Şimali Afrika və Körfəz ölkələri pandemiyanın iqtisadiyyata təsirini azaltmağa çalışır


Dünya 17 May 2021 20:10:00 148 0

Şimali Afrika və Körfəz ölkələri pandemiyanın iqtisadiyyata təsirini azaltmağa çalışır

COVID-19 pandemiyasının sosial-iqtisadi vəziyyətə mənfi təsirini azaltmağa çalışan Şimali Afrika və Körfəzin ərəb ölkələrində Ramazan ayında virusa yoluxma hallarının artması müşahidə olunub. Bununla belə, bu ölkələrin hökumətləri iqtisadi böhrandan çıxmaq, xüsusən əsas gəlir mənbəyi olan turizm sektorunun fəaliyyətini bərpa etmək məqsədilə tədbirlər görür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada 1321 yoluxma faktının qeydə alındığı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkəyə turistlərin cəlb edilməsi məqsədilə Avropa və Asiya dövlətləri ilə danışıqlar aparır. Bu gün Dubayda keçiriləcək "Arabian Travel Market 2021" virtual tədbirində də Körfəz ölkələrində turizm sektorunun vəziyyəti və perspektivləri müzakirə ediləcək.

Misir hökuməti də pandemiyanın sosial-iqtisadi fəsadlarını aradan qaldırmağa çalışır. Bu ölkədə də Ramazan ayında COVID-19-a yoluxma və ölüm halları kəsin artıb. Təkcə son sutkada Misirdə 1293 yoluxma, 63 ölüm faktı qeydə alınıb. Bu vəziyyətə baxmayaraq, hökumət ümumi daxili məhsulun əhəmiyyətli hissəsini təşkil edən və pandemiyadan əvvəl 15 milyard dollar gəlir gətirən turizm sektorunu bərpa etmək niyyətindədir. Türkiyə, Yunanıstan və İspaniyanın məşhur kurortları ilə rəqabət şəraitində Misirin əsas arqumenti qiymətlərin nisbətən ucuz olmasıdır. Artıq ölkənin Şarm əl-Şeyx və Hurqada kurortları Ukrayna və Belarusdan turistləri qəbul edir, yaxın günlərdə Rusiyadan da çarter aviareyslərinin bərpa olunacağı gözlənilir.

Pandemiya ilə bağlı vəziyyətin nisbətən yaxşı olduğu (son sutkada 927 yoluxma, 12 ölüm faktı) Səudiyyə Ərəbistanı sərt məhdudiyyətlər çərçivəsində Ümrə ziyarətini başa vura bilib. Krallıqda qarşıdakı Həcc ziyarətinə hazırlıq görülür, genişmiqyaslı vaksinasiya kampaniyası aparılır. Bütün bunlara baxmayaraq, Səudiyyə Ərəbistanı Həcc ziyarətini pandemiyadan öncəki səviyyədə keçirə bilməyəcək. Mayın 17-dən beynəlxalq uçuşların bərpa ediləcəyi (20 ölkə istisna olmaqla) krallıqda epidemiya ilə bağlı vəziyyətin yenidən pisləşəcəyindən ehtiyat edilir.

Şimali Afrikanın daha bir ərəb ölkəsi olan Tunisdə pandemiyanın sosial-iqtisadi nəticələri daha çox hiss edilir. Rəsmi TAP agentliyinin məlumatına görə, cari ilin birinci rübündə bu ölkədə ümumi daxili məhsul 3 faizdən çox azalıb. COVID-19-a yoluxma və ölüm halları isə artmaqda davam edir. Belə ki, son sutkada 52 tunisli yeni növ koronavirusdan həyatını itirib. Tunisin iqtisadi gəlirlərinin mühüm hissəsini təşkil edən turizm sektorunun fəaliyyətinin bərpası da mümkün görünmür. Sosial gərginlik fonunda iğtişaşlar da artmaqdadır. Tunis hökumətinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sərfəli kreditlərin ayrılması üzrə apardığı danışıqlar davam edir.