Ermənistandakı vəziyyəti Azərbaycan diqtə edir


Siyasət 18 May 2021 12:55:00 109 0

Ermənistandakı vəziyyəti Azərbaycan diqtə edir

Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlik Rusiya mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Rusiya xarici işlər naziri Sergey Lavrovun erməniləri qınaması bəyanatının ardlınca sərhəddə baş verən insident ciddi şəkildə analiz edilir. Xatırladaq ki, rusiyalı nazir erməni tərəfini sərhəddə süni ajiotaj yaratmaqda günahlandırıb.

Bu fonda Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazır ki, sərhəddəki vəziyyət bir çox beynəlxalq oyunçuların müzakirə predmetinə çevrilib. Yerevanın ümidsiz formada dərhal Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üz tutduğunu bildirən müəllif yazır ki, erməni tərəfi iddia edir ki, Azərbaycan əsgərləri suveren Ermənistan ərazisinə daxil olub. Müəllif dərhal da rəsmi Bakının bu iddianı rədd etdiyini qeyd edib. Bildirilir ki, hər hansı bir müdaxilə olmayıb və söhbət yalnız sırf texniki məsələdən gedir. Müəllif Azərbaycan ərazisi kimi xəritələdə əks olunan Qaragöllə bağlı erməni tərəfinin səs-küy qaldırdığını, hətta KTMT-yə daxil olan ölkələrə kömək üçün müraciət etdiyini vurğulayıb.

Rusiya nəşri erməni ərazisinə hər hansı bir müdaxilə baş vermədiyini, sərhəddəki vəziyyəti isə texniki məsələ olduğunu, erməni tərəfinin bunu şişirdib təxribat yaratmaq, Azərbaycana qarşı çirkin təbliğat yaratmaq niyyəti ilə izah edib. Məsələ ilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbərinin bəyanatı da əks olunub. Qəzetə açıqlamasında deputat Rasim Musabəyov isə bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan orada sərhəd postları qurur. Artıq 20-yə yaxın stasionar zastava və hərbi hissə yaradılıb. Onun sözlərinə görə, bu mübahisədə yeganə arqument sovet xəritələri olmalıdır, xarici himayədarlara yönəlik gurultulu bəyanatlar yox. Əlavə edib ki, sərhədlərin demarkasiya və delimitasiyası uzun illər çəkə bilər.

Erməni politloloq Aleksandr İsgəndəryan isə qəzetə açıqlamasında bu məsələdə Moskvanı ittiham edib. Bildirib ki, Kreml azərbaycanlıların Qaragöldən getməsi üçün bütün imkanları işə salmır. Bu səbəbdən də belə insdentlər davam edəcək. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın daxili gündəmini diqtə edir və bu münaqişəyə olan paradiqmanı dəyişir. "Biz artıq çoxdan Qarabağı müdafiə etmirik. Məhz bu da Azərbaycanın əsas siyasi hədəfidir, - deyə politoloq vurğulayıb.

Başqa bir Rusiya nəşri "RBK" də yaşanan gərginlikdən bəhs edib. Rusiyanın tərəflər arasında vasitəçi qismində çıxış etməyə çalışdığı vurğulanır. Artıq bununla bağlı razılıq əldə olunduğu bildirilsə də, təfərrüatlar açıqlanmır. Rusiyalı ekspert Stanislav Pritçin hesab edir ki, baş verənlər birbaşa Ermənistanda gələn ay keçiriləcək seçkilərlə bağlıdır. "Aydındır ki, istənilən anlaşma Paşinyanın opponentləri tərəfindən ona qarşı arqument kimi istifadə oluna bilər", - deyə fikrini tamamlayıb.

"Rosbalt" isə 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü durumla bağlı ekspertlərin fikrini öyrənməyə çalışıb. Siyasi texnologiyalar Fondunun birinci vitse-prezidenti Aleksey Makarkin hesab edir ki, əgər iki ölkə arasında müharibə baş verərsə, Moskvanın mövqeyi 2020-ci ildəki kimi olmayacaq. Əlavə edir ki, artıq Rusiya üçün postsovet məkanında münaqişələri idarə etmək getikcə çətinləşir. Məsələn, artıq Azərbaycan güc revanşını necə həyata keçirmək üzrə presedent yaradıb.

Azər NURİYEV Son.az