Astronomlar Süd Yoluna bənzər qalaktikanı ətraflı tədqiq ediblər


Digərləri 26 May 2021 22:15:00 339 0

Astronomlar Süd Yoluna bənzər qalaktikanı ətraflı tədqiq ediblər

Avstraliya və Almaniyadan olan astronomlar bütövlükdə Süd Yoluna bənzər qalaktikanı ətraflı öyrəniblər. Müəyyən ediblər ki, həmin qalaktikada da ulduzların erkən və sonrakı generasiyası bizim Qalaktikada olduğu kimi yerləşir. Alimlərin bununla bağlı gəldiyi qənaətə görə, ulduzların iki nəslinin mövcudluğu, əvvəllər hesab edildiyi kimi Süd Yolunun unikal xüsusiyyəti deyil, spiral qalaktikaların səciyyəvi cizgisidir. Tədqiqatın nəticələri "The Astrophysical Journal Letters" nəşrində dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni tədqiqat Süd Yolunun unikallığı haqqında tezisi şübhə altına qoyur. Alimlər güman edirlər ki, qalaktikada ulduzların müxtəlif nəsli spiral qalaktikaların keçdiyi təbii inkişafın nəticəsidir.

Avstraliya Tədqiqat Şurasının Üçölçülü Göy Astrofizikası Mükəmməl Mərkəzindən (ASTRO 3D) Nikolas Skott və Cesse van de Sandeminin rəhbərliyi ilə alimlər Sidney Universitetindən, Makkuori Universitetindən və Maks Plank Fizika İnstitutundan olan həmkarları ilə birlikdə ilk dəfə UGC 10738 qalaktikasının əhatəli təsvirini əldə ediblər. Onun da Süd Yolunda olduğu kimi aydın seçilən "qalın" və "nazik" diskləri var.

ASTRO 3D mərkəzindən Nikolas Skottun sözlərinə görə, əvvəllər Süd Yolunun "nazik" və "qalın" disklərinin nadir qovuşma nəticəsində meydana gəldiyi, bu səbəbdən də onlardan, ehtimal ki, digər qalaktikalarda olmadığı hesab edilirdi. Tədqiqat göstərir ki, bu, belə deyil. Süd Yolu kimi quruluşu və xüsusiyyətlərə malik qalaktikalar normal təsvir edilə bilər, "nazik" və "qalın" disklər isə qəza səbəblərindən deyil, qalaktikaların "standart" yaranma və təkamül yolları ilə meydana gəlib. Bu, Süd Yolu kimi qalaktikaların, ehtimal ki, çox yayıldığını göstərir.

UGC 10738 qalaktikasının unikal eninə yerləşməsi alimlərə bu nəticəyə gəlməyə imkan verib; astronomlar hər diskdə hansı növ ulduzun yerləşdiyini görə bilirlər. Alimin sözlərinə görə, bu, haradasa insanların boyunun müqayisəli qiymətləndirilməsinə bənzəyir. Bunu yuxarıdan etmək mümkün deyil. Lakin yan tərəfdən baxanda nisbətən asandır.

Müşahidələr göstərib ki, UGC 10738 qalaktikasının "qalın" diski, Süd Yolunda olduğu kimi, əsasən dəmirin hidrogen və heliuma nisbəti az olan qədim ulduzlardan ibarətdir. "Nazik" diskdəki ulduzlar isə sonralar yaranıb və onlarda daha çox metal var.