Bu xəbər doğrudursa, İran çox səhv yoldadır


Siyasət 22 May 2021 11:30:00 146 0

Bu xəbər doğrudursa, İran çox səhv yoldadır

"ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını aradan qaldırması Türkiyə tərəfindən müsbət qarşılanmaqdadır".

Bunu Son.az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Keçmiş səfir bildirib ki, hələ sülh müqaviləsi bağlanmadığı halda Ermənistana hərbi yardım cəhdi bölgədə sabitliyi təhlükə altına qoyur:

"Türkiyə hər fürsətdə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qarşı olduğunu dəfələrlə bəyan edib. Bir neçə il əvvəl, yaxın keçmişdə Türkiyənin Venesuela ilə birgə İrana verdiyi dəstək yaddaşımızdadır. Türkiyə qonşusu İran ilə yaxşı münasibətlərini davam etdirməyi, İran xalqının rifah içərisində yaşamasını arzu edir. Azərbaycan da eyni ilə İranla müsbət münasibətlərini davam etdirir və belə davam etməsini arzu edir. Ancaq Azərbaycanın 44 günlük Vətən müharibəsindən öncə və savaşın başladığı ilk günlərdə İranın Ermənistana yardım etdiyi sirr deyildi. Yəni II Qarabağ müharibəsindən öncə Ermənistanla İran arasında imzalanan müqavilələrdən çox yaxşı xəbərdarıq. İndi İran hökümətinin Ermənistana hərbi yardım göstərmək təşəbbüsünə də təəccüblənmirik. Amma qonşu bir ölkə olan İranın Ermənistana belə bir dönəmdə hərbi yardım cəhdinin doğru olmadığını düşünürük. Azərbaycanla Ermənistan arasında bir sülh müqaviləsi olarsa, ondan sonra İranın Ermənistana hərbi yardım etməsi tərəfimizdən normal qarşılanar. Amma regionda yeni bir reallıq var, bu reallıq hələ yerini tutmamış baxırsan ki, Azərbaycan torpaqlarını işğal etmiş, hələ də Azərbaycana düşmənçilik bəsləyən, revanş hissləri ilə yaşayan Ermənistana İran keçmişdə olduğu kimi hərbi yardım etmək istəyir. Hansı ki, İranın Türkiyəyə qarşı ərazi, qondarma soyqrımı idiaları da var.

Biz İranı dürüst bir qonşu olmağa dəvət edirik. Biz necə davranırıqsa, o da eyni şəkildə davransın. Prezident Rəcəb Tayyib Ərdoğanın keçən ilin 10 dekabr tarixində Bakıdakı Zəfər paradında oxuduğu "Araz" şeirindən sonra İranın səlahiyyətli hökümət adamlarının verdikləri çirkin reaksiyaları unutmadıq. İndi İranda yaşayan 35-40 milyon Azərbaycan türkü var. Bu Azərbaycan türkləri də təbii ki, İran hökümətinin verdiyi bu qərarları yaxından izləyirlər. Necə ki, bu şeir oxunduqdan sonra verilən rekasiyaları da yaxından izlədilər.

İranlı səlahiyyətlilər tez bir zamanda ağıllarını başlarına yığmalıdırlar, həm Türkiyə, həm Azərbaycanla yaxşı qonşuluq münasibətini davam etdirmələri lazımdır. Dürüst olmaq lazımdır. Həqiqətən həm Türkiyə ilə, həm Azərbaycanla həmrəylik nümayiş etdirməyini gözləyirik.

İranın Ermənistana verdiyi bu dəstək və yardımları bölgədə hələ əldə olunmamış sülhə, sabitliyə mənfi təsirini göstərir. Sülh müqaviləsindən sonra istədiyini edər. Biz də - həm Türkiyə, həm Azərbaycan Ermənistanla münasibətlərini yaxşılaşdırmağa hazırdır. Amma bundan öncə sülh müqaviləsinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Türkiyədən torpaq və qondarma soyqrımı iddialarından əl çəkməsi lazımdır.

Onun üçün də əgər bu xəbər doğrudursa, biz ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsinin əksinə deyilik. Onsuz da biz də illərdir ABŞ-dan bunu tələb etdik. Amma iranlı generalların Ermənistana səfəri və onlara hərbi yardım təklifi xəbəri ümid edirəm doğru deyil və bu xəbər əgər doğrudursa, bölgədəki sülhə və sabitliyə zərər verəcək. Bunun həm türklərə, həm türk dünyasına qarşı yanlış bir addım olduğunu düşünürəm. İranın səlahiyyətli şəxslərinin bu cür səhv addımlardan əl çəkməsinin lazım olduğu fikrindəyəm".

Təhməz Əsədov Son.az