""Maaş nə qədərdir" teatra gələn gənclərin verdiyi ilk sual budur"


Şou-biznes 31 May 2021 20:18:00 162 0

""Maaş nə qədərdir"  teatra gələn gənclərin verdiyi ilk sual budur"

"İndi sənətə gələndə naxışın gətirməlidir. Əgər sən bu gün yox, gələcək üçün çalışmırsansa, üzərində işləmirsənsə olmur. İndi gənclər gəlir, tanınmaq asandır. Amma adını saxlamaq, möhrünü vurmaq çətindir".

Son.az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev "Kino mən" proqramında deyib. Aktyor çalışdığı Rus Dram Teatrından bəhs edib:

"Teatrımız tamaşaçı korluğu çəkmir. Gərək tamaşa, səhnədə aktyorun rolu, teatrın tamaşaçıya deyəcək sözü olsun. Bizim teatrda da digərlərindəki kimi uğurlu və uğursuz tamaşaçılar var. Yaxşı tamaşaya tamaşaçı gəlir. Pisə isə gətizdirirlər. Dəvətnamələr, başqa firmalar tərəfindən təşkil olunur. Direktorumuz Ədalət Hacıyev cəhdlər edir: tamaşaya yaxşı maliyyə buraxır, xəsislik etmir. Həyat yoldaşım, Xalq artisti İnara xanımla onların yaxşı əməkdaşlığı var. Xanımım tələblər edir, o da yaradıcılıq üçün razılaşır. Bu, müasir teatrda prodüser işidir. Bu, lazımdır".

F.Atakişiyev gənc aktyorlardan söz açıb:

"Biz sovet dövrünün təhsilini almışıq. 1990-cı ildə doğulanlar, o haqda eşidib, görməyib. Keçid dövründə həyat normaları dəyişir. Pandemiyada da həyat normalarımız dəyişdi. İndi gəncləri hansısa teatra dəvət etsələr, ilk sözü bu olacaq: maaş nə qədərdir? Normal insandır, biz normal deyilik. Əvvəl stabillik həyat tərzi idi, indi arzudur".