Dünyanı qarışqarış gəzən azərbaycanlı səyyah


Digərləri 27 May 2021 16:15:00 200 0

Dünyanı qarışqarış gəzən azərbaycanlı səyyah

Azərbaycanlı səyyah Mehrac Mahmudovun səfər etdiyi ölkə və ərazilərin siyahısı 200-ü ötdü. 70 ildən çox tarixi olan və dünyanın ən böyük səyyahlarını birləşdirən Travellers' Century Club həmyerlimizi təşkilatın "Qızıl üzvlük" dərəcəsi ilə təltif edib.

Bu cür qapalı birliklər tərəfindən qəbul edilmək üçün azı 100 ölkəyə səfər etmək və verifikasiyadan keçmək lazımdır. Müraciətinizə yalnız bu şərtlə baxılır. Səyahətlərin sayı artdıqca səyyahın statusu da qalxır. Ancaq bu iş şərti səyahətlə bitmir: vaxtilə adlarını eşitdiyimiz italiyalı Marko Polo, britaniyalı Ceyms Kuk, müsəlman səyyahlardan mərakeşli İbn Battuta kimi səyyah adını qazanmaq üçün çətin yollardan keçmək lazımdır. Yeri gəlmişkən, bu gün müsəlman dünyasında Mehrac Mahmudovdan başqa, təltif olunan yoxdur.

Bəzən hesab edirik ki, qloballaşma dövründə səyahət etmək qədim dövrlərə nisbətən asanlaşıb, lakin klubun da etiraf etdiyi kimi, gedib çıxmaq üçün günlərlə yol getmək, ödənişli xidmətlərin belə, yetişə bilmədiyi təhlükəli yerlər hələ çoxdur. Hətta elə ərazilər var ki, ora tək getmək mümkün deyil, səyyahlar yalnız qrup halında yola çıxırlar. Çətinliklər nəinki coğrafi, həm də inzibati ola bilir. Bəzən ucqar dağlar, qaranlıq meşələr və ya ucsuz-bucaqsız səhralarda sivilizasiyadan uzaq düşmüş tayfalar səyyahlara hücum edir və ya ən yaxşı halda əraziyə buraxmır. Yalnız uzun danışıqlar nəticəsində o əlçatmaz yerləri ziyarət etmək nəsib olur.

Həmyerlimizin səyahət etdiyi bu cür yerlər arasında Klipperton, Frans-İosif, Qalapaqos kimi ucqar adalar, Arktika, Antarktida, Cənubi Amerika və Afrikanın cəngəllikləri, Somaliland, Cənubi Sudan, Nigeriya, Suriya, Liviya yer alır.

Dünyanı kəşf etmək həvəsi, təbiətə sevgi və enerji olmadan bu cür sınaqların öhdəsindən gəlmək mümkün deyil. Elə buna görə də azərbaycanlı entuziast dünyaca məşhur peşəkar səyyahların siyahısına düşüb.

Ümumilikdə peşəkar səyyahlar bütün Yer kürəsini 1301 bölgəyə ayırır. Məsələ burasındadır ki, hər hansı ölkənin bir şəhərini ziyarət etməklə həmin ölkəni gəzmiş sayılmırsan, onun bütün regionlarını gəzmək, hər yeri ilə tanış olmaq lazımdır. Məhz bu səbəbdən BMT-nin 193 ölkəsi və hələ də tanınmayan bir neçə ərazisi bu qədər bölgəyə ayrılır. Mehrac Mahmudov bu günədək 800-dən çox bölgəni gəzib, hal-hazırda bu nailiyyətin də rəsmiləşdirilməsi prosesi gedir. Dünya reytinqinə görə professional səyyahlar arasında ön sıralarda yer alır.