlar Ermənistanda xüsusilə Zəngəzur dəhlizi ilə bağlı bəndin böyük etirazlara səbəb olduğunu diqqətə çatdıran Prezident, artıq bu narazılıqların da erməni cəmiyyətində əsassız olduğu qənaətinə gəlindiyini deyib. 

Bunun təsdiqi kimi Ermənistanla sərhəddə baş verən son insidentlər fonunda İrəvandan səsləndirilən açıqlamalar diqqət çəkməyə bilməz. Ermənistanın kapitulyasiya aktından sonra rəsmi Bakının hər addımını özlərinə qarşı təcavüz, zorakılıq hesab edən bəzi erməni siyasətçilərinin artıq Ermənistanın təxribatı ilə etiraflarını eşitməkdəyik. Ermənistanda bəzi qüvvələr son günlərdəki gərginliklərlə bağlı reallığı deməyə məcbur olublar. Məsələn, sabiq prezident Levon Ter-Petrosyan Ermənistanın postmüharibə dövründə Azərbaycanla bağlı apardığı siyasət haqqında danışarkən, çox güman ki, artıq istefada olan xarici işlər naziri Ara Ayvazyanı nəzərdə tutaraq qeyd edib ki, "Ermənistan Qarabağ müharibəsindən sonra yenə xarici dövlətlərə xoş görünmək üçün Türkiyə və Azərbaycana qarşı təhdid diliylə danışır". Burada Ermənistanın I prezidenti açıq etiraf edir ki, bu ölkənin XİN rəhbəri təxribatlarından əl çəkmir və postmünaqişə dövründə sərsəm bəyanatlar səsləndirərək bəzi Qərb dairələrinin təlimatlarını yerinə yetirməklə məşğuldurlar.

"Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyanı da Ermənistanın son proseslərdə iddialarını əsassız hesab edən siyasətçilərdən hesab etmək olar. Hakim iqtidar partiyanın millət vəkili, Nikol Paşinyanın ən yaxın dostu hesab edilən Vahe Qalumyan erməniləri reallıqla barışmağa çağırıb: "Bilməyiniz lazımdir ki, Tavuş bölgəsində Azərbaycana məxsus Əskipara, Xeyrimli,  Barxudarlı, Sofulu adlı kəndlər var. Bu kəndlər Azərbaycana qaytarılacaq. Çünki bu kəndlər Azərbaycana məxsusdur. Amma nədənsə çoxları reallığı qəbul etmək istəmir".

Bununla da erməni millət vəkili Azərbaycanla sərhəd problemindən danışarkən etdiyi açıqlama ilə sərhəd məsələsində rəsmi Bakının haqlı olmasına eyham vurub. Bəzi erməni siyasətçilər kimi, vətəndaşlarının da əksəriyyəti artıq başa düşməyə başlayıb ki, müharibəyə qədər və postmüharibə dövründə elə əsl təxribatla məşğul olanlar Ermənistan hakimiyyətinin başında dayananlar idi. Bunun davamı kimi Ermənistanın "H1" telekanalının Kərki kəndi ərazisindən hazırladığı reportaj zamanı etdiyi etirafı göstərmək olar. Belə ki, müxbirin reportajı zamanı Kərki kəndinin Azərbaycana məxsus olduğunu deməkdən çəkinməməsi Ermənistanda həqiqəti etiraf marafonun başladığından xəbər verir.

Hadisələrin bu cür cərəyan etdiyi bir vaxtda Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri ilə görüş zamanı "Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var", - deyən dövlət başçısı hər şeyin sosial şəbəkə seqmentində yayılan bir çox dezinformasiyalardan fərqli olaraq proseslərin Azərbaycanın xeyirinə cərəyan etdiyi mesajını verdi. 

Prezidentin "Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir" açıqlaması isə müharibə qanunlarına uyğun olaraq postkonflikt dövründə də qaydaları diqtə edən tərəfin qalib tərəf - Azərbaycanın olduğu kimi təhlil etmək mümkündür. Çünki bu koridorun açılmasında bir narazı tərəf var idi, o da Ermənistan. Lakin artıq daşlar yerindən oynadı. Rəsmi Bakı müxtəlif yollarla Ermənistan hərbi-siyasi rəhbərliyinə və cəmiyyətə başa salmağa başlayıb ki, yeganə xilas yolu var. O yol da kommunikasiyaların və nəqliyyat dəhlizlərinin istifadəyə verilməsindən keçir.

Təhməz Əsədov Son.az