Abşeronda məktəb direktoruna cinayət işi açıldı


Digərləri 20 May 2021 16:12:00 122 0

Abşeronda məktəb direktoruna cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunmuşdur.

Bununla bağlı Abşeron rayon prokurorluğundan Son.az-a bildirilib ki, Abşeron rayon prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq etmişdir.

Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcəkdir.