28 maya həsr olunmuş “Mənim Azərbaycanım” adlı virtual konsert keçirilib FOTO


Kriminal 28 May 2021 16:14:00 163 0

28 maya həsr olunmuş “Mənim Azərbaycanım” adlı virtual konsert keçirilib  FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində 28 may Respublika gününə həsr olunmuş "Mənim Azərbaycanım" adlı virtual konsert proqramı təqdim olunub.

Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatları çıxış etmişdir: Camal Əliyev (piano), Əli Vəliyev (piano), Teymur Kazımov (vokal), Şəkər Cavadzadə (piano), Nigar Həsənli  (piano), Kamilla İmanova (vokal), Səid Vəlizadə (piano), İnci Vəlizadə (piano), Aytac Vəlizadə (piano), Aynur Abdullayeva (piano). Konsert proqramında - V.Mustafazadə - "Mart" , T.Quliyev - "Qaytağı", F.Əmirov - "Azərbaycan elləri" , Q.Qarayev - "İnsan məskən salır" k/f-dən musiqi,  İ.Abdullayev - "Payız", A.Zeynallı - "Ölkəm", Xalq mahnısı - "Sarı gəlin" (işləyəni: O.Rəcəbov), S.Hacıbəyov - Prelüd və s.əsərlər səslənmişdir. Gənc bəstəkar Yusif Abbasovun (müəllim Pikə Axundova) "Azərbaycan Süitası" əsəri konsertə xüsusilə rəng qatıb.

"Gənclərə dəstək" layihəsinin fəal iştirakçılarından olar Azərbaycan Milli Konservatoriyasının Xoru isə D.Dadaşovun  "Səninləyəm" və F.Əmirovun "Odlar yurdu" əsərlərini ifa etdi (bədii rəhbər Təranə Yusifova).

Qeyd edək ki, "Gənclərə dəstək" layihəsi 2016-cı ildə yaradılmışdır. Layihənin məqsədi ölkəmizdə gənc musiqiçilərin gələcək fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsinə, yeni uğurlarının əldə edilməsinə, ifaçıların ölkənin aparıcı konsert zallarında çıxış etmək üçün şəraitin yaradılmasına, səhnə mədəniyyətinin yüksəldilməsinə, habelə gənc bəstəkar əsərlərinin təbliğ olunmasına yönəlmişdir. Layihə çərçivəsində reallaşan konsertlər müxtəlif mövzulara həsr olunur və tamaşaçılar konsertlərdə həm vokal, kamera instrumental, həm də sinfonik və muğam axşamlarının şahidi olurlar.