Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb


Dünya 14 May 2021 10:29:00 146 0

Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb

Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu petisiyanın yerləşdirildiyi change.org onlayn platformasında əks olunan məlumatlar təsdiq edir.

"Cəmi bir həftə ərzində belə çox tərəfdarın toplanması məni hədsiz dərəcədə ruhlandırır. Bu mövzu həm Yaponiyada, həm də xaricdə böyük rezonans yaradıb. Biz Oyunların təşkili təxirə salınana qədər fəaliyyətimizi davam etdirəcəyik", - deyə K.Utsunomiya mayın 14-də Tokioda keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, K.Utsunomiya 3 dəfə Tokionun qubernatoru seçkilərinə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib.

Xatırladaq ki, mayın 5-də internetdə yerləşdirilən petisiyada indiki koronavirus pandemiyası şəraitində Olimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq Olimpiya Komitəsinə, Yaponiya hökumətinə və Tokio Olimpiadasının təşkilat komitəsinə ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.