Azərbaycanlı yazıçı bu fikirlərinə görə tənqid olundu


Şou-biznes 18 May 2021 14:28:00 108 0

Azərbaycanlı yazıçı bu fikirlərinə görə tənqid olundu

Norveçdə yaşayan yazıçı Günel Mövlud Azərbaycan dili ilə bağlı fikirlərinə görə sosial şəbəkələrdə tənqid olunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, G.Mövlud paylaşım edərək bildirib ki, ona uşaqlarının niyə Azərbaycan dilində danışmaması haqda suallar verirlər: "İnsan həyatda nə qədər bekar olmalı, nə qədər bədbəxt və uğursuz olmalıdır ki, onu kiminsə uşağının hansı dildə danışması narahat etsin.

Azərbaycan dilindəki cizgi filmləri, uşaq verilişləri mənim uşaqlarımın intellektinə, aldığı pasifist tərbiyəyə, yaşadığı ölkənin dəyərlərinə, pedoqoji sisteminə uyğun deyil.

Oğlumun yeddi yaşı var. Norveç, ingilis və rus dillərində sərbəst danışır, Azərbaycancanı isə öyrənir. Norveç dilini bağçada, ingilis dilini məktəbdə, rus dilini isə cizgi filmlərindən öyrənib. Bizsə evdə Azərbaycan dilində danışırıq. Azərbaycancanı başa düşür, maraqlanıb, öyrənir, amma ünsiyyət dili ruscadır.

Uşaq bütün bədii informasiyanı rusdilli cizgi filmlərindən, uşaq kontentindən alır. Rus dili ona Yer kürəsi, Kosmos, bitkilər, heyvanlar, insanlıq barədə vacib və geniş məlumat almağa kömək edib. Məntiqini, intellektini inkişaf etdirib. Uşaq bizə hansı dildə müraciət edirsə, o dildə də cavab veririk. Qoy dilləri inkişaf etsin.

Siz gedin, uşaqlarını qapazlayan, Azərbaycan dilində söyüş öyrədən, qeybətlərinə ortaq edən, uşaq vaxtından nifrətə, intriqaya kökləyən, xəbərçiliyə alışdıran, insanlara inamsızlıq və kin aşılayan valideynləri hədəf alın.

Uşağın əlinə avtomat verib, insan öldürməyi, əlinə daş verib, iti-pişiyi daşlamağı öyrədən, ancaq dağıtmaq, uçurmaq, yıxmaq, vurmaq kimi zorakılığı təlqin edən, gələcəyin alimi, sənət adamı, xoşbəxt, tam insan yerinə potensial qatil, kriminal yetişdirən adamlarla hesab çəkin".

G.Mövludun bu fikirlərindən sonra ictimai müzakirələrdə onu dilimizi aşağılamaqda ittiham edərək tənqid ediblər.