600 mindən çox uşaq müxtəlif sosial ödənişlərlə təmin olunur


Digərləri 01 İyn 2021 14:10:00 155 0

600 mindən çox uşaq müxtəlif sosial ödənişlərlə təmin olunur

Hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün yüksək səviyyədə qeyd edilir.

Uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda:

sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları

aylıq müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (himayəçiləri), üç yaşınadək uşaqlara qulluğa görə onların sığortaolunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər.