Regionda barışa mane olan nədir? Azərbaycan sülh, Ermənistan münaqişə tərəfdarı kimi...


Siyasət 26 May 2021 21:10:00 129 0

Regionda barışa mane olan nədir?  Azərbaycan sülh, Ermənistan münaqişə tərəfdarı kimi...

Proseslər onu göstərir ki, Ermənistan hələ də müharibədəki məğlubiyyət və regionda yaranan yeni reallıqla barışmaq istəmir. Yaxın gələcəkdə də bununla bağlı qarşı tərəfdən hər hansı bir müsbət addımın atılacağı, açığı, gözlənilmir. Çünki Ermənistan başına gələn bunca faciələrdən sonra yenə də dövlət səviyyəsində təxribatlarını, revanşist siyasətini nümayiş etdirir. Görünən odur ki, Ermənistan bölgədə sülhün deyil, münaqişənin yenidən alovlanmasının tərəfdarıdır.

Təkcə son iki həftə ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə diqqət etmək yetərlidir ki, bu dövlətin əsl niyyətini görək. Bu çirkin niyyətdə hər zamankı kimi yalan maşınından istifadəyə üstünlük verilir. Belə ki, Azərbaycan sərhədçilərinin mövcud sənədlərə və xəritələrə əsasən, Ermənistanla sərhəd xətlərini müəyyənləşdirməsi və bununla bağlı müvafiq ərazilərə yerləşməsi "hay-şüvən" salmaq üçün Ermənistana bir fürsət oldu. Guya, Azərbaycan ordusunun Ermənistan ərazilərinə daxil olması iddiası ilə yalan xəbərləri tirajlamaqla ölkəmizi ərazi təcavüzündə ittiham etdilər. Məqsəd aydındır, Vətən müharibəsi dövründə olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) üçüncü tərəf kimi məsuliyyətə cəlb etmək istəyirdirlər.

Niyyətləri baş tutmayınca öz təxribatlarına davam etdilər. Bu dəfə Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yaydı. Hələ bu atəş nəticəsində guya bir erməni hərbçisinin həlak olduğu da vurğulandı. Azərbaycan Müdafiə Nazirliyi isə anındaca bu məlumatı təkzib elədi. Bildirdi ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

Nazirlik birmənalı şəkildə bildirdi ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb: "Sərəncamımızda olan məlumata əsasən, erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur. Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır".

Erməni yalanları bunlarla bitmədi. Yerli kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə guya əsgərimizlə qarşıdurmanın yer aldığı bir video yayıldı. Əslində, yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb. Bu video ilə bağlı sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb. Eyni zamanda, hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb.

Ən nəhayət, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Azərbaycan tərəfindən cavab atəşi açılmayıb. İtki yoxdur.

Diqqət edin, cavab atəşi açılmayıb. Ölkəmiz ən kiçik belə təxribat olacağı təqdirdə "dəmir yumruğu" işə salacağı xəbərdarlığını dəfələrlə etməsinə baxmayaraq, Ermənistana daha bir şans verib. Həmişə olduğu kimi, bu dəfə də sabitliyin, barışın əsas təmsilçisi kimi çıxış edib. Lakin Ermənistan tərəfi bundan nəticə çıxarmasa, başına gələcəkləri də unutmamalıdır.

Barışdan danışmışkən, bir neçə gün öncə, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrində Prezident İlham Əliyev nitqində və suallara verdiyi cavablarda regional inkişaf, Qafqazın gələcəyi ilə bağlı olduqca mühüm, həssas məqamlara toxundu. Dövlət başçısı regionun lider ölkəsinin rəhbəri kimi, bölgənin inkişaf mexanizmini, prinsiplərini, perspektiv və hədəflərini elan etdi. Buradan dünyaya və region ölkələrinə çox mühüm və səmimi mesajlar verildi: Azərbaycan Prezidenti Qarabağda münaqişə və müharibənin bitdiyini israrla və dəfələrlə vurğulayır, bundan sonra regionda sıx əməkdaşlıq, sülh içində, dinc yaşamağı, irəliyə baxmağı təklif edir və qarşı tərəfi də buna səsləyir. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan bunun regionun gələcəyinin əməkdaşlıq, inkişaf, təhlükəsizlik baxımından əsas şərt olduğunu dərk edir.

Ermənistan isə "qış yuxusundan" ayılmaq istəmir. Təbii ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var - ölkədə faktiki olaraq xaos hökm sürür; nüfuzlu, güclü hökumət və ya müxalifət yoxdur; ölkənin inkişafı üçün aydın və konkret bir proqram mövcud deyil; çıxılmaz vəziyyətlə bağlı bütün siyasi qüvvələr bir-birinə zidd mövqe sərgiləyir; ən nəhayət, ölkədəki və sərhəddəki vəziyyətlə bağlı heç kim tam məsuliyyət daşımır.

Belə olduğu təqdirdə, təbii ki, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə barışığı, regionda sülh və əməkdaşlığı, birgə inkişaf üçün nəqliyyat dəhlizi və kommunikasiyaların açılmasının vacibliyini dərk etmək olduqca çətindir.

Elgün Mənsimov Trend