İcraçı direktor: "Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir"


Digərləri 27 May 2021 16:10:00 137 0

İcraçı direktor: "Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir"

Son.az Azərtac-a istinadən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun müsahibəsini təqdim edir:

-Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var?

-Cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

Bildiyiniz kimi, Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaqdır. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətlərinin əlaqələndirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir. Qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcəkdir.

Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.  

-Agentlik media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri hansı istiqamətlərdə yerinə yetirəcəkdir?

-MEDİA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir. Qurum bu istiqamətdə atılacaq addımlara dəstək göstərəcəkdir. Digər vacib prioritetimiz dövlət-media münasibətlərinin vacib elementlərindən biri kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış "Media haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi bu istiqamətdə islahatların dərinləşdirilməsi baxımından dəyərli töhfə olacaqdır.