CO2 emissiyası stratosfer qatının kiçilməsinə səbəb olur


Digərləri 18 May 2021 22:35:00 142 0

CO2 emissiyası stratosfer qatının kiçilməsinə səbəb olur

Alimlərin hesablamalarına əsasən Yer kürəsinin atmosfer qatının qalınlığı 1980-ci illərlə müqayisədə 400 metr azalıb. Əgər CO2 emissiyasının miqdarını aşağı salmaq mümkün olmasa, 2080-ci ilə kimi atmosfer qatının qalınlığı 1 km azalacaq. Bu cür dəyişiklik isə öz növbəsində peyklərin, naviqasiya sistemlərinin və radioəlaqənin çalışmasında problemlər yarada bilər. Bu barədə The Guardian saytı xəbər verib. Stratosfer qatı Yer kürəsinin səthindən təqribi olaraq 20 km yüksəklikdə başlayır və onun qalınlığı 60 km-ə çatır.

Ondan aşağıda isə troposfer qatı yerləşir. Məhz bu qatın olduğu mühitdə insanlar yaşayırlar. Bu qatda CO2 həmçinin havanı isidir və genişləndirir. Bunun nəticəsində stratosferin aşağı sərhədi qalxmağa başlayır. Bununla yanaşı CO2 stratosferə daxil olan zaman o, stratosferi soyudur və onu kiçilməyə məcbur edir. Bu isə öz növbəsində peyklərin uçuş traektoriyalarına və onların Yer kürəsinin orbitində qalma müddətlərinə, radiodalğaların yayılmalarına və o cümlədən GPS ilə digər naviqasiya sistemlərinin işlərinə təsir göstərə bilər.

"Stratosfer qatının kiçilməsi fövqəladə iqlim vəziyyəti və antropogen faktorların planetə təsiri barəsində ciddi siqnaldır. Bu onu sübut edir ki, biz 60 km yüksəklikdə atmosferi çirkləndiririk" - deyə mütəxəssislərdən biri qeyd edib. Alimlər artıq aşkar ediblər ki, troposfer yüksəkliyi CO2 emissiyası ilə pararlel şəkildə artır. Onlar güman edirdilər ki, bu, stratosferin kiçilməsinə səbəb olur. Lakin alimlər məhz indi sübutlar əldə ediblər ki, bu proses 1980-ci illərdən başlayıb. Əvvəllər düşünülürdü ki, stratosferin kiçilməsinə səbəb ozon qatındakı dəliklərdir. Lakin alimlər aşkar ediblər ki, real səbəb məhz CO2 emissiyasıdır.